AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Rəisinin bu açıqlaması qatara gecikən sərnişinin biletini nümayiş etdirməsinə bənzəyir”

İran regionda (Cənubi Qafqazda) geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır. Bunu İran İslam Respublikasının  prezidenti İbrahim Rəisi BMT Baş Assambleyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan ordusunun son antiterror tədbirlərini şərh edərkən deyib.

“İslam Respublikası dəfələrlə bəyan edib ki, gərginlik və münaqişə regionun problemlərinin həlli yolu deyil. Bu məsələləri region ölkələri, o cümlədən İran həll edə bilər”, – İran başçısı bildirib.

Onun sözlərinə görə, İran Ermənistan və Azərbaycana açıq şəkildə bildirib ki, regionda geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır: “İki ölkə İranın mövqeyinə zidd ola biləcək heç bir addım atmayacaqlarına dair zəmanət verib”.

Görünən odur ki, İranın regionda geosiyasi vəziyyətin dəyişəcəyi ilə bağlı yersiz narahatlıqları bitmək bilmir. İran hər vasitə ilə gərginlik ovqatını yaratmağa çalışır.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, İranın siyasi rəhbərliyinin Azərbaycana yönəlmiş məkrli ritorikası bizim üçün yenilik deyil: “İbrahim Rəisinin bu açıqlaması qatara gecikən sərnişinin biletini nümayiş etdirməsinə bənzəyir. Azərbaycan bir gün ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri çərçivəsində regionun təhlükəsizliyinə hansı təhdidi yaradıb? Mətbuat konfransında bu sual İbrahim Rəisiyə verilsəydi, yəqin ki, İran prezidenti yeni iftiralar uydurardı. Azərbaycan dövləti cəmi bir sutka ərzində öz Konstitusiya quruluşunu bərpa etdi. Azərbaycanın güc strukturlarının Müzəffər Ordusunun birgə fəaliyyəti nəticəsində 10 noyabr bəyannaməsinin 4-cü bəndinin yerinə yetirilməsini uğurlua başa çatdırdı. Antiterror tədbirləri nəticəsində silahlı qruplar ləğv edildi. Bu əməliyyatı həyata keçirərkən şəhidlər verdik. Şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz ruhu qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Bizlərə bu qürurlu günləri yaşadan Ali Baş Komandan Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm. Belə bir deyim var: “Qələbənin yaraları tez sağalır”. Azərbaycan xalqı qarşıdakı sınaqlardan da üzüağ çıxacaq. Əslində bu proses 2020-ci ildə 44 günlük savaşın ilk günlərində ermənilər tərəfindən icra olunmalıydı. Son üç ildə Qarabağda separatçı ermənilərin silahlı davranışları, ərazilərimizə mina basdırmaları, dinc insanlarımızı təhdid etmələri Azərbaycanı bu addımları atmağa vadar etdi. Bu addımları Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq həyata keçirdi. Nədənsə, İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının mətbuat konfransında açıqlama verə bilir, ancaq BMT nizammaməsinin 51-ci maddəsini qarşısına qoyub oxumaq istəmir. Azərbaycanın haqlı davasında məkrli dövlətlərin hansısa fikirlər söyləməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan növbəti uğuru ilə bir daha dünyaya sübut etdi  ki, Cənubi Qafqazın açar dövləti olaraq bu bölgənin təhlükəsizlik arxitekturası məhz bizim dövlətin iradəsi ilə bağlıdır. Növbəti addımlarımızdan biri 10 noyabr bəyannaməsində öz əksini tapan, indiyədək yerinə yetirilməyən Zəngəzur dəhlizinin açılmasıdır. Biz bu prosesi də uğurla başa çatdıracağıq. İran indidən buna görə narahat olmağa başlayıb. Ancaq əbəs yerə, kimin hansı mövqe sərgiləməsindən asılı olmayaraq,  Zəngəzur dəhlizi də mütləq açılacaq. Bu dəhliz sülh yoluna çevrilməklə bölgənin inkişafına xidmət edəcək.  Düzgün anlasalar, bu dəhliz İrana da faydalı olacaq”.

Vidadi ORDAHALLI

baki-xeber.com