AMİP-30

Rusiya Ermənistana, yoxsa İrəvan Kremlə xəyanət edib? – Mişelin absurd açıqlaması…

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Rusiya Qarabağ ətrafında sülh və təhlükəsizliyi təmin etməyib. Mişel bunu erməni xalqına xəyanət adlandırıb.

Avropa İttifaqı Şurasının Prezidenti iddia edib ki, Rusiya etnik ermənilərə xəyanət edib. O qeyd edib ki, hərbi əməliyyat zamanı Qarabağı öz nəzarətinə qaytaran Azərbaycanla münaqişədən belə bir dərs çıxarmaq lazımdır.

“Vəziyyət aydındır, Rusiyanın erməni əhalisinə xəyanət etdiyini heç kim görməyə bilməz. Rusiya öz əsgərlərinin orada olmasını, sabitlik və təhlükəsizliklə bağlı razılaşmalara zəmanət verməsini istəyib. Biz görürük ki, bu hərbi əməliyyat, bildiyiniz kimi, orada hərbi mövcudluğu olmayan Avropa İttifaqından fərqli olaraq, hadisə yerində olan Rusiyadan zərrə qədər reaksiya vermədən başlayıb”, – Mişel bildirib.

Uzun müddətdir tərəflər arasında sülhün əldə olunmasına çalışdığını nümayiş etdirən Ş.Mişel yuxarıdakı mövqeyi ilə təəccübləndirib. Əslində o, Azərbaycanın mülki əhaliyə ziyan vurmadan keçirdiyi antiterror tədbirini və Qarabağda başlatdığı reinteqrasiya prosesini dəstəkləməli olduğu halda, Rusiyanı bu addımlara qarşı çıxmağa təhrik edən mövqe sərgiləyib. Ş.Mişel bu həftənin sonunda İspaniyanın Qranada şəhərində keçiriləcək Aİ Sammiti zamanı Ermənistan və Azərbaycan arasında vasitəçilik təklif etmək niyyətində olduğunu da bildirib.

Amma bu mövqedən sonra onun moderatorluğundan nə gözləmək olar? Mişel niyə belə danışdı?

Məsələ ondadır ki, Rusiya sülhməramlılarının vəzifəsi onların müvəqqəti nəzarətinə verilmiş ərazilərdə təhlükəsizliyi təmin etmək, separatçıların qanunsuz silahlı birləşmələrini tərk-silah etməli, Ermənistan ordusunun qalıqlarını buradan çıxarmalı idi. Ancaq fakt budur ki, buna əməl olunmadı. 3 il ərzində nə Ermənistan ordusunu oradan çəkdi, nə də separatçılar təslim oldu. Mümkündür ki. sülhməramlılar bunu etmək istəmədi, o da faktdır ki, separatçılar da onları eşitmədilər. Rusiya onları məcbur etməkdə isə maraqlı olmadı.

Nəticədə, Azərbaycan öz torpaqlarında antiterror əməliyyatı keçirdi və suverenliyini tam təmin etdi. Buna sülhməramlılar qətiyyən mane ola bilməzdi və bu, beynəlxalq skandal olardı.

Reallıq bundan ibarətdir ki, xəyanəti Rusiya yox, Ermənistan edib. Özü də iki mənada: Bilə-bilə ki, 10 noyabr Üçtərəfli Bəyanatına uyğun olaraq gec-tez Azərbaycanın tələbləri yerinə yetiriləcək, bundan boyun qaçırdılar. Putinin də imzasına hörmət etmədilər.

Digər tərəfdən, Ermənistan faktiki olaraq Rusiyaya arxa çevirib, bir neçə yüz illik himayədarından imtina edir, Putinin həbsini nəzərdə tutan sənədi imzalayır. Bu halda kim xəyanət etmiş sayılır, Rusiya, yoxsa ermənilər? Mişelin mövqeyi niyə belə olub?

