Afsəddin Nəbiyev: “Danışıqlarda ciddi nəticənin olmaması Rusiyanın destruktiv mövqeyi ilə əlaqədardır”
Məlum olduğu kimi, Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu İstanbulda başa çatıb və bunun nəticəsində tərəflər yalnız 1200 hərbi əsirin dəyişdirilməsi və 3000 hərbçinin cəsədinin Ukrayna tərəfinə təhvil verilməsi barədə razılığa gəliblər.
Moskva həmçinin Ukrayna hərbçilərinin hələ də Ukrayna ərazisində olan Kursk vilayətinin sakinləri ilə dəyişdirilməsini təklif edib.
Necə deyərlər, Rusiya və Ukrayna arasındakı bir həftəlik sürətli danışıqların yekunu iki nümayəndə heyəti arasında cəmi 35 dəqiqəlik təmasla məhdudlaşıb. Hər iki tərəf ciddi və fərqli bəyanatlarla çıxış etsə də, bu bəyanatlar bir-birini təkzib edən, ziddiyyətli və çaşdırıcı açıqlamalar olub. Nəticədə isə yalnız əsir mübadiləsi məsələsində cüzi irəliləyiş əldə olunub, başqa heç bir ciddi nəticə əldə edilməyib. Onsuz da bu danışıqlardan gözlənti böyük deyildi.
Maraqlıdır, İstanbulda Ukrayna-Rusiya danışıqlarında niyə ciddi bir nəticə əldə olunmadı?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında nəticənin olmamasını Rusiyanın destruktiv mövqeyi ilə əlaqələndirdi: “İstanbul danışıqlarının nəticəsiz qalması Rusiyanın Ukraynaya qarşı ağır tələblərlə çıxış etməsilə əlaqədardır. İstanbulda keçirilən danışıqlarda ciddi bir nəticənin əldə olunmamasının digər səbəbi Rusiyanın indiki durumda yay aylarında əlverişli hava şəraitindən istifadə etməklə Ukraynaya daha ciddi zərbələr endirməsi ilə bağlıdır. Məsələ ondadır ki, yay aylarında yolların quru olması, ağır texnikanın hərəkət istiqaməti və manevr imkanları çox olduğundan Rusiya İstanbul danışıqlarında bu dəfə çox təmkinli görsənməyə çalışırdı. Hesab edirəm ki, Avropadakı fikir ayrılıqları da Rusiyaya əlavə dividendlər gətirməkdədir. Təbii ki, Ukrayna bu danışıqlarda müharibəni yaxın zamanda dayandırmaq, suverenliyini qorumaq, eyni zamanda beynəlxalq təminatlarla təhlükəsizliyini təmin etməyi hədəfləyirdi. Ancaq Rusiyanın məqsədləri aydındır, Ukraynanı bu müharibədə “əldən salıb” tabe etdirmək onun əsas məqsədlərindən biridir. Kreml ümid edir ki, yorucu müharibə Ukraynanı iqtisadi cəhətdən zəiflədəcək və beləliklə güzəştə məcbur olacaq. Bunun ilkin işartıları görünməkdədir. Ukraynada etiraz mitinqləri başlayıb, arxasında hansı qüvvələrin dayandığını görmək elə də çətin deyil. Bunun arxasında Rusiyanın özü dayanır. Ukrayna hərbi rəhbərliyi yaxşı dərk edir ki, Qərbin dəstəyi zəifləyərsə Rusiya daha geniş əraziləri işğal edə bilər. Hazırkı vəziyyətdə bu çətin görsənir. Burada ciddi məqam ondan ibarətdir Qərbin dəstəyi davamlı olarsa, Ukrayna əks-hücumlarla uğur qazana bilər. Beləliklə, Rusiyanı real danışıqlara məcbur edə bilər. Qarşıdakı avqust ayında Rusiya-Ukrayna münaqişəsinin kulminasiya nöqtəsinə çatacağı fikrindəyəm. Hadisələrin gedişatı onu deməyə əsas verir ki, münaqişənin diplomatik yolla həlli ehtimalı çox yüksəkdir. Çünki müharibə uzandıqca strateji Qərbin parçalanması prosesi dərinləşə bilər. Bu da Rusiyanın xeyrinədir. Qərb ona görə prosesi başa çatdırıb diplomatik yolla həlli üçün bütün vasitələrdən istifadə etməyi hədəfləyir”.