AMİP-30

“Vaşinqton Azərbaycanın güclənməsini istəmir” iddiasına Bakıdan reaksiyalar

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı rəsmi Ankaranın Ermənistandakı aksiyalara münasibəti barədə Azərbaycan mətbuatına açıqlama verib.

Onun bildirdiyinə görə, hazırda Ermənistanda baş verən hadisələrə dəstək verən qüvvələr var və onlar öz mövqelərindən çıxış edirlər: “Ermənistanda Azərbaycan və Türkiyənin qardaşlığını həzm edə bilmirlər. Buna qarşı çıxan qüvvələr var. Onlar Türkiyə-Azərbaycan birliyinin və gücünün nə olduğunu anlayırlar. Ona görə də gücümüzün artmaması və iki ölkə arasında əlaqələrin inkişafına mane olmaq üçün əllərindən gələni edirlər. Onu da bildirim ki, Ermənistanın özündə də hakimiyyətin sülh müqaviləsini bağlamağına qarşı olan qüvvələr mövcuddur. Əslində bu qüvvələrə dəstək verən ölkələr var. Bunlar Rusiya və Amerikadır”.

Cihad Yaycı hesab edir ki, ABŞ və Rusiya bölgədə sülhün olmasını, bununla bərabər Türkiyə və Azərbaycanın güclənməsini istəmir.

Türkiyəli general deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına Rusiya və ABŞ mane olur.

Rusiyanın maraqları aydındır, bəs ABŞ bu  prosesə niyə mane olur? Səbəb nələrdir?

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov şimal qonşumuzun sülh istəməməsini anlayır: “Ermənistanda Paşinyan əleyhinə aksiyaların Rusiyaya bağlılığı ilə seçilən qüvvələr tərəfindən keçirildiyi məlumdur və bu mənada da həmin aksiyaların Moskva tərəfindən idarə olunduğu heç kimdə şübhə doğurmur. Çünki nə Sərkisyan, nə də Putinlə yaxın münasibətlərdə olan Köçəryan rəsmi Moskvanın icazəsi və razılığı olmadan sülh prosesini əngəlləməyə cürət etməzlər.

Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com

 Rəşad Bayramov

Keçilən aksiyalar, eləcə də sərhəddə mütəmadi olaraq baş verən təxribatların məqsədi isə birbaşa danışıqların pozulmasına hədəflənib. Aksiyalar vasitəsilə Paşinyana sülh danışıqlarından imtina üçün təzyiqlər göstərilir, sərhəd təxribatları isə vəziyyətin gərginləşməsinə və nəticə etibarı ilə danışıqların dayandırılmasına hesablanıb. Təbii ki, əgər sərhəddə erməni təxribatları davam edəcəksə, Azərbaycan da buna adekvat reaksiya verəcək və gərgin vəziyyətdə də sülh prosesinin aparılması dalana dirənəcək.

Rusiya bunu kifayət qədər yaxşı dərk edir və indiki məqamda, yəni başı Ukrayna ilə müharibəyə qarışdığı bir vaxtda Avropa İttifaqı tərəfindən təşəbbüsün ələ alınmasından və faktiki olaraq oyundankənar vəziyyətə düşməsindən ehtiyat edir. Çünki Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və nəticədə sülh sazişinin imzalanması Rusiyanı hər iki ölkəyə təzyiq imkanlarından məhrum edir. Paşinyanla görüşdə “Qarabağda hələ çox problemlər qalıb və ən əsası da təhlükəsizliklə bağlı problemlərdir” deyən Putinin bununla hələ sülh sazişi bağlamağa çox var mesajını verdiyi gün kimi aydındır. “Sülhməramlıların” gözü qarşısında separatçıların səngərlər qazdığı və mövqelərini möhkəmləndirdiyi, Lavrovun “biz Ermənistan ordusunun müdafiə qabiliyyətinin artırılması üçün bundan sonra da hər şey edəcəyik” deməsi də Rusiyanın münasibətlərin normallaşmasında maraqlı olmadığını sübut edir. Rusiya bu gün Azərbaycan və Ermənistan arasında sülhə Cənubi Qafqazdakı mövqelərini itirmək təhlükəsi kimi baxır və düşünür ki, sülh olacağı halda nəinki “sülhməramlı” qüvvələrini Azərbaycandan çıxarmalı olacaq, həm də Qərbin təzyiqləri ilə zamanla Ermənistandakı hərbi bazanı da çıxarmaq təhlükəsi ilə üzləşəcək. Odur ki, Rusiyanın sülh istəməməsi tamamilə aydındır”.

Politoloq sualımızın ABŞ hissəsinə belə şərh verdi: “ABŞ-ın və ya onun müttəfiqlərinin mövqeyinə gəldikdə isə onlar üçün Azərbaycan və ya Ermənistanın maraqları əsas deyil. Əsas olan Rusiyanı regiondan sıxışdırıb çıxarmaqla öz maraqlarını təmin etməkdir. Onlar düşünür ki, Qarabağda yenidən vəziyyətin gərginləşməsi halında Rusiya bu dəfə birmənalı olaraq Ermənistanın yanında olacaq. Bu isə təbii olaraq Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına gətirib çıxaracaq. Rusiyanın Azərbaycanla münasibətlərinin gərginləşməsi isə həm də Türkiyə-Rusiya münasibətlərinin pozulması deməkdir. Başqa sözlə desək, ABŞ, Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsinə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi prizmasından baxır. Odur ki, kontradmiral Cihad Yaycının ”sülh müqaviləsinin imzalanmasına Rusiya və ABŞ mane olur” açıqlamasında həqiqət payı kifayət qədər yüksəkdir”.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

 Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov vəziyyətdən çıxış yollarını göstərdi: “Rusiyanı, Amerikanı da, möhtərəm Avropanı da birləşdirən bir “kabus” var – o da iddialı Türkiyədir. İstənilən regional, qlobal prosesdə iştirak edən Türkiyəni həzm edə bilmirlər. Eyni zamanda onun dostu və qardaşı olan Azərbaycanın artan gücündən də ehtiyat edirlər. Maraqlıdır ki, Rizə hava limanı açılır. Bu bizdə bəzi marginal qrupları həyəcanlandırır. Ermənistan hakimiyyəti daxilində isə bəli, fikir vahidliyi yoxdur. Rusiyameylli və qərbmeyllilər var. Hətta sizi əmin edim ki, bir azdan Türkiyə və Azərbaycan meyllilər də əmələ gələcək. Ruslar və amerikalılar çayın əks sahillərində olsalar da, türk-müsəlman məsələsində birdirlər. Nəzəri olaraq bu belədir. Ona görə də, bəli, Cahid Yaycı, hər halda, bilir nə deyir. Biz nə etməliyik? Cinahından asılı olmayaraq, Azərbaycan siyasətinin təbii milliliyinin artması üçün çalışmalıyıq. Bir də biz əsgər-xalq olmağa daima məcburuq”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”