Məcburi köçkünlərə verilən imtiyazlar dayandırılır – AÇIQLAMA
“Mövcud qanunvericiliyə əsasən, üç il tamam olduqdan sonra imtiyazlar dayandırılır. Bu çərçivədə kommunal xərclər üçün verilən ödənişlər də kəsilir. Ağalıya köçən bacı və qardaşlarımızın bir hissəsi artıq öz dədə-baba yurdlarına qayıdıb”.
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, Ağalı ilk məskunlaşmanın baş verdiyi qəsəbələrdəndir və burada artıq üç il tamam olduğu üçün güzəştlər dayandırılıb:
“Bu məsələ ilə bağlı aidiyyəti şəxslərlə əlaqələrimiz var. Zəngilan təşkilatının sədri də Ağalıda yaşayır və onunla mütəmadi təmasdayıq. Bu, qanunvericilikdə açıq şəkildə nəzərdə tutulmuş məsələdir. Faktiki olaraq, bununla bağlı hər hansı ciddi narazılıq da qeydə alınmayıb. Hər kəs qanunlara riayət etməlidir”.
Deputat deyib ki, Azərbaycan dövləti uzun illər ərzində dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlara mümkün olan bütün dəstəyi göstərib:
“Onlara müxtəlif imtiyazlar verilib, kommunal xərclər ödənilib və digər sosial məsələlər həll olunub. Bu gün artıq problem ümumi şəkildə öz həllini tapıb.
Dədə-baba yurduna qayıdan şəxslər üçün imtiyazlar üç il müddətində saxlanılır, həmin müddət başa çatdıqdan sonra isə bu güzəştlər ləğv olunur. Bu, təbii haldır və əlavə şərhə ehtiyac yoxdur. Azərbaycan cəmiyyəti də bu məsələni anlayışla qarşılayır və qanunlara riayət olunması ilə bağlı başqa mövqe olmamalıdır”.