AMİP-30

“Laçını erməniyə verənlər də, “Tərtər” cinayətini törədənlər də eyni şəxslərdir” – Arif Paşa bir-bir adlarını sadaladı

Erməni separatçıları Laçını boşaldırlar. Sözsüz ki, bu məlumata ən çox sevinənlər Laçınlılardır. Bəs bu rayon hansı şəraitdə işğala məruz qaldı? Onu qorumaq həqiqətən də mümkün deyildimi? Ümumiyyətlə, Laçının hərbi-strateji əhəmiyyəti nədən ibarətdir?

Bu və digər suallarla 1990-cı illərdə Laçın alayının komandiri olan və bölgəni hamıdan daha yaxşı tanıyan Arif Paşaya müraciət etdik.

Arif bəyin Ovqat.com-a müsahibəsini nəzərinizə çatdırırıq.

 (Əvvəli: “Bizə silahı Etibar Məmmədov vermişdi” – – Arif Paşa ilə müsahibə 

Laçın polisinin vətənpərvərliyi

-Niyə elə edirdilər? Deyirsiniz, ki, sizə əsas əsas silah verən Etibar Məmmədov olmuşdu. Səhv etmirəmsə, o, həmin silahları Naxçıvandan gətirmişdi. Belə başa düşürəm ki, Ayaz Mütəllibov ona razılıq verməmişdi ki,  Gürcüstandan keçirib gətirsin, yaxud Bakıya birbaşa təyyarə ilə daşısın. O da məcbur olub, Naxçıvana gətirmişdi. Deyəsən, Naxçıvandan Gəncəyə təyyarə ilə yola salmışdılar və Gəncədən də rayonlara paylanmışdı. Niyə Azərbaycanın o vaxtkı rəhbərliyi imkan vermirdi ki, insanlar silahlansın, özünü müdafiə etsin, torpaqlarını qorusun?

-Xatırlayırsınızsa, 1991-ci il mart ayının 17-də SSRİ-nin qalıb-qalmaması ilə bağlı referendum keçirilirdi. O vaxtı Xalq Cəbhəsində belə bir prinsip vardı ki, özün təşəbbüs göstərib hansısa bir aksiyanı keçirə bilərsən. Biz Azərbaycanın SSRİ-nin tərkibindən çıxması yolunda təşəbbüs göstərib həmin vaxtı böyük bir aksiya keçirdik. Həmin vaxtlarda rus hərbi hissələri gəldi, bizi mühasirəyə aldı. O zaman möhtəşəm bir hadisə oldu. Laçın polisi gəldi, rusları mühasirəyə aldı və onları tərksilah etdilər. Bu, tarixi bir hadisə idi.  Fundamental dəyişiklik, bax, o zaman yarandı. Məhz ictimai şüurun bu şəkildə dəyişilməsinin nəticəsi idi ki, 1991-ci 18 oktyabrda müstəqillik aktını qəbul etmək istəməyən Azərbaycan rəhbərliyi zamanın tələbini nəzərə alaraq,  xalqın qəzəbinin kükrəməsindən qorxaraq, buna getdi. Halbuki ondan 5-6 ay əvvəl SSRİ-nin saxlanması haqqında referendum keçririlməsinin təşəbbüskarı da həmin hakimiyyət olmuşdular. Eyni adamların 6 ayda dəyişilib, milli qüvvəyə çevrilməsi vətəndaşların beynində baş vermiş inqilabi dəyişikliklə əlaqədar idi. Ona görə də biz çətinliklə olsa belə, rus ordusunu tərksilah edə bilirdik. Böyük çətinliklər yaradılırdı.

Qarabağ ermənilərinə silah hardan gedirdi?

-Arif bəy, sizin dediklərinizdən maraqlı bir sual ortaya çıxır: bəllidir ki, istər o vaxt, istərsə də indi Qarabağı Ermənistanla birləşdirən tək yol vardı, o da Laçından keçirdi. Sizin özünüz də deyirsiniz ki, Laçında insiativ tamamilə milli qüvvələrin əlində idi. O zaman Laçın işğal edilənə qədər erməni separatçıları silahla necə təchiz olunurdular?

