AMİP-30

Partiya sədri: “Hər iki dövlətin səfirlərinə sual verilməlidir ki, ərazi bütövlüyünü tanımadıqları ölkədə nə işləri var?”

“Şuşa şəhərində Beynəlxalq konfrans keçirilib. Bir çox aparıcı dünya dövlətlərinin Azərbaycanda akreditasiya olunmuş səfirləri və səfirliklərin işçiləri, ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayədəliklərinin rəhbərləri və işçiləri, hərbi attaşelər də daxil olmaqla, 160-dan çox diplomat iştirak edib. Bu, onların işğaldan azad olunmuş ərazilərə ilk səfərləri deyildi. Xarici diplomatlar ilk səfərlərdə ərazilərimizin ermənilər tərəfindən hansı vandallığa uğramasının, hansı vəziyyətə gətirilməsinin şahidi olmuşdularsa, bu dəfə həmin ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar. Bu səfərdə xoşagəlməyən hadisə odur ki, ABŞ və Fransa səfirləri bu dəfə də Şuşaya səfərdən imtina etdilər. Bunu Azərbaycan Prezidentinin köməkçisi də açıq şəkildə bəyan edib”.

Bunu TNS-ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

Partiya sədri bildirib ki, həm ABŞ, həm də Fransa 30 il ərzində Azərbaycan və Ermənistan arasında mövcud olan problemin danışıqlar yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsdərləri idi: “Minsk qrupu bu müddət ərzində problemi sülh və danışıqlar yolu ilə həll etmək əvəzinə, cinayətkarcasına fəaliyyətsizlikləri ilə problemin uzanmasına, torpaqlarımızın işğal altında qalmasına, bir milyondan artıq qaçqınımızın dədə-baba yurdlarına qayıda bilməməsinə, şəhidlər verməyimizə səbəb olub. Bu iki dövlət 30 il ərzində sərgilədiyi mövqeyi  bu gün də davam etdirməkdədir. Onlar bu gün də ATƏT-in Minsk qrupu kimi lazımsız qurumun yenidən dirçəlməsinə vəsilə olmaq istəyirlər. Bu günlərdə ABŞ-ın Dövlət katibi tərəfindən  Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edilməsi, ona ATƏT-in Minsk qrupunun həmsədri statusunun verilməsi bir daha onu deməyə əsas verir ki,  onlar baş verən hadisələrdən özləri üçün lazımi nəticə çıxarmayıblar və Azərbaycan dövlətinin iradəsinin əksinə olaraq  fəaliyyət göstərməkdədirlər”.

Arzuxan Əlizadə Azərbaycan dövlətinin birmənalı şəkildə “Dağlıq Qarabağ”  adlı ərazi vahidinin olmadığını bəyan etdiyini deyib.

“Qarabağ problemi adlı ifadə heç bir halda qəbul edilə bilməz və ona görə də ATƏT-in Minsk qrupunun  fəaliyyətinə ehtiyac yoxdur. Azərbaycan həmin qurumun yerinə yetirməli olduğu missiyanı öz gücünə, öz ordusunun hesabına, xalqının, dövlətinin siyasi iradəsi hesabına qısa müddətdə həll edib. Torpaqlarımızın əhəmiyyətli hissəsi işğaldan azad olunub. Yalnız müəyyən bir hissə var ki, o da müvəqqəti olaraq “rus sülhməramlıları” adlandırılan  rus hərbçilərinin  məsuliyyət dairəsi hesab olunan ərazilərdir. Qısa müddət ərzində həmin ərazilərdə də Azərbaycan qanunvericiliyi bərpa olunacaq. Azərbaycan öz gücü hesabına BMT-nin 4 qətnaməsini, Avropa Şurası, Avropa Parlamentinin  qəbul etdiyi qərar və qətnamələri icra etdirib və sübut edib ki, ATƏT-in Minsk qrupuna ethiyac yoxdur”, – AMİP sədri vurğulayıb.

Arzuxan Əlizadə deyib ki, onlar bir müddət bundan əvvəl həm ABŞ-ın, həm də  Fransanın Azərbaycandakı səfirlərinə müraciət ediblər və diplomatları Milli İstiqlal Partiyasının qərargahına dəvət ediblər: “ABŞ-ın səfiri ölkədə olmadığı üçün görüşə onun  siyasi məsələlər üzrə müşaviri gəldi, bir həftə sonra isə Fransanın Azərbaycandakı səfiri partiyamızın qərargahında oldu. Görüş zamanı biz bu illər arzində ATƏT-in Minsk qrupunun həmsədləri olaraq bu dövlətlərin göstərdiyi heç də uyğun olmayan fəaliyyəti, əslində fəaliyyətsizliyi bir daha gündəmə gətirdik, onların ermənilərə havadarlıq etməsindən təəssüfləndiyimizi bildirdik. Xüsusilə də Fransa səfirinə xatırlatdım ki, Azərbaycanda “Total” şirkəti başda olmaqla, 50-dən artıq  Fransa şirkəti fəaliyyət göstərir. Azərbaycan və Fransa arasındakı ticarət dövriyyəsi 2 milyardan artıqdır və bir çox dövlətlərdən daha üstün səviyyədədir. Eyni zamanda, Azərbaycan dövləti, Heydər Əliyev Fondu Fransada bir çox sosial layihələrə imza atıb, bir çox tarixi abidələrin, muzeylərin, dini abidələrin bərpasına öz töhfəsini verib. Bütün bunların müqabilində Fransanın və ABŞ-ın Azərbaycana qarşı mövqeyi, yumsaq desək, başa düşülən deyil. Fransa səfiri etiraf etdi ki, Fransa höküməti ilə Senatı arasında fərq var. Hər halda bizə bu cür təqdim edildi. Səfir Fransa Senatının daha çox erməni lobbisinin təsiri altında olduğunu dedi. Sətiraltı olsa da etiraf etdi ki, burada bir xristian təəsübkeşliyi də var. Fransa ictimaiyyəti bu səbəbdən ermənilərə daha çox rəğbət göstərir. Eyni zamanda bildirdi ki, Fransa Prezidenti Makronla Azərbaycan dövlət başçısı arasında səmimi dostluq münasibətləri var”.

Partiya sədrinin sözlərinə görə, hər iki dövlət 30 il ərzində sərgilədiyi mövqeni bir daha sərgiləyir. Reallıqdan çıxış etmir, reallıqla barışmaq istəmir. Ən əsası onlar Azərbaycanın əldə etdiyi uğuru həzm edə bilmirlər.

“Belə çıxır ki, Azərbaycanın suveren ərazilərini tanımırlar deyə bu səfərlərdə də iştirak etməkdən ehtiyat edirlər. Azərbaycan Prezidentinin köməkçisi çox doğru olaraq mövqeyini ifadə edibdir ki, bundan sonrakı dönəmlərdə bu iki dövlətin səfirləri belə səfərlərə ümumiyyətlə dəvət almayacaqlar. Hər iki dövlətin Azərbaycandakı səfirlərinə sual verilməlidir ki, ərazi bütövlüyünü tanımadıqları ölkədə nə işləri var? Onlar atdıqları addımlardan nəticə çıxararaq reallıqlarla barışmalıdırlar. Əgər bundan sonrakı dönəmdə də regionda sülhün, sabitliyin bərqərar olmasına, qorunub saxlanmasına bu və ya digər formada töhfələrini vermək istəyirlərsə, Azərbaycanla  mövcud vəziyyətə uyğun olaraq münasibətlərin qurulmasında maraqlı olmalıdırlar”, – Arzuxan Əlizadə əlavə edib.

TNS.az