AMİP Fovqaladə vəziyyət elan etdi
Bu gün AMİP Siyasi Şurasının növbədənkənar fövqəladə iclası keçirilib. İclasda səhər saatlarında Ermənistan silahlı qüvələri tərəfindən Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı arteleriya qurğularından intensiv şəkildə atəşə tutulması, sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması, eləcə də Azərbaycan tərəfindən əks-hücum əməliyyatının keçirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunmuşdur.
Müzakirələrin yekunu olaraq partiya daxilində Fovqaladə Vəziyyətin elan olunması haqqında qərar qəbul olunmuşdur. AMİP-in Fovqaladə vəziyyətlərdə fəaliyyət planına uyğun olaraq, partiya rəhbərliyinin, o cümlədən də rayon (şəhər) təşkilatları rəhbərlərinin növbəlilik əsasında 24 saatlıq iş rejiminə keçməsi tələb olunur.
AMİP Siyasi Şurası Milli İstiqlal Partiyasının bütün üzvlərinə müraciət edərək belə məsuliyyətli dövrdə səfərbər olmağa və əhali arasında panikanın yaranmasına imkan verməmək üçün bütün imkanlardan istifadə edərək maarifləndirmə işinin təşkilində fəal olmağa çağırır. Rayon (şəhər) təşkilatlarının rəhbərləri yerlərdəki müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərməyə hazır olmalı və lazım olan bütün dəstəyi göstərməlidirlər.
Sosial şəbəkə istifadəçisi olan partiya üzvlərindən öz paylaşımlarında yalnız və yalnız Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələri, hər hansı video-foto çəkilişləri sosial şəbəkələrdə yaymamaq, eləcə də yalnış və dəqiqləşməmiş informasiyaların qarşısını almaq üçün fəal olmaq tələb olunur.
Siyasi Şuranın iclasında AMİP-in Bəyanatı qəbul olunub:
Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Beləliklə, erməni tərəfi növbəti dəfə ərazilərimizə hərbi təcavüz etmiş, bu dəfə də əsasən mülki vətəndaşlarımızı və mülki obyektlərimizi hədəfə almış, nəticədə mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar vardır, yaşayış evlərinə və mülki obyektlərimizə ciddi ziyan dəymişdir.
Hazırda Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Azərbaycan Milli İstiqlal Partiyası hər zaman olduğu kimi torpaqlarımızın işğaldan azad olunması yolunda atılan bütün addımlarda Ordumuzun, Dövlətimizin və Millətimizin yanında olduğunu, bu məqsədlə istənilən dəstəyi verməyə hazır olduğunu bir daha bəyan edir və siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi bu müqəddəs vəzifəni sonadək həyata keçirmək üçün Dövlətimizin yanında olmağa çağırır.