AMİP-30

Generalın İslamabad səfərinin pərdəarxası

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev və Pakistan Quru Qoşunlarının komandanı Asim Munir hərbi əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüş İslamabadda, K.Vəliyevin Pakistana rəsmi səfəri çərçivəsində baş tutub. Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kərim Vəliyev bu ölkənin federal müdafiə naziri Asif Muhammed Xavaca ilə də görüşüb.

Xavaca hər iki ölkənin ordusunun döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, Azərbaycanla Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, zaman-zaman Azərbaycan, Türkiyə və Pakistan arasında yeni hərbi ittifaqın yaran biləcəyi haqda danışılır. 44 günlük müharibə dünyaya əslində yeni siyasi-hərbi alyansın qurulduğunu göstərdi. Türkiyə və Pakistan böyük hərbi gücə, Azərbaycan isə regionda cox mühüm strateji ərazidə yerləşən, zəngin karbohidrogen ehtiyatlarına malik dövlətlərdir. Bəzi ekspertlər hesab edir ki, milli təhlükəsizliklərini qorumaq məqsədilə bayrağında aypara olan bu dövlətlər arasında hərbi sahədə müttəfiqliyin rəsmiləşdirilməsinin zamanı yetişib. Türkiyə NATO-da, Azərbaycan və Pakistan Qoşulmama Hərəkatında qalmaq şərti ilə hərbi müqavilələr imzalaya bilər. Eyni zamanda Türkiyə NATO-nun hərbi cəhətdən ikinci böyük dövləti kimi, Pakistan isə regionun nüvə ölkəsi kimi tanındığından bu ölkələrin və Azərbaycanın hərbi müttəfiqliyi Avrasiya regionunda təhlükəsizliyə xidmət edə bilər…

Xankəndidə Sürixdəki qədər əhali var” yalanı

 Rəşad Bayramov 

Politoloq Rəşad Bayramov bildirdi ki, dünyada cərəyan edən proseslər, mövcud hərbi-siyasi gərginlik təbii olaraq dövlətlərarası siyasi və strateji əməkdaşlıq məsələlərini ön plana çıxarır: “Güc mərkəzlərinin kəskin rəqabəti, həmçinin güclənən geosiyasi mübarizə dövlətlər qarşısında daha səmərəli və etibarlı işbirliyi formalaşdırmaq zərurəti yaradır. Bu baxımdan Azərbaycan-Türkiyə-Pakistan geosiyasi üçbucağında siyasi və hərbi-strateji əməkdaşlığın dərinləşməsi daha vacib hal almağa başlayır.

Bu istiqamətdə indiyə qədər bir sıra vacib addımların atıldığının şahidiyik. 2021-ci il iyul ayının 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsinin imzalanması şübhəsiz ki, olduqca mühüm əhəmiyyətə malik idi və üç ölkə arasında çoxşaxəli münasibətlərin yeni mərhələdə daha da möhkəmləndirilməsi üçün geniş perspektivlər açdı. Bunun ardınca Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Üç qardaş – 2021″ beynəlxalq təlimin keçirilməsi də ümumi təhdidlərə qarşı birgə mübarizənin təşkilinə hazırlıq baxımından mühüm addım oldu. Azərbaycan hərbçilərinin Türkiyədə və Pakistanda keçirilən hərbi paradlarda iştirakı isə ölkələr arasında münasibətlərdə əlamətdar hadisə kimi tarixə düşdü.

Baş Qərargah rəisi Kərim Vəliyevin Pakistanda keçirdiyi görüşlər də mövcud münasibətlərin və əlaqələrin daha da dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Məlumdur ki, bu görüşlərdə Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi ilə yanaşı Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi və üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Pakistanın həm Türkiyə, həm də Azərbaycanla dostluq və qardaşlıq münasibətlərində olması, 44 günlük Vətən müharibəsində Türkiyə ilə yanaşı Pakistanın da birmənalı şəkildə Azərbaycanı dəstəkləməsi üç ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsində hər hansı bir problemin olmadığını göstərir. Nəzərə alaq ki, rəsmi İslamabad bu gün də Azərbaycanın beynəlxalq səviyyədə dəstəklənməsində xüsusi və təmənnasız rol oynamaqda davam edir.

Üçtərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə isə qeyd edim ki, Pakistanın hərbi-sənaye kompleksi dünyada xüsusi nüfuza malikdir. Bu ölkədə istensal olunan yüksək keyfiyyətli müasir silah sistemləri Azərbaycan Ordusunun silahlandırılmasında önəmli rol oynaya bilər. Türkiyənin NATO-nun hərbi cəhətdən ikinci böyük dövləti olduğunu, Pakistanın isə regionun nüvə ölkəsi olmasını nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın bu sahədə iki böyük hərbi müttəfiqə malik olması təkcə ölkəmizin deyil, həm də ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyinə xidmət edə bilər.

Haqqında danışdığımız ittifaqın digər ən önəmli cəhətlərindən biri də bu formatın Avropa və Asiya arasındakı tranzit region üzərində olması ilə bağlıdır. Buraya yeni dövlətlərin, xüsusilə də Asiyanın türkdilli dövlətlərinin qatılma perspektivlərini də əlavə etsək deyə bilərik ki, Azərbaycan-Türkiyə-Pakistan ittifaqı Avropa və Asiyanın qovşağında yeni və güclü hərbi-siyasi mərkəzin yaranmasını təmin edə bilər”.

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

 Emin Həsənli

Hərbi ekspert Emin Həsənli bildirdi ki, Kərim Vəliyevin səfəri həm Azərbaycan-Pakistan, həm də Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri baxımından çox önəmlidir: “Bilirsiniz ki, Türkiyədən sonra bizə ən böyük dəstəyi Pakistan verib. Bunu heç zaman yaddan çıxarmırıq. Azərbaycan da Pakistanın haqq işinə dəstək verir. Cənab Prezident bu yaxınlarda Şuşada bir çox mühüm açıqlamalar verdi. Onlardan biri də ondan ibarət idi ki, bəzi postsovet ölkələri Ukrayna, Gürcüstan NATO-ya üzv olmaq istəyirdilər, amma böyük problemlər yaşadılar. Cənab Prezident NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyə ilə yaxından əməkdaşlıq edilməsinin vacib məqamlarına da toxundu. Eyni zamanda Ali Baş Komandan ordumuzun türk modelinə keçməsini də vurğuladı və bunun ordumuzu daha da gücləndirdiyini qeyd etdi. Həm Azərbaycanın, həm də Pakistanın NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyə ilə əməkdaşlığı, yeni müasir silahların birgə istehsalı olduqca önəmlidir. Son zamanlar qardaş Türkiyə hərbi sənaye potensialını daha da gücləndirib. Rəcəb Tayyib Ərdoğanın öndərliyində ordunun 80 faizi silah-sursatla təmin olunub. Bu da olduqca böyük uğurdur. Qarşıya hədəf qoyulub ki, bu rəqəm 90 faizə çatsın. Azərbaycan qardaş ölkəsi ilə birlikdə yeni müasir silahların hazırlanması, xüsusilə Türkiyədən müasir silahların alınması baxımından mühüm işlər görür, bunu eyni zamanda Pakistanla birlikdə də edir. Bu da sülhün daha möhkəmlənməsinə bir təminatdır. Azərbaycan, Türkiyə və Pakistanın müstəqilliyi, suverenliyi, regionda və dünyada müstəqil siyasət aparmaq baxımından da çox önəmlidir. Hər bir ölkə üçün onun ordusu həddindən artıq vacibdir. Həmçinin qardaş, müttəfiq ölkələrlə əlaqələr hərtərəfli dərinləşəcək, hərbi, siyasi və iqtisadi əlaqələr daha da artacaq. Hərbi ali məktəblərin daha da modernləşdirilməsi, kadrların hazırlanması, birgə kadrların hazırlanması, birgə təlimlərin keçirilməsi, gələcəkdəki Turan ordusunun yaranması ideyası baxımından da bu əlaqələrin önəmi misilsizdir. Əminəm ki, gələcəkdə də bu əməkdaşlıq yüksələn xətt üzrə davam edəcək”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”