-Ermənilərin Laçın yolundan keçərək Qarabağı hərbi sursatla təchiz etməsi hələ 1989-cu ildən kəsilmişdi. 26 iyul 1989-cu il tarixindədə Lacın şəhərində “Köhnə poçt” deyilən yerdə Ermənistandan Qarabağa sübhəli yüklər keçirən erməni – rus birləşmələri ilə aramızda toqquşma olmuşdu. Bizimkilərdən 17 nəfər yaralanmışdı. Təqribən bir o qədər də erməni və ruslardan yaralanan vardı. Hətta düşmən tərəfdən bir pokovnikin aldığı xəsarətlərdən öldüyünu də eşitmişdik. 31 iyul 1989-cu ildə  biz Ermənistan və Xankəndini Laçından keçərək birləşdirən yolu tamamilə bağladıq. Ona görə də dediyiniz təminat ancaq hava nəqliyyatı vasitəsilə həyata keçirilirdi.

-Sizdə deyəsən bir “Qaranquş dəstəsi” var idi.

-Yox,”Qaranquş” Qubadlıda idi. kəşfiyyat qrupu idi, Aqil Məmmədovun dəstəsi idi.

Onların taleyi necə oldu? Hər halda, əlaqəniz olardı.

– Biz Laçında hərbi alay yaradandan sonra ətraf rayonlara da kömək etməyə başladıq. Məsələn, bizim müdaxiləmizlə mənim çox yaxın qardaşım Adil Həşimovun batalyonu üçün yerin, silahların alınmasını təşkil etdik. Digər əlimiz çatan yerlərə də kömək etdik. Həmin “Qaranquş dəstəsi” müstəqil kəşfiyyat dəstəsi idi, ancaq, Adil Həşimovun batalyonuna (2-ci batalyon deyirdilər) 851 saylı batalyona bağlı idi. Onlara da münasaibət çox ögey idi. Təəssüf ki, Azərbaycanda hərbi hissələrin güclənməsinə və aktiv fəaliyyətinə ölkə rəhbərliyi o vaxt barmaq arası baxırdı. Son zamanlara qədər əsgərlərimizə bu ögey münasibət davam edirdi. Bu gün hamı “Tərtər faciəsi”ndən danışır. Həqiqətən də bu, dünya tarixində misli görünməmiş şərəfsizlikdi. Mən fikirləşirəm ki, bu cür xəyanətlər milli zəmində baş verir və orduda aparılan bu siyasətlərin başında antimilli ünsürlər dayanırdı. Çünki heç kim öz millətinə qarşı bu xəyanətləri edə bilməz. ASALA, PKK, QRU qüvvələrinin bizim xalqımıza qarşı hazırlanan qırğın planı idi, özü də seçilmiş oğlanlarımız məhv edilirdi. Bu proses Azərbaycan ordusu yaranan gündən davam edir. Kim deyirsə, bu xəyanətlər 2017-ci ildən başlayıb, doğru danışmır. Belə xəyanətlər 1991-ci ildə Azərbaycan ordusu yaranan gündən başlayıb. Eyni münasibətlər bizə qarşı da göstərilib. Sadəcə, o vaxt antimilli ünsürlər   zəif idilər, şəbəkələşməmişdilər. O vaxt həmin adamların gücü bizim getdiyimiz yollara mina basdırmağa, daldan güllə atmağa, xəyanət etməyə çatırdı. Həmin antimilli ünsürlər bizim haqqımızda etimadsızlıq mühiti yaratmağa, şaiələr uydurmağa çalışırdılar.

-Kimlər idi həmin antimilli ünsürlər? Adlarını çəkə bilərsiniz?

-Hansının adını deyim? Onların əksəriyyəti indi də və ya son zamanlara qədər vəzifədədir. Onlar fərdi qaydada fəaliyyət göstərmirdilər ki. Bir şəbəkə, sistem kimi fəaliyyətdə idilər. Həmin adamlar indi gücləniblər, maliyyə qaynaqları əldə ediblər. İndi insanlara lom soxurlar, toka verirlər. O vaxt isə bizim hamımızı həbs etmişdilər, gücləri ona çatırdı, indi  gücləri daha çox əclaflığa çatır. Sistem həmin sistemdir, həmin şəbəkədi.

