Azərbaycan Respublikası şanlı Cümhuriyyətin siyasi və mənəvi varisidir – AMİP
28 May- Müstəqillik Gününüz Mübarək! Hörmətli həmvətənlər, dəyərli soydaşlarımız!
Azərbaycan Milli İstiqlal Partiyası xalqımızı, dünya azərbaycanlılarını hər bir vətəndaşımızı Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir!
1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi müstəqil dövlətin qurulmasını, xalqımızın azadlıq bərabərlik və demokratiya ideallarına sadiqliyini dünyaya bəyan etdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC parlamentli respublika modeli, qadınlara seçki hüququnun verilməsi, milli ordunun qurulması və ana dilimizin dövlət dili elan edilməsi kimi mütərəqqi addımlarla tariximizdə silinməz iz qoydu.
Bu gün biz fəxr edirik ki, XX əsrin sonlarında yenidən bərpa olunan müstəqil Azərbaycan Respublikası məhz həmin şanlı Cümhuriyyətin siyasi və mənəvi varisidir. Qurucu babalarımızın ucaltdığı bayraq bu gün suverenliyini tam bərpa etmiş, ərazi bütövlüyü təmin olunmuş Azərbaycanda əzəmətlə dalğalanır.
İstiqlal və dövlətçilik ənənəsi bizim ən ali dəyərimizdir. Bu müqəddəs amalı qorumaq, onu gələcək nəsillərə daha güclü şəkildə ötürmək hər birimizin vətəndaşlıq borcudur.
Bu tarixi gündə Cümhuriyyətin qurucularını, müstəqilliyimiz və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiram və rəhmətlə anırıq.
Müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olsun!
Bayramınız mübarək!
Hörmətlə,
Azərbaycan Milli İstiqlal Partiyası
28 May 2026-cı il.