AMİP-30
Rəşad Aydın oğlu Bayramov

ABŞ-Rusiya savaşı Qafqaza keçir: Qalib kim olacaq?

Son vaxtlar Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulmasında Qərblə Rusiya arasında rəqabət artır.

Xüsusən də son dövrlər Birləşmiş Ştatların nümayiş etdirdiyi fəallıq diqqəti cəlb edir. ABŞ rəsmilərinin Azərbaycan və Ermənistana artan səfərləri, Blinkenin telefon zəngləri, bu yöndə təmasların intensivləşdirilməsi buna əyani misaldır.

Qeyd edək ki, bu gün senator Qari Petersin başçılığı ilə ABŞ Konqresinin nümayində heyətə Ermənistana gəlib. 

ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatına görə, səfər çərçivəsində Konqresin nümayində heyəti Ermənistan Baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və digər rəsmi şəxslərlə görüşəcək. 

Tərəflərin ikitərəfli münasibətləri, həmçinin Qarabağdakı durumu, Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin nəticəsini müzakirə edəcəkləri gözlənilir. 

Bəzi ekspertlər hesab edirlər ki, artıq ABŞ Ermənistanla münasibətləri inkişaf etdirmək və bu ölkədə öz təsir imkanlarını artırmaq məsələsində ciddi addımlar atmaqda qərarlıdır. 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, ABŞ Cənubi Qafqazda öz geostrateji mövqeyini möhkəmləndirmək üçün müxtəlif yollar axtarır: 

“Ermənistanın Rusiyadan daha çox asılı olduğunu bilən ABŞ uzun müddətdir ki, bu ölkədə öz maraqlarına xidmət edən hakimiyyətinin formalaşmasına çalışıb.

Nəticə etibarı ilə Nikol Paşinyan və onun komandası hakimiyyətə gətirilib. Heç kəsə sirr deyil ki, Paşinyanın hakimiyyətə gətirilməsində amerikalı iş adamı Corc Soros tərəfindən yaradılan Soros Açıq Cəmiyyət Fondu başqa olmaqla, ABŞ-ın ayrı-ayrı institutları, o cümlədən ABŞ-ın Ermənistandakı səfirliyi çox mühüm rol oynayıblar.

Bildirim ki, ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi məhz Ermənistanda yerləşir. Yəni ABŞ uzun illər ərzində Ermənistanda təsir imkanlarını artırmaq və bu ölkə vasitəsilə Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etməyə çalışıb.

Qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqada yeni geosiyasi vəziyyət yaranıb. Təbii ki, bu yeni vəziyyətdən Qərb dövlətləri, eləcə də ABŞ fəal şəkildə istifadə etməyə başladılar. Məhz Rusiyanın Ermənistana aktiv şəkildə dəstək göstərə bilməməsi səbəbindən hazırda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi hökm sürür. Bundan da ən çox Avropa ölkəri və ABŞ yararlanır. Baş verən proseslər bunu sübut edir.

Bu yaxınlarda ABŞ Senatında keçirilən dinləmələrdə Ermənistana dəstək vermək adı altında faktiki olaraq “Qarabağ kartın”dan maksimum şəkildə faydalanmağa çalışdılar. Hazırda senatda Azərbaycana qarşı sanksiyaların tətbiqi və Ermənistana hərbi yardım edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Bu layihədə Qarabağlı ermənilərin təhlükəsiziyinin təmin edilməsi, ermənilərə qarşı hərəkətlərinə görə Azərbaycan üzərində sanksiyaların tətbiq edilməsi kimi məsələlər nəzər tutulub. ABŞ Konqressində bir çox senatorlar yuxarıda sadaladığım bu qanun layihəsinin müəllifləri qismində çıxış edirlər”.

Cənubi Qafqaz üzərində ABŞ və Rusiya arasında rəqabətin intensivləşməsi məsələsinə toxunan politoloq vurğulayıb ki, ABŞ və Avropa ölkələri Türkiyənin bu regionda geostrateji mövqeyini nəzərə almalıdırlar: 

“Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan Türkiyə ilə yüksək səviyyədə dostluq münasibətlərinə malikdirlər.

Azərbaycanın Türkiyə ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb, Ankara və Tbilis arasında münasibətlərə gəlincə, bu, olduqca nümunəvi şəkildə inkişaf edir. Bu gün Gürcüstanın Rusiya və Qərb ilə münasibətlərinə baxsaq, Gürcüstan-Türkiyə münasibətləri onların heç bir ilə müqayisə oluna bilməz.

Ona görə hər hansı ölkə Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək istəyirsə, burada mütləq şəkildə Türkiyənin təsir imkanlarını nəzərə almalıdır. Əgər hər hansı ölkə Türkiyənin başı üzərindən regionda möhkəmlənmək istəyəcəksə, bu, heç bir nəticə verməyəcək”. 

Region üzərində rəqabətdə ABŞ və ya Rusiyanın qalib gələcəyi ilə bağlı məsələyə gəlincə, R.Bayramov bunun Ukrayna müharibəsinin nəticələrindən asılı olduğunu bildirib:

“Əgər Ukrayna müharibəsində Rusiya təmamilə məğlub olacaqsa, nəticə etibarı ilə bundan sonrakı mərhələdə Rusiyanın Cənubi Qafqaz regionundan kənarlaşması prosesi yaşanacaq. 

Yaxud ABŞ Ukraynanı təslim olmağa çağıracaqsa, NATO ölkələri Ukrayna ordusunu silah-sursatla təmin etməkdən imtina edəcəklərsə, yəni Ukraynanı Rusiyanın ağuşuna atacaqlarsa, belə olan halda ABŞ-ın Cənubi Qafqazda təsir imkanlarının artması və Moskva üzərində qalib gəlməsi mümkün olmayacaq”. 

Politoloq əlavə edib ki, ABŞ Cənubi Qafqazda möhkəmlənmək istəyirsə, o, mütləq şəkildə regionun güclü ölkələri – Azərbaycan və Türkiyə ilə münasibətləri inkişaf etdirməlidir: 

“ABŞ ilk növbədə Qarabağdakı erməni separatçılarına dəstəyini dayandırmalıdır. Əgər Vaşinqton bu regionda möhkəmlənmək istəyirsə, Qarabağdakı erməni separatçılarını silahı yerə qoymağa və Azərbaycana reinteqrasiya olunmağa vadar etməlidir, ondan sonra Qarabağda rus sülhməramlıların ərazini tərk etməsinə və Ermənistandakı rus hərbi bazasının ölkədən çıxması üçün münasib şərait yaratmalıdır.

Yalnız bütün bunlar baş verdikdən sonra Rusiyanın regiondan uzaqlaşması mümkün olacaq. Amma ABŞ rəsmiləri bu addımları atmaq əvəzinə Rusiyanın regionda yeni müharibəyə cəlb olunmasına çalışırlar. Bu, region ölkələrənə heç bir fayda gətirməyəcək. 

ABŞ-ın bu regionda möhkəmlənməsinə imkan yaradacaq digər mühüm faktor Vaşinqtonun Azərbaycan və Türkiyə ilə düzgün münasibətlər qurmasından keçir”.

Yunis Abdullayev
Cebhe.info