“Rüşvət, korrupsiya ölkəni məhv edir, səhiyyə, təhsil sistemi batır”

-Deyirsiniz, həmin sistemdəki şəxslər də indi öz vəzifələrini qoruyurlar?

-Bəli, bugünkülərin də çoxu elə həmin şəxslərdir, onlar öz xəyanətlərini indi də davam etdirirlər.

-Gəlin, konkret adlar çəkək. Məsələn, Kəlbəcərin verilməsində Nəcməddinin adını çox hallanır. Laçının verilməsində də onun rolu vardı?

Şuşanı erməniyə satan generalın sinəsi medallarla doludur

– Bilirsiniz, necədir? Mən Nəcməddindən tutmuş üzü belə, hamısından soruşuram: deyirsiniz ölkədə “5-ci kolon” var, əgər bu ittihamlarınızda səmimisinizsə, niyə “5- kolon”la savaşan oğlanların hamsını siz özünüz məhv elədiniz? Mən içəridə niyə yatmalıydım? Təkcə mən yox, demək olar ki, bütün milli qüvvələr həbslərə  düşdülər. Bu dövləti mən qurmuşam, bu dövətin sahibi mənəm. Bu gün Azərbaycan bir çox mənada anti-Azərbaycançı qüvvələrin əlindədir. Hansı sahəyə baxırsan dağılır, rüşvət, korrupsiya ölkəni məhv edir, səhiyyə, təhsil sistemi batır. Ölkə hər sahədə tar-mar olunur…

 “Bu gün Azərbaycan anti-Azərbaycançı qüvvələrin əlindədir”

-Ordu təkcə silahdan ibarət deyil, başqa problemləri də var: geyim, ərzaq və s. Siz heç olmasa o vaxt bunlarla təmin olunurdunuzmu?

– Dövlət tərəfindən heç nə olunmurdu. Rəhim Qazıyev hamı tərəfindən söyülür, amma  Rəhim Qazıyev gələndən sonra müsbət mənada çox şeylər dəyişməyə başlamışdı. 

 –Amma Rəhim Qazıyevi də çox ittiham edirlər. Deyirlər ki, Şuşanı o verib. Şuşanı o veribsə, deməli Laçını da o verib…

– Mən orada olmuşam, olanı deyim və sübut edim ki, Şuşanı kim verib?

“Təsəvvür edin, Azərbaycan Ordusunun Baş Qərargahın rəisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) nümayəndəsi idi”.

– Əlbəttə, elə mən də bunu istəyirəm…

 -Elbrus Orucov və onun tabeçiliyinə olan komanda…

“Şahin Musayev indi hardadır, bilirsiniz?”

 -Onlar indi də Müdafiə Nazirliyində işləyirlər?

-Elbrus oradan çıxdı getdi, hərbi ataşşe oldu. Ukrayna əsilli bir mayor vardı, o, mənə deyirdi ki, Elbrusun əmrinə baxıram, mən bu əmrləri anlamıram. Mayor təccüblənib ki, bu adam niyə belə əmrlər verir. Turşsuda, Laçında baş verən prosesləri desəm, adamın başının tükü biz-biz olar. Bir də Elbrus Orucovun birbaşa tabe olduğu Baş Qərargah rəisi Şahin Musayev Şuşanın, Laçının verilməsində böyük rol oynayıb. Şahin Musayev indi haradadı, bilirsiniz?

-Yox, bilmirəm, hardadır?

