Aktau faciəsinin baiskarı beynəlxalq axtarışa verilə bilər
AZAL-a məxsus mülki təyyarənin vurulması ilə nəticələnən faciədən 1 ildən çox vaxt keçsə də, Rusiya tərəfi faciəyə məsul şəxsləri cəzalandırmaqda maraqlı deyil. Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinə atəş əmrini 11-ci hava hücumundan müdafiə ordusunun komandan müavini, general-mayor Aleksandr Tolopilonun verdiyi məlumdur. Xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlamasında qeyd edib ki, Rusiya tərəfinin göndərdiyi rəsmi məktubda Rusiya İstintaq Komitəsinin general-mayor Aleksandr Tolopilo barəsində aparılan araşdırmanı dayandırdığı göstərilib.
Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Arzuxan Əlizadə bildirib ki, general Aleksandr Tolopilo barədə cinayət işi sonacan aparılmalı və o cəzalandırılmalıydı:
“Təbii ki, söhbət cinayətkardan gedir. Onun törətdiyi cinayət əməli nəticəsində AZAL-a məxsus mülki təyyarə vurulub və insanlar həyatını itirib. Bu, ağır beynəlxalq cinayətdir. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq Rusiya tərəfi dərhal cinayət işi açmalı, istintaqı sona qədər aparmalı və təqsirli şəxsi cəzalandırmalı idi”.
Deputat qeyd edib ki, Rusiya əksinə istintaqı bağlayırsa, onda məsələ beynəlxalq səviyyədə qaldırılmalıdır:
“Əgər bu baş vermirsə, Azərbaycanın məsələni beynəlxalq müstəviyə çıxarmaq hüququ və zərurəti yaranır. Beynəlxalq aviasiya qurumlarına müraciət edilməli, komissiya rəyləri və mövcud sübutlar təqdim olunmaqla həm konkret şəxs, həm də cinayətdə iştirak edən digər şəxslər beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır.
Hesab edirəm ki, Azərbaycan tərəfi artıq bu istiqamətdə addımlar atır və bu məsələni sona qədər tələb edəcək. Rusiya tərəfinin mövqeyi bəllidir: belə hallarda istintaqı qapalı, müstəqil və beynəlxalq nəzarətdən kənar aparmağa çalışır. Lakin bu yanaşma onu məsuliyyətdən azad etmir.
Belə vəziyyətdə qiyabi həbs qərarının verilməsi tam hüquqi mexanizmdir. Bu isə həmin şəxsin faktiki olaraq digər ölkələrə səyahət imkanlarını məhdudlaşdırır. O, Rusiya hüdudlarından kənara çıxdığı təqdirdə həbs olunmalı və məsuliyyətə cəlb edilməlidir”.