9 yaşlı gəlin, yarımçıq qalan uşaqlıq: İran və Əfqanıstanın QORXUNC ÜZÜ
Günümüzün aktual mövzularından biri erkən nikah və bunun yaratdığı fəsadlarla bağlıdır. Lakin bir sıra ölkələrdə azyaşlı qız uşaqlarının ərə verilməsi cəmiyyət tərəfindən adi hal kimi qəbul olunur. Bu ölkələrə İran, Əfqanıstan, ərəb ölkələrini misal çəkmək olar.
Əfqanıstanda Talibanın 2021-ci ildə hakimiyyətə qayıdışından sonra qızların təhsili qadağan edilib və uşaq nikahları kəskin artıb. Yeni fərmanlar bu nikahları dolayısı ilə qanuniləşdirir.
Rəsmi statistikaya görə, İranda hər il minlərlə qız 15 yaşından tez ailə həyatı qurur. Qanunvericiliyə görə, qızlar 13 yaşında evlənə bilər. Atanın və məhkəmənin icazəsi ilə bu yaş daha da aşağı (məsələn, 9-10 yaş) ola bilər.
Həmçinin Yəmən, Sudan, Suriya, Tunis və bir sıra ərəb ölkələrində qızların tez evləndirilməsi halları yaşanır.
Erkən nikahın qarşısını almaq üçün beynəlxalq təşkilatlar İran, Əfqanıstan və ərəb ölkələrində zərərçəkmiş qızlara dəstək olmaq üçün kompleks humanitar proqramlar və strateji həll yolları tətbiq edirlər. Bu fəaliyyətlər əsasən UNICEF, UNFPA (BMT-nin Əhali Fondu) və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) tərəfindən idarə olunur. O cümlədən, erkən nikaha məruz qalmış və ya təhlükə altında olan qızların reabilitasiyası üçün humanitar missiyalar həyata keçirilir. Eyni zamanda təşkilatlar ailələrə qız övladlarını məktəbdə saxlamaları və ya erkən ərə verməmələri şərti ilə aylıq maliyyə yardımı və ya ərzaq paketləri verirlər. Bu cür addımların atılmasına baxmayaraq, hələ də sözügedən ölkələrdə erkən nikah öz aktuallığını qoruyur.
Bəs görəsən, daha effektiv nəticə əldə etmək üçün dünyada erkən nikahın qarşısını necə almaq olar? Erkən nikah uşaqların psixologiyasına necə təsir edir?
Arzuxan Əlizadə: Bəzi cəmiyyətlərdə azyaşlı qızların nikaha cəlb olunması adət-ənənə adı altında normallaşdırılır
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, erkən nikah bu gün dünyanın bir çox ölkələrində aktual olaraq qalan, cəmiyyətin gələcəyinə və xüsusilə də uşaqların hüquqlarına birbaşa təsir göstərən ciddi sosial problemlərdən biridir.
Onun sözlərinə görə, təəssüf ki, bəzi cəmiyyətlərdə azyaşlı qızların nikaha cəlb olunması adət-ənənə adı altında normallaşdırılır. İran, Əfqanıstan və bir sıra digər ölkələrdə müşahidə olunan bu yanaşma uşaqların təhsil, sağlamlıq, şəxsi inkişaf və sərbəst seçim hüquqlarının məhdudlaşmasına gətirib çıxara bilər”.
Deputat vurğulayıb ki, heç bir adət-ənənə uşağın hüquqlarının pozulmasına, onun gələcəyinin əlindən alınmasına bəraət qazandıra bilməz.
“Uşağın taleyi ilə bağlı qərarlar onun fiziki və psixoloji yetkinliyi, hüquqları və qanuni mənafeləri nəzərə alınmadan verilə bilməz”, – Arzuxan Əlizadə qeyd edib.