-Rusiyada. Bütün bu bəlaların kökü haradan qaynaqlanırdı? – Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi orqanı olan Baş Kəşfiyyat İdarəsindənTəsəvvür edin, Azərbaycan Ordusunun Baş Qərargahın rəisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) nümayəndəsi idi. 1992-ci ilin aprel ayının 24-də Bakıdan mənim yanıma adam göndərdilər. Adam gəlib dedi ki, mən rusları tərksilah edərək götürdüyüm texnikaları – 3 tank, 32 BTR, 7 haubitsanı Bakıya verməliyəm. Dedim, anlamıram, Bakı bizə silah verməlidir, yoxsa biz Bakıya kömək etməliyik? Üstəlik, bu o zaman baş verir ki, Rusiya qəzetləri açıq şəkildə yaxın günlərdə Şuşa şəhərinin işğal olunacağını yazırdılar. Ermənilərin “Dağlarda toy” əməliyyatına hazırlaşdığı barədə xəbərlər verilirdi. Yəni hətta keçiriləcək əməliyyatın adı belə bilinirdi. Bizim özümüzün də bu barədə kəşfiyyat məlumatlarımız vardı. Əilimizdəki rabitə vasitələri İrəvandan Moskvaya qədər efiri izləməyə imkan verirdi. Mən əldə etdiyim məlumatlar bu barədə MTN-nə də məlumatlar göndərmişdim. Mərkəzdə də bilirdilər ki, ruslarla ermənilər arasında ciddi danışıqlar gedir. Bizə məlumat gəlmişdi ki, mayın ayının 15-nə qədər Laçının Eşşək Meydanı adlı ərazisindən toplar çıxarılmasa, bu rayon mərkəzinin işğalı çətinləşəcək. Açıq-aydın şəkildə Laçının işğalı planlaşdırılırdı və bizim də, paytaxtın da bundan xəbəri vardı. Belə bir məqamda gəlib bizim ağır texnikamızı əlimizdən almaq istəyir, Laçın polkunu Cəbrayılın Ziyarət dağına hərbi əməliyyata göndərmək istəyirdilər. Özü də yalançı əmrlərlə. Sonradan məlum oldu ki, bu əmr saxta imiş, Müdafiə Nazirliyinin ondan xəbəri yoxdur. Mənim arxamca bir casus da salmışdılar, sui-qəsd planı qurmuşdular. Bunlar alınmayanda isə, aprel ayının 30-da 0151 nömrəli əmrlə məni işdən azad etdilər. Ondan bir gün sonra verilən 0153 nömrəli əmrlə Elbrus Orucov həmin əraziyə məsul komendant və 4-cü istiqamətin komandanı təyin olundu. Sizcə, 0151 nömrəli əmrlə işdən çıxarılan bir adamın 0153 nömrəli əmrlə işə təyin olunan adama tabeçiliyi qalırmı? 

-Məntiqlə yox.

-Maraqlı məsələdir ki, bizim möhtərəm hökumətimiz məni həmin 0153 nömrəli əmrlə komandir təyin olunmuş şəxsə tabe olmamaqda ittiham edirdi. Guya, mən onu ölümlə hədələmişəm, təhqir etmişəm.

-Həqiqətən də təhdid etmişdiniz? Çünki bu qədər xəyanətləri görən Arif Paşa kimi milli hissləri güclü olan insan həqiqətən də bu addımı atardı?

-Yox, heç bir təhdid və təhqir hadisəsi olmamışdı. 

-Amma məncə, təhdid etməməyiniz düzgün deyildi.

-Bəli, amma təhdid ediləcək ünvan o deyildi. Müdafiə Nazirliyi məni işdən çıxarıb, səlahiyyətlərimi ona tapşırıb. Mən ona necə etiraz edə bilərdim? Mən paqonuma hörmət edərək bu əmri yerinə yetirməli idim. Mən Laçın polkunda həqiqətən də hərbi nizam-intizam yaratmışdım. Kimin cürəti vardı ki, rəhbərliyin əmrini yerinə yetirməyə. Mən özüm öz əsgərlərimə örnək olmasam, onlardan necə nizam-intizam tələb edə bilərdim? Mən Azərbaycan Ordusunun zabitinə hörmətsizlik edəni bağışlamaz, ən sərt şəkildə cəzalandırardım. Ona görə də Müdafiə Nazirliyinin əmrlərinə özüm də tabe olmalıydım.

“Elbrus Orucov bizi Laçını buraxıb Cəbrayılın Ziyarət dağına hücuma təhrik edirdi”

-Bəy, əgər o zabit xaindirsə və siz də bunu bilirsinizsə, ona hörmət etməli deyilsiniz. Nə olsun, hərbi nizam-intizam, qayda-qanun var? 