Bəhruz Məhərrəmov: “Onun radikal fransız kimi düşünməyə başlaması…”

Deputat Bəhruz Məhərrəmov Şarl Mişelin belə fikirlər səsləndirməsinin kökündə dayanan niyyəti açıqladı: “Vətən müharibəsindən sonrakı periodda Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində səyləri Bakıda hər zaman yüksək qiymətləndirilib. Xüsusən cənab İlham Əliyevin yaratdığı geosiyasi konfiqurasiyanın nəticəsində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərdə ifadə edərək tanımağa məcbur olması məhz Brüssel prosesi çərçivəsində reallaşıb, lakin görünən odur ki, BMT özünün Təhlükəsizlik Şurasının qətnamələrini icra edə bilmədiyi kimi, Avropa İttifaqı da Ermənistana beynəlxalq hüququn aliliyini təlqin edə bilmədi. Nəticədə Azərbaycanın ərazi bütövlüyünə sözdə hörmət edən Ermənistanın Azərbaycan ərazisində saxladığı ordu hissələrinin çıxarılması, separatizmə son qoyulması məsələləri üzrə nəticə hasil olunmadı. Beləliklə, Ermənistan və havadarlarının, xüsusən Fransanın təşviqi ilə separatçılar hərbi ritorikanı gücləndirməyə, açıq terror aktları törətməyə başladılar. Beləliklə, Azərbaycan 3 il öncə olduğu kimi, bu il də hərbi yolla beynəlxalq hüququn aliliyini təmin etməyə məcbur oldu və cəmi 23 saata beynəlxalq humanitar hüququ rəhbər tutmaqla, quldur yuvası Qarabağda separatizmin kökünü qazıdı.  Bu mənada, əslində cənab Mişel Azərbaycanın separatizmlə mübarizədə effektiv nəticəsini yüksək qiymətləndirməli, Azərbaycanın Qarabağın erməni əsilli sakinlərinə münasibətdə davranışı, verilən təminatlar və bu qəbildən prosesin gedişatını alqışlamalı idi. Lakin görünən odur ki, Şarl Mişelin radikal fransız kimi düşünməyə başlaması Rusiya ilə qlobal mübarizədə erməni amilindən Moskvaya qarşı istifadə etmək niyyəti ilə bağlıdır. Avropa İttifaqının Rusiyaya qarşı savaşması bu qurumun seçimidir. Lakin Brüsseldə anlamalıdırlar ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi qütblərarası ziddiyyətdə alətə çevrilə bilməz. Balanslı siyasət kursu ilə regionu proseslərdən kənar tutan Bakı belə cəhdləri bölgəmiz üçün təhdid hesab edir. İndi cənab Mişel də bölgəni  tanıyan, proseslərin mahiyyətinə bələd olan lider kimi yaxşı olar ki, reallıqları nəzərə alsın və ona olan etimada kölgə salmaqdansa, diqqəti yekun sülh müqaviləsinə yönəldərək Aİ-nin özünün maraqları naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına töhfə verməyə çalışsın”.

AMİP Mərkəzi Aparatının rəhbəri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a bildirdi ki, əslində kimin kimə, yəni Ermənistanın Rusiyaya və ya əksinə, Rusiyanın Ermənistana xəyanət etməsinin Azərbaycan üçün böyük ölçüdə heç bir əhəmiyyəti yoxdur: “Azərbaycan beynəlxalq hüququn tanıdığı prinsiplər əsasında öz ərazisində antiterror əməliyyatı keçirib, terrorçuları tərk-silah edib, ərazilərimizdəki qeyri-qanuni rejimi tarixin arxivinə göndərərək öz suverenliyini təmin edib.

Aydındır ki, Ermənistan adlı dövlətin qurulması və bu günə qədər mövcudluğu Rusiya ilə birbaşa bağlı olub. Rusiya uzun illər ərzində onun-bunun qoltuğu altında yaşayan ermənilərə məhz I Pyotrun vəsiyyətinə uyğun olaraq, nəhayət, 1918-ci ildə Azərbaycan torpaqlarında dövlət qurub. Sonrakı dövrdə də erməni torpaqlarını yenə Azərbaycan əraziləri hesabına genişləndiriblər. Sovet hökumətinin 70 illik mövcudluğu dönəmində də, torpaqlarımız işğal olunanda da və 30 il ərzində işğal altında qalanda da Rusiyanın ermənilərə havadarlığı davam edib.

