AMİP-30
Rəşad Aydın oğlu Bayramov

Ermənilərin Laçın yoluna yürüş təxribatı: “Sərhədi pozsalar, yerindəcə…”

“Hazırda sərhədə yürüş edən hərbçilərin təxribat törətməsi məsələsində bir neçə maraqlı tərəf var. Maraqlı tərəflərdən biri Ermənistan, o biri separatçı, digəri isə Rusiyadır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Analitik Qarabağ müharibəsində iştirak etmiş ermənilərin Azərbaycanla sərhəddə yerləşən Kornidzor qəsəbəsinə gələrək sərhədin zor gücünə açılacağı ilə bağlı verdikləri bəyanatları şərh edib.

Xatırladaq ki, ötən gün bir qrup erməni hərbçi İrəvanın mərkəzində yolun zor gücü ilə açılması üçün aksiya təşkil edib.

R. Bayramov əlavə edib ki, separatçı rejim və Ermənistan bu cür aksiyalar keçirməklə dünyanın diqqətini ona yönəltməyə çalışır ki, guya Azərbaycan tərəfi orada yaşayan erməniləri aclığa, səfalətə məcbur edir:

“Rusiya isə münasibətlərin daha da gərginləşməsi baxımından bu cür aksiyalara bəzi hallarda seyrçi qalır, bəzi hallarda isə kənardan dəstək vermiş olur.

Söhbət ondan gedir ki, bu gün maraqlı tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını istəmirlər və ayrı-ayrı ölkələrin, beynəlxalq qurumların bu məsələdə erməni dəyirmanına su tökməsi, ermənilərin hər sözünü aksioma kimi qəbul edib bununla bağlı bəyanatlar, qətnamələr qəbul etməsi də onu göstərir ki, ayrı-ayrı beynəlxalq dairələrdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyən qüvvələr mövcuddur. Bunların hər birinin maraqları var”.

Onun sözlərinə görə, bu ölkələrin bir qismi münasibətlərin gərgin olmasında ona görə maraqlıdır ki, – məsələn, Fransa kimi ölkələr özünün sülhməramlı missiyası ilə regionda iştirak etsin:

“Rusiya ona görə maraqlıdır ki, münasibətlərin gərginliyi ona bundan sonra da regionda qalmaq imkanı verir və münasibətlər normallaşmayıb və müharibə hər an alovlana bilər deyə buradakı mandatını uzatmağa cəhd edib. Eləcə də digər ayrı-ayrı maraqlı qüvvələrin regionda öz maraqları var ki, bunu da Ermənistan üzərindən həyata keçirməyə çalışırlar.

Çünki Azərbaycana böyük ölçüdə təzyiq imkanları olmadığı üçün məhz Ermənistan vasitəsilə bu təzyiqi edirlər. Ermənistan da ayrı-ayrı maraqları təmin etmək üçün bu cür təxribatlara göz yumur, bəzi hallarda isə onun təşkilatçısı qismində çıxış edir”.

Müsahibimiz xatırladıb ki, 2 il öncə Rusiya Donetsk və Luqanska humanitar maşın karvanı göndərmək istəyəndə ABŞ, BMT, Avropa İttifaqı dərhal qətnamə qəbul etdi ki, bunlar Ukrayna ilə razılaşdırılmayıb və oraya humanitar yardımın daşınması Ukraynanın ərazi bütövlüyünə təhdiddir:

“İndi də eyni şeylər baş verir, Azərbaycanla razılaşdırılmadan ermənilər guya Qarabağda fəlakətin qarşısını almaq üçün onlara yardım aparması adı ilə çıxış edirlər. Lakin bu dəfə həmin beynəlxalq təşkilatlar 2 il bundan qabaq Ukraynaya göstərdikləri münasibəti Azərbaycana qarşı göstərmirlər. Əksinə, o mövqedən çıxış edirlər ki, həmin mövqe Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birbaşa təhdid mövqeyidir”.

“Bu baxımdan, bu mövqe heç cür qəbul olunmayacaq. Təbii ki, biz Ermənistanın öz ərazilərində kimin nə etməsinin bizim üçün əhəmiyyəti yoxdur. Amma sərhəd beynəlxalq sərhəddir və oradan keçəcək qeyri-qanuni vətəndaş, yaxud yükün qarşısı qəti şəkildə alınmalıdır. Əgər onlar yolu keçməyə cəhd etsələr, bu, birbaşa sərhəd pozuntusu kimi qəbul olunmalı və sərhəd pozuntuları ilə bağlı müvafiq addımlar atılmalı və onlar yerindəcə məhv edilməlidir”, – o, fikirlərini tamamlayıb.

yenisabah.az