-Heydər bəy, ataların bir sözü var, deyir; yıxılacağımı bilsəydim, altıma yorğan-döşək salardım. Azərbaycan Ordusu yeni yaranıb, adam gəlib bizim polka, mundirinin üzərində Azərbaycan Ordusunun rəmzləri, paqonunda nişanı, petliçası və s. Mən də onu həmin gün görmüşəm, hardan bilərdim ki, adam xaindir? Biz onun xain olduğunu o zaman bildik ki, Laçından minalar təmizlənmişdi, artıq xəyanət gözlə görünən hala gəldi. Maraqlı burasında idi ki, o adam bizim polka arpelin 24-də gəlmişdi, burnunu hər yerə soxurdu. Amma onun əmrini mayın 1-də vermişdilər. Bəs 1 həftə əvvəldən niyə rəhbərlik edəcəyi polka gəlmişdi? Üstəlik, bizi Cəbrayılın Ziyarət dağına hücuma təhrik edirdi.

-İşdən çıxarıldıqdan sonra nə etdiniz?

“Biz döyüşlərə ilk başlayanda quş tüfəngi, xəncər, çətinliklə tapdığımız silahlarla vuruşurduq”

-Ukraynaya getməyi planlaşdırırdım. Oradakı dostlarımla ruslara qarşı orda vuruşmaq istəyirdim. Amma sonra Şuşada vəziyyət gərginləşdiyindən Ukraynaya gedə bilmədim.

-Vallah, sizi dinlədikcə, adamı vahimə bürüyür. Deyirsiniz ki, həmin sistem indi də dəyişməyb. Əgər belədirsə, deməli həmin antimilli ünsürlər, satqınlar hələ də Orduya rəhbərlik edirlər. Bəs biz necə 44 günlük müharibəni qazandıq? 

-Həmin vaxtlar orduya münasibət, təminat, təchizatla  bugünkü vəziyyət müqayisə oluna bilməz. Bu gün mükəmməl silahlarımız, 21-ci əsrin texnologiyası, dünyadakı mövqeyimiz, müttəfiqlərimiz var – Türkiyə, Pakistan kimi. Amma bizim dövrümüzdə bunların heç biri yox idi. Bununla belə, əziyyət və zülm baxımından o vaxtın insanlarının əməyini itirmək olmaz. O insanlar quş tüfəngi, xəncər, çətinliklə tapılan silahlarla vuruşurdular. Bizim ən mükəmməl silahımız BTR idi, haubitsalar idi. O da hər yerdə yox idi. Məsələn, bütün nazirlikdə 3 ədəd  AGS-17 vardı, məndə isə bu silahlardan 17 ədəd vardı

-Siz onları rus əsgərlərini tərksilah edərək ələ keçirmişdiniz?

-Bəli.

“İran bizə heç bir kömək etməyib”

Yeri gəlmişkən, İrana bağlı qüvvələr iddia edirlər ki, o vaxt bizim hərbçilərə, əməliyyatlara bu ölkə xüsusi köməkliklər edib. Siz həmin illərdə ən qızğın döyüşlərin getdiyi ərazilərdə ən yüksək vəzifəli hərbçi olubsunuz. Təbii ki, hardan silah almışıq, hardan almamışıq, bu məsələləri ən yaxşı bilən sizsiniz. Nə deyərdiniz bu barədə?

-1988-ci ildə Azərbaycanda ilk dəfə Müdafiə Komitəsi yaratmışam. Onun sədri olmuşam, sonra batalyon və ardınca alay yaratmışam. Alay komandiri olmuşam. 1993-cü ildə həbs olunan vaxta qədər mən bütün proseslərə   ciddi şəkildə müdaxilə etmişəm, görünən, görünməyən şəkildə. Ola bilsin ki, hakimiyyət dəyişəndən sonra kömək ediblər. Amma mənim bildiyim dövrdə kömək etməyiblər. 

-Hakimiyyət dəyişiləndən sonra bizimkilər itirə-itirə gedib. Bu necə köməklik idi ki, bizim torpaq itkilərimizə səbəb olub?

