AMİP-30

Ombudsman postuna 3 namizəd: Arzuxan Əlizadə də mövqeyini açıqladı

Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. İclasda Ombudsman vəzifəsinə təqdim edilmiş üç namizədin namizədliyi müzakirə olunub.

İclası açan komitə sədri Zahid Oruc Azərbaycan Respublikasının Prezidentinin imzası ilə Milli Məclisə Ombudsman vəzifəsinə üç namizədin təqdim edildiyini bildirib.

Namizədlər hazırkı Ombudsman, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevadır.

İclasda çıxış edən Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə və komitənin digər üzvləri müzakirə olunan məsələ ilə bağlı fikirlərini bölüşərək namizədlərə münasibətlərini bildiriblər.

Müzakirələr zamanı Ombudsman təsisatının ölkədə insan hüquq və azadlıqlarının qorunmasında mühüm rolu vurğulanıb. Namizədlərin hüquq sahəsindəki peşəkar təcrübəsi və fəaliyyətləri diqqətə çatdırılıb.

Komitə sədri Zahid Oruc çıxışında Ombudsman təsisatının formalaşma və inkişaf tarixindən, indiyədək insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən və beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlərdən danışıb.

Ombudsman vəzifəsinə namizədliyi irəli sürülmüş şəxslər də iclasda çıxış edərək göstərilən etimada görə Prezidentə təşəkkürlərini bildiriblər.

Müzakirələrin yekununda Ombudsman vəzifəsinə namizədlərin seçilməsi məsələsinin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.

Qeyd edək ki, iclasda komitə üzvləri, Milli Məclis Aparatının nümayəndələri və digər rəsmi şəxslər də iştirak ediblər.