AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyasının Fəxri Liderinin tərcümeyi-halı

Etibar Səlidar oğlu Məmmədov

Etibar Səlidar oğlu Məmmədov 2 aprel 1955-ci ildə Bakı şəhərində anadan olub.

Etibar Məmmədov 1972-ci ildə BDU-nin Tarix fakültəsinə daxil olur. Hələ universitetdə təhsil alarkən gizli dərnəklərdə fəaliyyət göstərib, Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazıb və bu yazıya görə universitetdən xaric edilir. Bir çox çətinliklərdən sonra o yenidən universitetə bərpa edilir və 1978-ci ildə bu ali təhsil ocağını bitirir.

Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə “Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1988-ci ildən milli demokratik hərəkatın ilk mərhələsində böyük fəallıq göstərib. AXC-nin Müvəqqəti Təşəbbüs Mərkəzinin yaradılmasında fəal iştirak edib, onun ilk idarə heyətinə üzv seçilib.

Etibar Səlidar oğlu Məmmədov

1989-cu ildə tətil hərəkatına başçılıq edib. 1990-cı il yanvar hadisələrindən sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən DTK tərəfindən həbs olunmuş, 9 ay Lefortovo həbsxanasında saxlanılmışdır. E.Məmmədovun azadlığa buraxılması üçün o dövrdə 1,5 milyon imza toplanmışdır. E.Məmmədovun xalqın tələbi ilə həbsdən azad olunub və 1990-cı ilin dekabrında Ali Sovetin deputatı seçilib.

1991-ci ildə Azərbaycan Respublikası Parlamentində “Demblokun” həmsədri olub.

1991-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü olub.

Etibar Məmmədov Fuad Ağayevlə birlokdə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının həmmüəllifidir.

Dövlət müstəqilliyinin tanınması ilə bağlı Türkiyə və Pakistanda olan Azərbaycan Parlamentinin nümayəndə heyətinin rəhbəri olub.

Etibar Səlidar oğlu Məmmədov

1991-ci ilin oktyabrında AXC-dən ayrılan E.Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının yaradıldığını elan etmiş, və partiyanın I təsis qurultayında AMİP-in sədri seçilib.

Hal-hazırda özündə 80-dən artıq ölkənin sağ-mərkəz yönlü siyasi partiyalarını birləşdirən Beynəlxalq Demokrat İttifaqının sədr müavinidir.

1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub.

1995-ci ildə Heydər Əliyevin sədri olduğu Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olub.

1998 və 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentliyinə namizəd olub.

Ailəlidir, üç övladı, iki nəvəsi var.

Etibar Səlidar oğlu Məmmədov