-Bu sualın cavabını mən yox, indiki hakimiyyət nümayəndələri verə bilər. Mən özümün səlahiyyət müddətimə aid məsələləri bilirəm. Birincisi, məntiq var, İran hökuməti Əbülfəz Elçibəyin başçılıq etdiyi hökumətə nə üçün kömək etməli idi? Sizcə, edərdimi? Görünən dağa nə bələdiçi? İran 44 günlük müharibədə bizim qabağımızda əngəllər yaradıb, yolu 13 km. uzatdırıb çoxlu şəhidlər verməmizə səbəb olub. Bu gün də uğurumuzu süngü ilə qarşılayır, narazılığını ifadə edir. Bizim o boyda ərazimiz gedəndə İran niyə etirazını bildirmirdi?

“Etibar Məmmədov həmin dövrlərdə Laçın üçün nə edə bilərdisə, hamısını edib

 -Aydındır. Bilirsiniz ki, hər 2-3 ildən bir Laçın işağlı ilə bağlı məsələ ortalığa çıxanda mütləq Etibar Məmmədovun adı hallandırılır. Siz prosesdə başdan-axıracan orada olan adamsınız. Mənə maraqlıdır, Etibar Məmmədov nə edə bilərdi və bunu etmədi? 

– Əvvəla, mən sizə deyim ki, Etibar Məmmədov həmin dövrlərdə Laçın üçün nə edə bilərdisə, öz gücünə nə etmək mümkün idisə, ordu quruculuğu üçün hamısını edib, hətta özünün imkanları xaricində belə hər şey edib. O vaxt mən ərkyana şəkildə Elçin Abbasovu Etibar Məmmədovun yanına göndərdim, istənilən şey-məsələn, pulemyot lazımdır, qiyməti 17-20 minədir və onu almaq lazımdır, alırdı. Bax, o 850 silah məsələsi, geyim, rabitə sistemlərinin əldə olunmasına müxtəlif köməkliklər edirdi. Etibar Məmmədovun Laçına köməklərini danmaq çox böyük haqısızlıq və nankorluq olar. İkinci bir tərəfdən, mən həbs olunanda maraqlı bir nüans oldu. Qəzetlərin birində məhkəmədən bir gün qabaq bir yazı çıxmışdı. O yazıda yazılırdı  ki, o vaxt hərbi strukturda xainlər vardı və başında Arif Paşayev dururdu. Bu iddia nəyə hesablanmışdı? Hesablanmışdı ki, mən qəzet oxuyuram, qəzet də AMİP-ə yaxın qəzetdir. İstər-istəməz bizim aramıza inciklik düşəcək. Bunlar məni tanımırdılar,   mən hətta düşmənimə qarşı namərdlik, haqsızlıq  etmərəm, qalsın ki, Etibar Məmmədova. Bu hesab da özünü doğrultmadı. Mən də götürdüm, Etibar Məmmədova bir “zapiska” yazdım. Səhəri günü onlardan tələb etdi ki, məndən üzr istəsinlər və istədilər də. Bu təxribatları törədənlərin çoxu kimlər idi? – Qəbələdən gələnlər. Bu yaxınlarda bir adam mənə deyir ki, Etibar Məmmədovun batalyonu gəlmişdi Laçına, bu batalyon dar macalda bizi qoyub qaçdı. Dedim ki, a kişi, o, Etibar Məmmədovun batalyonu deyildi. 