İndi isə ermənilərin Rusiyaya arxa çevirdikləri, Osmanlıya xəyanət etdikləri kimi Rusiyaya da xəyanət etdikləri gün kimi ortadadır. Başqa sözlə desək, yeni ağalarının göstərişləri əsasında qərarlar verən Ermənistan və ermənilər üçün xəyanət etmək yeni bir şey deyil. Azərbaycan torpaqları hesabına özlərinə dövlət quran, sonrakı dövrdə də ölkəmizin ən dilbər güşələrində yaşayıb, ən yaxşı vəzifələrdə çalışan ermənilərin nəticədə bizə qarşı hansı xəyanətkar mövqe tutduqlarını hər birimiz yaxşı bilirik və bunu heç bir zaman unutmamalıyıq.

Odur ki, burada əsas məsələ kimin-kimə və necə xəyanət etdiyi yox, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin belə bir mövqedən çıxış etməsidir. Rusiyanın erməni əhalisinə xəyanət etdiyini deyən Şarl Mişel bununla demək istəyir ki, gərək Rusiya Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarına imkan verməyəydi. Əvvəla, Rusiyanın Azərbaycanın öz ərazisində əməliyyat keçirib-keçirməməsinə müdaxilə etmək hüququ yoxdur. Rusiya sülhməramlıları ən yaxşı halda Qarabağda olan erməni əsilli mülki əhalinin təhlükəsizliyi üçün hansısa addımlar ata bilərdi və məlum olduğu kimi, antiterror tədbirlərinin həyata keçirildiyi müddət ərzində bir mülki əhalinin belə burnu qanamayıb.

Yox, əgər Şarl Mişel Rusiya sülhməramlılarından başqa addımlar gözləyirdisə, onda buna aydınlıq gətirməlidir ki, konkret nə gözləyirmiş. Rus hərbi kontingentinin Azərbaycan əsgərinə atəş açmasınımı?”

Siyasi ekspert fikirlərini belə davam etdirdi: “Görünən odur ki, Şarl Mişel də öz bəyanatları ilə əvvəldən hazırlanmış planda üzərinə düşən oyunu oynamaqdadır. Plan isə hər kəsə məlumdur. Ermənistanda mövcud olan anti-Rusiya mövqeyini daha da gücləndirmək, ermənilərdə xəyanətkar Rusiya obrazını formalaşdırmaqla erməni ictimaiyyətindəki Rusiya dayaqlarını zəiflətmək və nəticədə Ermənistandakı hərbi bazanın çıxarılması ilə Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə zərbə vurmaq. İndi bu, beynəlxaq oyunçuların əlində olan yeganə vasitədir. Çünki planın digər hissəsi, yəni erməni əhalisinin “hüquq və təjlükəsizliyi” ilə manipulyasiya edərək ərazilərimizə hansısa ad altında beynəlxalq missiya göndərmək planları Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri ilə ortadan qalxıb. İndi tək yol Ermənistan və Rusiya arasında uçurumu dərinləşdirməkdir. Şarl Mişel də məhz bu mövqedən çıxış edərək bu cür bəyanatlarla çıxış edir.

Amma əsas məsələ odur ki, kimin nə deməsindən asılı olmayaraq Azərbaycan öz maraqlarından bir addım da olsun geri çəkilmək niyyətində olmadığını bütün dünyaya nümayiş etdirib və Qranadada keçiriləcək görüşdə də bunu bir daha ortaya qoyacaq. Görüş hər nə qədər 2+3, yəni Azərbaycan-Ermənistan-Fransa-Almaniya-Avropa İttifaqı formatında olsa da, əslində bu görüşün 4+1, yəni Ermənistan və havadarlarının Azərbaycanla görüşü olacağı hər kəsə məlumdur. Amma görüşdə kimlərin olmasından asılı olmayaraq artıq heç kimin hansısa məsələdə Azərbaycana təzyiq imkanları yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”