Zəngilandan dünyaya mesaj: Azərbaycanla hesablaşmalısınız
Xəbər verdiyimiz kimi, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.
Dövlət başçısı görüşdə çıxışı zamanı həm regiondakı mövcud geosiyasi vəziyyətə, həm də Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq mühüm mesajlar verib.
Prezident xüsusilə bəzi xarici dairələrin “Ermənistanı Azərbaycandan qoruduqları” ilə bağlı yaratmağa çalışdıqları görüntünü sərt tənqid edib:
“Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyatdır.
Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.
“Cebheinfo.az”- a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərində tikilmiş ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə hər zamankı kimi mesajlarla diqqəti çəkib:
“Prezident hər dəfə bu cür görüş və tədbirlərdə çox haqlı olaraq tez-tez tarixə ekskursiya edir, bir çox mühüm məqamları xatırladır, yaddaşı zəif olanların yaddaşını təzələyir. Görünən odur ki, buna ciddi ehtiyac var.
Çünki zaman keçdikcə, vaxtilə Azərbaycana təzyiq edən, ölkəmizi mövcud işğal faktı ilə barışmağa çağıran, reallıqları qəbul etdirməyə çalışan tərəflər bu gün də müxtəlif platformalarda yenidən aktivləşirlər.
Onları hər dəfə yerində oturtmaq üçün Azərbaycan Prezidenti sərrast ifadələrlə, tarixi faktlara istinad etməklə məsələlərə bir daha aydınlıq gətirir.
Azərbaycan torpaqları işğal altında olduğu dövrdə ATƏT-in Minsk qrupu guya vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Amma faktiki olaraq 30 ilə yaxın müddətdə heç bir ciddi irəliləyiş əldə olunmadı. Əksinə, onlar daha çox Azərbaycana göstərdikləri təzyiqlərlə yadda qaldılar.
Həmin dövrdə ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa, onlar həm o zaman, həm də indi BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərdir.
Bu gün xüsusilə Fransa rəhbərliyinin məsələlərə yenidən fərqli prizmadan yanaşması, ermənilərə guya dəstək nümayiş etdirməsi, özünü Azərbaycanın mümkün “təhdidindən” onları qoruyan tərəf və qəhrəman kimi təqdim etməyə çalışması təbii ki, gülüş doğurur. Eyni zamanda, onların nümayiş etdirdiyi riyakarlıq artıq həddi-hüdudu aşır”.
Arzuxan Əlizadə vurğulayıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə bu məkrli planları pozdu:
“Onların Cənubi Qafqazda maraqlarını istədikləri formada təmin etmək imkanlarını sıfırladı. Bu gün də Ermənistan üzərindən hansısa formada bölgəyə təsir etməyi düşünürlər.
Ermənistanı öz təsir dairələrində saxlamaqla müəyyən məqsədlərə nail olmaq istəyirlər. Lakin bu mümkün deyil. Çünki regionun əsas gücü və söz sahibi Azərbaycandır. Azərbaycan iradəsi qarşısında necə geri çəkildilərsə, bundan sonra da geri çəkilməyə məcbur olacaqlar. Bu birmənalıdır.
Azərbaycan torpaqlarını işğaldan azad etməklə mühüm bir nümunə də göstərdi. Suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etməklə, əslində Ermənistana da həqiqi suverenlik əldə etmək imkanını tanımış olduq. Biz yalnız öz torpaqlarımızı işğaldan azad etdik.
Müharibə qanunlarına isə ən yüksək səviyyədə riayət etdik. Ermənistan tərəfi dəfələrlə mülki əhalini və yaşayış məntəqələrini hədəfə aldığı halda, Azərbaycan bir dənə də olsun Ermənistan mülki obyektinə və ya dinc əhaliyə qarşı əməliyyat həyata keçirmədi.
Baxmayaraq ki, ermənilər bunu dəfələrlə etmişdilər.
1992-ci il Xocalı faciəsi və müharibə dövründə Gəncə, Tərtər, Bərdə kimi cəbhə bölgəsindən uzaq şəhərlərin hədəfə alınması ermənilərin nəyə qadir olduğunu açıq şəkildə göstərirdi. Azərbaycan bütün bu təxribatlara rəğmən, sivil qaydada, beynəlxalq hüquqa və müharibə qanunlarına uyğun şəkildə yalnız hərbi əməliyyatlar həyata keçirdi və öz torpaqlarını işğaldan azad etdi”.
Deputat əlavə edib ki, 8 avqustda Vaşinqtonda imzalanan sənədlər çərçivəsində keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinə sual ünvanladı:
“ABŞ Prezidenti sual etdi ki, siz oradan o yana da keçə bilərdiniz, Ermənistanı da nəzarətə götürə bilərdiniz, amma niyə bunu etmədiniz?
Cənab Prezident çox lakonik cavab verdi: “Bizə yalnız öz torpaqlarımız lazım idi. Öz torpaqlarımızı işğaldan azad etməli idik. Biz işğalçı deyilik və istəyimizə nail olduqdan sonra dayandıq”.
Baxmayaraq ki, bizim İrəvana qədər getmək imkanlarımız vardı. Erməni dövlətinə rəhbərlik edənlər panika içərisində idilər. Eləcə də onlara havadarlıq edən, bu gün özlərini erməni cəmiyyətinə qəhrəman kimi təqdim edən şəxslər guya bizim qarşımızı saxladıqlarını iddia edirlər. Bu isə tamamilə cəfəngiyyatdır. Biz sona qədər istəyimizə nail olduq və heç kəs də bizim qarşımızı saxlaya bilmədi.
Bundan sonrakı dövrdə müxtəlif məkanlardan ermənilərə dəstək verməklə guya onları Azərbaycandan qoruduqlarını söyləmək siyasi riyakarlıqdan başqa bir şey deyil.
Cənab Prezident məsələlərə ətraflı münasibət bildirməklə bir daha onlara xatırlatdı ki, öz yerlərini bilsinlər. Yalandan guya Ermənistana və erməni xalqına dəstək nümayiş etdirməklə nəyəsə nail olmaq mümkün deyil.
Bu regionda həyata keçiriləcək bütün layihələr birmənalı şəkildə Azərbaycanın razılığı və iştirakı ilə mümkündür. Bundan kənarda heç bir variant yoxdur.
Biz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, eyni zamanda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçiririk. İnsanlarımızın geri qayıdışını təmin edirik. Biz sivil qaydada öz dövlətimizi gücləndirir və regionda sülhə, sabitliyə xidmət edən siyasət yürüdürük”.