Bilirsiniz, Etibar Məmmədovun həyat yoldaşı Laçındandır. Adamın Laçına gəlməsi, həm qohumlarına, dostlarına baş çəkməsi təbii idi. Mənim tutaq ki, qohumlarım bir rayondadır. Həmin rayonda da belə bir gərgin vəziyyət yaranıb, mən, əlbəttə, ora getməyi özümə borc bilirəm. Adam gəlib görsün ki, qohum-əqrabası sağ-salamatdımı, dostlarına nə kömək lazımdır? Bakıda ondan xahiş ediblər ki, Qəbələdə toplanmış, amma tam təchiz olunmamış, hazırlıq vəziyyəti yüksək səviyyədə olmayan dəstə var. Laçında da vəziyyət ekstermaldı, bu qrupu Laçına göndər. Etibar Məmmədov da həmin dəstəni gətirib bizə təhvil verdi. Biz də onu ertəsi gün Elbrus Orucova təhvil verdik. Ayın 11-də şəxsən mən təhvil vermişəm. Bunların Etibar Məmmədova heç bir aidyyatı yoxdur. Və onlar ərazini tərk edəndə mən onların formasını çıxartdım, onlara rüsvayçılıq forması olan “qara rova” geyindirdim. Bir yoldaş var idi, xidmət zamanı içki içmişdi, mən onu da formadan məhrum etmişdim, ona dedim ən ağır cəza insanı formadan məhrum edib, “qara rova” geyindirməkdir. Rəhmətlik atam da gəldi, xahiş etdi ki, bu qərarı geri götürüm. Çünki həmin adam çox hörmətli bir nəslin nümayəndəsi idi. Dedim, ata, sən mənim qibləgahımsan, amma bu işə qarışma. Bu məsələ ata-oğul məsələsi deyil. 

Mən demirəm, Qəbələdən gələn qrupun hamısı elə idi, onların içərsində vətənpərvər oğlanlar da vardı, həmin o tərk edənlər də gəlib o vaxt burda mənim əleyhimə yazı vermişdilər. Elə düşünmüşdilər ki, mən Etibar Məmmədovun əleyhinə ifadə verəcəm. Orada bir nəfər Laçından olan bir adamı aldatmışdı ki, sənin oğluna milli qəhraman verərik. Sən de ki, Etibar Məmmədov gəlib deyib ki, siz ermənilər gələndə qaçın. Mən həbsdə idim və adama məktub göndərdim, dedim ki, oğlunun qanı ilə alver etmə. Şəxsən mənim qüruruma toxunur ki, yaxından tanıdığım adama böhtan atılır, haqqında yalan danışılır. Mənim həmişə torpaqların işğalı ilə siyasi alver etməyin tərəfdarı olmamışam. Sənin siyasi rəqibin var, torpaq getdi, yıx bu adamın üstünə, doğru deyil. Torpaq elə müqqədəs dəyərdir ki, hətta cəmiyyətin ən əxlaqsız adamı belə, bu barədə birmənalı mövqe sərgiləyir. Düşünür ki, bu mənim vətənim və torpağımdır, qalsın ki, siyasi xadim, vətən yolunda əziyyət çəkmiş kişi. Bu şeylər bizə yaraşmır. Laçına təkcə Etibar Məmmədov gəlməmişdi, ora Qurban Məmmədov da, Xaliq Bahadur da, Arif Hacıyev də gəlmişdilər və bu adamların hamısı bizə kömək etməyə çalışırdılar. Laçının işğalında günahkar olanları biz tanıyırıq. Deyir, Həcdən gələn mən, xəbər verən sən? Laçının işğalında günahkar olanları sən orada qan tökən oğlanlardan soruş. Əlim yananda – Etibar Məmmədov, silah, paltar lazım olanda – Etibar Məmmədov, sonra da onun barəsində yalan, böhtan danış və ya buna seyrçi qal. Rəhmətlik Rövşən Cavadov da Laçın üçün çox əziyyətlər çəkib. İsmayıllının Basqal camaatının da Laçının qorunmasında çox əziyyətləri olub. Biz bunları unudası deyilk ki, məni ağa ağ, qaraya qara deyirəm. Laçını erməniyə təhvil verənlər “Tərtər faciəsi”ni törədən çətədir. “Tərtər işi”ndə mən bir adamı yox, bu çeteni xəyanətkar sayıram. Həmin çətə bizim də başımıza min bir oyunlar gətirdi. Sonra yalandan şayiə yaydı ki, Şuşanı Ramiz Qəmbərov, Laçını Etibar Məmmədov satıb. Həmin bu işi görənlərlə “Tərtər işi”ni görənlər eyni adamlardır. Mən daha nə ad çəkim? Bütün adlar çəkilib. Bütün adları çəkilənlərin hamısını mən günahkar sayıram. 

Söhbətləşdi: Heydər Oğuz,
Ovqat.com