AMİP-30

Tarixi Zəfərin ardınca: bu, dünyada cinayət yolunu seçənlərə bir mesajdır – RƏY

Azərbaycan 44 günlük Vətən Müharibəsində rəşadətli ordusunun qələbəsi ilə öz gücünü bütün dünyada sübut etdi. 30 ilə yaxın bir müddətdə işğalda olan Azərbaycan torpaqları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz əzəli və əbədi sahiblərinə qayıtdı. Vaxtilə azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş şəxslər də bu gün ədalət qarşısında cavab verməkdədir. Beləliklə, ədalət bərpa olunur.

İşğal dövründə ərazilərin ermənilər tərəfindən minalanması həm orada həyata keçirilən bərpa və yenidənqurma işlərini, həm də əhalinin qayıdışını müəyyən qədər ləngidir. Amma buna baxmayaraq, iğaldan azad olunuş Azərbaycan torpaqlarına keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz şəkildə qayıdışı həyata keçirilir. “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində Azərbaycan vətəndaşlarının öz dədə-baba torpaqlarına geri qayıtması təmin olunur, onların həyat və şəraitinin, sosial rifahının yaxşılaşdırılnması istiqamətində ciddi addımlar atılır. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə Azərbaycan ərazilərini minalarla çirkləndirib. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra təxmini hesablamalara görə Azərbaycan ərazilərində bir milyondan artıq mina basdırılması məlum olub: 

“Bunlar həm piyada, həm də döyüş maşınları əleyhinə olmaqla təkcə hərbçilərə qarşı deyil, eyni zamanda mülki vətəndaşlara qarşı da yönəlmiş, hətta  müharibənin üzərindən 5 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, bu gün də vətəndaşlarımızı təhdid altında saxlamaqdadır. Biz İkinci Qarabağ savaşında möhtəşəm bir qələbə qazandıq.  Ondan sonrakı dövrdə antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik”. 

A.Əlizadə qeyd edib ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın Ermənistana yönəlik haqlı tələblərindən biri də Azərbaycan ərazilərində illər ərzində basdırılmış minaların xəritələrini təqdim etmələri idi. Onun sözlərinə görə, minaların zərərsizləşdirilməsi istiqamətində xəritələrin verilməsi kifayət qədər ciddi önəm daşıya bilərdi: “Bu məsələdə xarici rəsmilər müəyyən vasitəçilik missiyaları həyata keçirmək istədilər. Bu xəritələrin müəyyən qədər alınıb verilməsinə vəsilə ola bildilər. Amma təəssüflər olsun ki, bu xəritələrin təxminən 20-25 faizinin doğru olduğu daha sonradan məlum oldu. Ermənistan növbəti dəfə riyakarlıq göstərərək, məkrli siyasətini yürütməkdə davam edərək yalnış xəritələr verdi. Sonradan isə Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə belə, Ermənistanda xaosun hökm sürdüyü, prosesləri idarə edə bilmədikləri səbəbindən həmin minaların xaotik şəkildə basdırılması və onlarla bağlı Ermənistanın özünün də sona qədər məlumatsız olması ilə bağlı məsələlər də gündəmə gəldi”.

Sədr müavini həmçinin vurğulayıb ki, hətta müharibədən sonrakı dövrdə – 2021-2022-ci illərdə də Ermənistanın özündə istehsal olunan minaların Azərbaycan ərazilərinə daşındığı məlum olub:

“O zaman sərhəd zolağı rus hərbçiləri tərəfindən nəzarətə götürülmüşdü və bura onların məsuliyyət dairəsində idi, lakin onlar buna göz yumurdular. Onların göz yumması səbəbi ilə də sonradan külli miqdarda minalar Azərbaycan ərazilərinə daşınaraq, Azərbaycan Ordusu ilə təmas bölgələrində, ölkəmizin bugünkü suveren ərazilərində həmin minaların basdırılması prosesi baş vermişdi. Lakin müharibənin 5 ilə yaxın müddətdir bitməsinə baxmayaraq, yenə də çox böyük mina təhdidi altındayıq. Müharibədən sonrakı dövr ərzində təxminən 400 nəfər Azərbaycan vətəndaşı bu minaların partlaması nəticəsində zərər görüb, həyatlarını itirib, əlil olublar. Bu insanların içərisində hərbçilərlə yanaşı çox sayda mülki vətəndaşlarımız – ahıllar, azyaşlılar da var. Ermənistanın mina terrorunun davam etməsi nəticəsində bu insanlar illər ərzində zərər görüblər”.

A.Əlizadə söyləyib ki, ANAMA-nın, eləcə də qonşu və dost ölkələrdən dəvət olunmuş mütxəsəssislərin bu prosesdə davamlı olaraq iştirak etməsi və minaları zərərsizləşdirmə prosesini aparmasına baxmayaraq, zaman-zaman bu zərərlərin olacağı və insanlarımızın çox ciddi təhlükə altında olması istisna olunmur: “Mina terroru, onların bu cür basdırılması insanlıq əleyhinə bir cinayətdir. Mina dünya ictimaiyyəti tərəfindən, beynəlxalq hüquqlar, qəbul edilmiş beynəlxalq konvensiyalarla pislənilən və qadağan olunan silahlardan hesab olunur. Lakin təəssüf ki, bununla bağlı Ermənistana qarşı hər hansı bir beynəlxalq təşkilat və ya qurum tərəfindən hər hansı bir sanksiya da həyata keçirilməyib. Biz bu gün işğaldan azad etdiyimiz öz ərazilərimizi çox böyük vəsaitlər hesabına minalardan təmizləməyə məcburuq. Bu  proses davam etdikcə çox böyük maliyyə itkilərinə də məruz qalmış oluruq. Düzdür, ermənilərdən hər hansı xoşməramlılıq gözləmək düzgün deyil, amma onlar hələ də bu prosesdə hər hansı bir xoşməramlı niyyətini göstərməyiblər. İstənilən halda əgər bu dövlət Azərbaycanla sülh müqaviləsi imzalanmasını istəyirsə, mütləq mənada mina xəritələrinin doğru-düzgün Azərbaycana təqdim olunmasında öz təşəbbüsünü göstərməlidir. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar, ictimaiyyət qarşısında bu məsələləri qaldırıb. Nə qədər ki, həmin ərzilərdən minalar tam olaraq təmizlənməyib, bizim 30 ilə yaxın müddət ərzində öz torpaqlarından didərgin düşmüş bacı-qardaşlarımızın dogma yurdlarına qayıtmaq imkanları da ləngiyir. Bu proses gecikir. Biz bu mina terrorunu tam olaraq aradan qaldırmayana qədər işğaldan azad olunmuş ərazilərə qayıdış layihələrinin tam gerçəkləşməsi də bir qədər uzanır. Bu mənada Ermənistanın mina terroru vətəndaşlarımızı təhdid altında saxlayır. Biz bu prosesi başa çatdırmaqla, minalardan ərazilərimizi təmizləməklə yanaşı, eyni zamanda bununla bağlı beynəlxalq ictimaiyyətə məlumatlar verməli və Ermənistanın ölkəmizə qarşı yürütdüyü düşmən siyasətinin acı nəticələri ilə bağlı dünya ictimaiyyətini mütamadi olaraq məlumatlandırmalıyıq”.