AMİP-30
Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş miqyaslı təxribat törədərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalaması ölkəmizin ərazisinə və suverenliyinə qarşı növbəti təcavüz aktıdır.

Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törətməsinin və sonrasında yaşanan toqquşmaların məsuliyyətini birmənalı olaraq rəsmi İrəvan daşıyır və bu Ermənistanın sülh prosesindən hər vasitə ilə uzaqlaşmaq niyyətində olduğunun göstəricisidir.

Azərbaycan və Ermənistan liderlərinin 31 avqust tarixində Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşündə bu ayın sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişinin mətninin tərtibi ilə bağlı görüş keçirilməsi ilə bağlı bəyanat imzalanmışdır. Danışıqların belə bir mərhələsində Ermənistan tərəfindən Azərbaycanın dövlət sərhəddinin pozulması və baş vermis təxribatlar heç bir halda təsadüfi sayıla bilməz. Görünən odur ki, sülh prosesini diplomatik yollarla uzatmaq mümkün olmadığından Ermənistan prosesi ləngitmək üçün sərhəddə təxribat variantını seçmişdir. Baş verən toqquşmaların ilk dəqiqəsindən etibarən Ermənistanın dəstək üçün KTMT-yə, yəni dolayısı ilə Rusiyaya müraciət etməsi isə məqsədin həm də KTMT bayrağı aıtında Rusiyanın hərbi hissələrini Azərbaycan-Ermənistan sərhəddində yerləşdirmək, eləcə də artıq bölgədə olan Rusiya sülhməramlılarının ərazilərimizdə qalma müddətinin uzadılmasından ibarət olduğunu göstərir.

Azərbaycan Milli İstiqlal Partiyası erməni təxribatları nəticəsində baş vermis toqquşmalardan dərhal sonra ayrı-ayrı beynəlxalq təşkilatların, İran və Fransanın timsalında ayrı-ayrı dövlətlərin Azərbaycan əleyhinə səsləndirdikləri bəyanatları Ermənistana təcavüzü davam etdirmək üçün ümid vermək kimi qiymətləndirir və bunun qəbuledilməz olduğunu bəyan edərək, bu kimi halların təkrar olunmaması üçün dünya birliyindən Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməsi üçün çağırış etmələrini tələb edir.

Azərbaycan Milli İstiqlal Partiyası Ermənistan silahlı qüvvələrinin Azərbaycan – Ermənistan sərhədinin Daşkəsən Laçın və Kəlbəcər istiqamətində genişmiqyaslı təxribat törətməsi nəticəsində Şəhid olan hərbçilərimizin ailə üzvlərinə və  yaxınlarına, bütün Xalqımıza dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyir! Azərbaycan Milli İstiqlal Partiyası olaraq düşmənin istənilən yerdə susdurulmasını vacib hesab edərək Azərbaycan Ordusunun cavab əməliyyatlarını dəstəklədiyimizi bəyan edir və bu istiqamətdə həyata keçirilən istənilən fəaliyyətə dəstək verməyə hazır olduğumuzu bir daha vurğulayaraq hər kəsi bu müqəddəs vəzifəni sonadək həyata keçirmək üçün Ordumuzun, Dövlətimizin yanında olmağa çağırırıq.