AMİP-30

“Rusiya prezidentinin vasitəçi kimi qəbul edəcəyi tək tərəf Türkiyədir” – Arzuxan Əlizadə

Xəbər verdiyimiz kimi, ötən gün Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş baş tutub. 

Görüş təxminən 40 dəqiqə davam edib. Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələləri də müzakirə ediblər. 

Bundan əvvəl Lvovda Ukrayna Prezidenti Vladimir Zelenski ilə BMT baş katibi Antoniu Quterreşin təkbətək görüşü olub. Görüşdə Ukrayna-Rusiya müharibəsi, Ukrayna limanlarından gəmilərlə taxılın çıxarılması və humanitar məsələlər müzakirə olunub.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında da görüş keçirilib.

Baş tutan görüşün nəticələrini SİTAT.İNFO-ya açıqlamasında dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bildirib ki, sözügedən liderlərin Rusiya-Ukrayna müharibəsi ilə bağlı görüşləri hər zaman konkret nəticələrlə yadda qalıb: “Bundan əvvəlki razılaşmanın nəticəsi olaraq bilavasitə Türkiyənin vasitəçiliyi ilə taxıl dəhlizi yarandı və ərzaq böhranı ilə bağlı bütün dünyanı bürüyə biləcək bir qıtlıq önləndi. Bunda Rəcəb Tayyib Ərdoğanın uğurlu vasitəçiliyi öz sözünü  dedi və bununla bağlı BMT-nin də Türkiyə Prezdentinə təşəkkür bəyənatı oldu. Ötətn gün baş tutan üçərəfli görüşlə bağlı da bunları demək olar. Təbii ki, bundan sonrakı dövrdə taxıl dəhlizi ilə bağlı məsələ müzakirə olunur, hansı troyektoriya üzrə taxılın təhlükəsiz daşınmasının mümkünlüyü müzakirənin əsas mövzusudur. Eyni zamanda istisna deyil ki, müharibənin dayandırılması və bundan sonraki dövr üçün hansı addımlar müzakirə edilir. Ötən gün də Rusiya-Ukrayna arasındakı münasibətlərin normallaşması istiqamətində hansı addımların atılması mümkündür deyə məsələ də müzakirə olunub”.

A. Əlizadə hesab edir ki, qarşıdakı dönəmdə Türkiyə liderlərin bir araya gəlməsinə vasitəçilik edə bilər: ” Bundan əvvəlki dönəmlərdə Zelenski bir neçə dəfə Rusiya prezidenti ilə görüşmək istəyini bildirmişdi. Amma hər dəfə Rusiya rəsmiləri tərəfindən, Putin tərəfindən hazırki dönəmdə müzakirə ediləcək məsələ yoxdur kimi cavab  almışdılar. Avqustun 5-də baş tutan Soçi görüşündə Putin fərqli mövqedən çıxış etdi. Ukrayna prezidenti ilə müzakirələrin mümkünlüyünü eyhamla da olsa diqqətə çatdırdı. Hesab edirəm ki, Türkiyə prezidentinin bu məsələdə də vasitəçiliyi uğurlu ola bilər. Türkiyə müharibənin ilk dönəmində də vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Buna İstanbulda keçirilən üçtərəfli görüşləri misal göstərmək olar. Amma əfsuslar olsun ki, ondan sonra Buçada və İrpendə hərbi cinayətlər baş verdi deyə, danışıqlar nəticəsiz başa çatdı. Hesab edirəm ki, indi danışıqlara başlamağın yolları axtarılıb tapıla bilər, ortaq məxrəcə gəlinə bilər”.

Partiya sədrinin fikrincə, bu gün Rusiya prezidentinin vasitəçilik missiyasında qəbul edə biləcəyi tək tərəf Türkiyədir: “Rusiyanın siyasi və iqtisadi, eyni zamanda hərbi cəhətdən çökdürülməsinin labüdlüyü artıq göz qabağındadır. Bunun üçün zamana ehtiyac olmasına baxmayaraq, hər halda Rusiya onun fərqindədir ki, hadisələr heç də öz istədiyi ssenari üzərindən davam etmir. Ona görə də Rusiya prezidentinin mövqeyində müəyyən yumşalma hiss olunmaqdadır. Təbii ki, Türkiyənin vasitəçiliyi ilə hər hansı bir nəticəyə gəlinməsi  Rusiyanın da maraqlarına xidmət edir. Ukrayna da müharibənin dayanmasına maraqlıdır.Amma Kiyevin çox ciddi mövqeyi var ki, Ukraynanın suveren əraziləri heç bir halda müzakirə mövzusu ola bilməz”. 

A.Əlizadə hesab edir ki, istənilən halda müharibənin dayandırılması nə vaxtsa mümkündür: “Nə qədər tez olacaqsa, hər iki tərəf üçün və bütövlükdə region üçün, eləcə də dünya dövlətləri üçün daha az fəsad yetirərlər.  Ukraynada üçtərəfli görüşdə əsas müzakirə mövzularından biri müharibənin dayandırılması və Rusiya-Ukrayna arasında münasibətlərin normallaşdırılması oldu  və çox güman edirəm ki, müsbət irəliləyişə doğru hansısa addımlar müəyyən edildi. Rusiya-Ukrayna və Qərb tərəfi Türkiyənin vasitəçiliyi ilə müharibənin dayandırılması istiqamətində pozitiv addımların atılmasının şahidi olacaqlar”.

Səid İsaoğlu,
SİTAT.İNFO