AMİP-in yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi – FOTOLAR
4 iyul 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının təşkilatçılığı ilə partiyanın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə partiyanın qurucuları, rəhbər orqanlarının üzvləri, rayon təşkilatlarının sədrləri, partiya fəalları və gənclər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin giriş nitqini AMİP-in gənc fəalı Seyranə Quliyeva söylədi. O, Azərbaycan Milli İstiqlal Partiyasının yaranma tarixindən, müstəqillik uğrunda apardığı siyasi mübarizədən və ölkənin çoxpartiyalı siyasi sisteminin formalaşmasındakı tarixi rolundan ətraflı bəhs etdi. Bildirdi ki, partiyanın yaradılması ideyası hələ 1991-ci ildə “Millət” qəzetinin sınaq nömrəsində dərc edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının ilkin layihəsinin müəllifləri olan Etibar Məmmədov və Fuad Ağayevin və partiya qurucularının fəaliyyəti ilə bağlıdır. Qeyd olundu ki, 1992-ci il 3–4 iyul tarixlərində AMİP-in I Qurultayının keçirilməsi Azərbaycanda 70 ildən sonra çoxpartiyalı siyasi sistemin əsasının qoyulması baxımından mühüm tarixi hadisə olmuş, partiya isə 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyində 1 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır.
Çıxış zamanı AMİP-in fəxri lideri Etibar Məmmədovun Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması və möhkəmləndirilməsi istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlərdən də geniş bəhs edildi.
Daha sonra gənc fəallar Şərəf Abbasova, Azərin Rəhimova və Nuray Qafarlı çıxış edərək partiyanın keçdiyi şərəfli yola, bu gün həyata keçirdiyi fəaliyyətə və gələcək inkişaf perspektivlərinə dair fikirlərini bölüşdülər. Çıxışlarda vurğulandı ki, Azərbaycan Milli İstiqlal Partiyası ölkənin siyasi həyatında özünəməxsus yer tutur və gələcək dövrdə də fəaliyyətini daha da genişləndirərək dövlətçilik prinsiplərinə xidmət etməyə davam edəcək.
Tədbirdə çıxış edən AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə partiyanın 34 illik yubiley tədbirinin məhz gənclərin təşəbbüsü və təqdimatı ilə keçirilməsini yüksək qiymətləndirdi. O bildirdi ki, gənclərin müxtəlif layihələr və ictimai-siyasi təşəbbüslərlə çıxış etməsi onların siyasi fəallığının artmasının göstəricisidir və partiya rəhbərliyi bundan sonra da gənclərin təşəbbüslərini hər zaman dəstəkləyəcək.
Tədbir çərçivəsində yubiley yaşı qeyd olunan partiya üzvlərinə təbriknamələr təqdim olundu. İmişli Rayon Təşkilatının sədri Tapdıq Həsənov, Ali Məclisin üzvü Aydın İsmayılov, Siyasi Şuranın üzvü Təbriz Musayev, eləcə də gənc fəallar Seyranə Quliyeva və Azərin Rəhimova yubiley münasibətilə təbrik edildilər.
Veteran istiqlalçılar Vidadi Bəşirov və Oktay Sadıqov çıxış edərək gənclərə uğurlar arzuladılar, onların partiyanın gələcək fəaliyyətində fəal rol oynayacaqlarına inandıqlarını ifadə etdilər.
Tədbirin yekununda çıxış edən AMİP-in fəxri lideri Etibar Məmmədov bütün istiqlalçıları partiyanın yaranmasının 34-cü ildönümü münasibətilə təbrik etdi. O, partiyanın yaranma zərurətindən, Azərbaycan Xalq Azadlıq Hərəkatından, dövlət müstəqilliyinin bərpası uğrunda aparılan mübarizədən və ölkənin həmin dövrdə keçdiyi mürəkkəb tarixi mərhələdən bəhs etdi. Bildirdi ki, Azərbaycan Milli İstiqlal Partiyası müstəqilliyin əldə olunması uğrunda ardıcıl mübarizə aparmış, müstəqillik bərpa olunduqdan sonra isə onun möhkəmləndirilməsi istiqamətində mühüm siyasi fəaliyyət göstərmişdir. Bu gün də həmin missiya davam edir və partiyanın gənc üzvləri veteran istiqlalçıların təcrübəsindən faydalanaraq həm partiyanı, həm də Azərbaycan dövlətini layiqincə təmsil edəcəklərinə inandığını vurğuladı.
Sonda AMİP Gənclər Təşkilatının sədri Ayxan Etibaroğlu çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirdi. O qeyd etdi ki, Gənclər Təşkilatı bundan sonra da daha genişmiqyaslı layihələr və ictimai-siyasi təşəbbüslərlə çıxış edəcək. Ayxan Etibaroğlu tədbir iştirakçılarına və bütün istiqlalçılara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatdı.









