AMİP-30

“Bu ünsürlər Azərbaycana ekstradisiya olunmalıdır” – Deputatla Vaşinqton SÖHBƏTİ

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə sonuncu qonağı parlamentin İnsan Hüquqları Komitəsinin sədr müavini Arzuxan Əlizadədir. Deputatla müsahibədə son hadisələrdən danışmışıq.

– Arzuxan bəy, Vaşinqton və Münxen olaylarında Rusiyanın izi olduğu fikirləri səslənir. Sizcə, bu kampaniyada Moskvanın əlinin olması mümkündürmü?

– Rusiyanın bu kampaniyanın arxasında olduğu ehtimalı var. Amma təkcə Rusiya deyil. Ümumiyyətlə, yanaşmam budur ki, Qarabağdakı qələbədən sonra Azərbaycan dünya sioasi səhnəsində diqqət mərkəzinə gəlib. Bizim müstəqil siyasətimizi qəbul etməyənlər arasında şimalda, cənubda qonşular da var, Qərbdə dövlətlər də. Təəssüfedici hal odur ki, bu dəfə öz içimizdə olan ünsürlərdən istifadə edilir və çirkin bir kampaniya aparılır. Bu şəxslər özlərini bloqer adandırır, söz azadlığı carçısı kimi qələmə verir, amma tərbiyəsizlik edirlər. Onlar Azərbaycanın milli-mənəvi və ailə dəyərlərinə zərbə vurur. Prezident və dövlət rəhbərliyində olan digər şəxslər Azərbaycanın atributlarından biridir. Ona görə də bu çirkin hücumları pisləməklə yanaşı, təkcə dövlət rəhbərliyinə yox, özümüzə qarşı bir hibrid hücum kimi qiymət verməliyik.

– Bəs bu kampaniyaları dayandırmaq üçün hansısa addımlar atılmalıdırmı, yoxsa mövsümi xarakter daşıyır?

– Bu şəxslərlə bağlı qanuni çərçivədə tədbir görülməlidir və Azərbaycana ekstradisiya olunmalıdırlar. Çünki pis presedentə son qoyulmalıdır. Bu ünsürlər indiyə qədər heç azad olunan ərazilərimiz, 44 günlük qələbəmiz haqda bir dəfə danışmayıblar. Ancaq bütün çirkinlərə əl atırlar. Üstəlik, bu kampaniyadan erməni diasporu da istifadə edir. Bu adamlar pul, ya hansısa maraqları müqabilində ələ alınıblar.

– Əgər bu məsələ kampaniya xarakterlidirsə, hansı siyasi səbəblər var ki, məhz indi bu proses sürətləndirilib?

– Azərbaycanın qlobal miqyasda gücü qəbul olunur, ABŞ-la xartiya imzalanıb, münasibətlərimiz yüksək səviyyəyə çatıb. Ümumiyyətlə, Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dövlətə çevrilib və regiondakıı əsas layihələrin hərəkətverici qüvvəsi ölkəmizdir. Bunu da həmin qüvvələr həzm edirlər. Bu baxımdan, istisna etmirəm ki, proseslərin arxasında Rusiya dayana bilər. Çünki Avropa Rusiya ilə “soyuq müharibə” şəraitində olsa da, Moskvanın Qərb təsisatlarında əli var. Bu gün isə Rusiyanın Cənubi Qafqazda təsiri zəifləyib, Ermənistan üzərindən Azərbaycana təzyiq imkanı əlindən çıxıb. Ona görə bu kampaniyanın təşkilində əli ola bilər. Çünki biz həm də Ermənistanın suverenliyini saxlamaq imkanı yaratmışıq və Rusiya təsirindən çıxmaqdadır. Bu da Kremlin xoşuna gəlmir.