Əfqanıstan, Liviya, İraq kimi dövlətləri qan gölünə çevirən ABŞ sülhün düşmənidir – AÇIQLAMA
Uzun illər ərzində ABŞ da daxil olmaqla bir sıra Qərb dövlətlərinin və bir sıra beynəlxalq təşkilatların Azərbaycana yönəlik münasibətdə ikili standartlardan çıxış etməsinə şahidlik etmişik. ABŞ Konqresində Azərbaycanın Qarabağ bölgəsinin gələcək taleyi adlı məsələnin müzakirəyə çıxarılması da növbəti dəfə Azərbaycana yönəlik münasibətdən irəli gəlir. Təəssüflər olsun ki, bu dövlət 30 ilə yaxın müddətdə Azərbaycan torpaqları işğal altında olduğu sürəcdə Azərbaycana lazımi siyasi dəstək verməyib və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq da əslində münaqişənin aradan qaldırılması və Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində fəaliyyət əvəzinə faktiki olaraq işğal altında olan ərazilərimizin ermənilərin xeyrinə rəsmiləşdirilməsi istiqamətində addımlar atması da sirr deyil. Azərbaycan işğal altında olduğu dövrdə 1992-ci ildə Azərbaycana yönəlik 907 –ci düzəlişin qəbul edilməsi də əslində ədalətsiz yanaşmanın bariz nümunəsi idi. İndi də bu cür məsələlər yenidən gündəmə gətirilir. Bu, çox təəssüfedici haldır. Görünən budur ki, Azərbaycanın torpaqlarını öz gücünə işğaldan azad etməsi, regionda söz və güc sahibinə çevrilməsi bir sıra ABŞ və Fransa kimi Qərb dövlətlərini narahat etməkdədir. Bu narahatçılıq fonunda da bu və ya digər formada Azərbaycana hansısa şəkildə təsir etmək, yaranmış vəziyyəti Azərbaycanın ziyanına dəyişmək istiqamətində addımlar atılır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib.
Onun sözlərinə görə ötən 30 il ərzində ABŞ və Fransa kimi Qərb dövlətləri, Ermənistan tərəfindən işğal olunan ərazilərimizdən qaçqın, köçkün düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi, dədə-baba yurdlarına qaytarılması istiqamətində heç bir addı atmadılar. Amma bu gün Qarabağdan öz istəyi ilə çıxıb gedən ermənilərin hüquqlarından danışırlar. ABŞ-ın bu mövqeyi qəbuledilməzdir. Əfqanıstan, Liviya, İraq kimi dövlətləri qan gölünə çevirən ABŞ sülhün düşmənidir. Bu dövlət təəssüflər olsun ki, yenə də dünyanın jandarmı rolunda çıxış etməyə cəhd edir. Amma, gün o gün deyil. Azərbaycan arıtq 30 il bundan əvvəlki, Azərbaycan deyil. Dövlətimiz güclüdür, müstəqildir və regionda söz, güc sahibidir. Azərbaycan qardaş Türkiyə ilə tandemdə bu regionda sülhün və sabitliyin qarantı kimi çıxış edir. Bundan sonrakı dönəmdə də hər hansı dövlət bu ərazilərdə öz iqtisadi maraqlarını hansısa formada təmin etmək fikrinə düşəcəksə mütləq mənada mövqelərini Türkiyə və Azərbaycanla razılaşdırmalı və Azərbaycanın mövqeyi nəzərə almalıdırlar. Çünki bölgənin bu gün söz sahibi Azərbaycandır. ABŞ da bu reallıqla barışmalıdır.
Yaqut Ağaşahqızı