Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Qalib Xalq qürurunu bizə yaşadan Şəhidlərimizə, Qazilərimizə, Ordumuza minnətdarıq
Təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımızın azad olunmasından iki il ötür. Xalqımızın tarixinə möhtəşəm Zəfər Günü kimi qızıl hərflərlə yazılan 8 Noyabr həm Azərbaycan xalqı, həm də bütün Türk dünyası üçün Qürur, Şərəf və İftixar günüdür.
Torpaqlarımızın işğal altında olduğu müddət ərzində bir an belə işğalla barışmamağımızın, ordu quruculuğu işində davamlı fəaliyyətin məntiqi nəticəsi olaraq 44 günlük savaşda qalib olaraq torpaqlarımızın əhəmiyyətli hissəsini düşmən tapdağından azad etdik. Bu qələbə sayəsində qürurumuzu qaytararaq Qalib Xalq olmaq sevincini yaşadıq. Güclü Azərbaycan olaraq bölgədəki dəngələri dəyişdirərək yeni reallıqlar yarada bildik. Bütün dünya xalqımızın ədalətsizliklə barışmadığını, milli maraqlarını qorumaq üçün hər bir fədakarlığa hazır olduğunu gördü və görməkdə də davam edir. Regionda marağı olan bütün güclər dərk etdi ki, Cənubi Qafqazda söz və güc sahibi Azərbaycan və qardaş Türkiyədir və bizlərlə hesablaşmadan regional bağlı hər hansı planlar qurmaq mümkün deyil.
Lakin təəssüf ki, bütün bunları dərk etmələrinə baxmayaraq qələbəmizi hələ də həzm edə bilməyən qüvvələr də mövcuddur. Rusiya və İran, eləcə də bəzi qərb dövlətləri ermənilərə havadarlıq etməklə düşməni yenidən dirçəltməyə cəhdlər edir və bununla da regionu nəzarətdə saxlamağa çalışırlar. Amma artıq reallıqlar başqadır, Rusiyanın Ukrayna cəbhəsindəki uğursuzluğu, iranın daxilində baş berənlər, həmçinin, Türk dünyasının oyanışı, Türkiyə və AzərbaycanIn liderliyi ilə Türk dövlətlərinin qlobal gücə çevrilə biləcəyinə zəmin yaradır. Odur ki, hər kəsin bu reallıqları qəbul etməsi və bizimlə təzyiq dili ilə danışmağın mümkünsüz olduğunu dərk etməsi lazımdır.
Təəssüf ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. Müzəffər Ordumuzun minlərlə əsgər və zabiti şəhid olmuş, yaralanmış, mülki insanlarımız erməni terrorunun qurbanına çevrilmişdir. Bizlər təbii olaraq nə erməni təcavüzünü və terrorunu, nə də qanları bahasına bu təcavüzə sinə gərmiş şəhidlərimizi heç vaxt unutmayacağıq və Qalib Xalq qürurunu bizə yaşadan Şəhidlərimizə, Qazilərimizə, Ordumuza daim minnətdar qalacağıq.
İndi bir millət və dövlət olaraq qarşımızda duran ən vacib məsələ qalib ölkə olaraq məhz bizim şərtlər daxilində sülh müqaviləsinin imzalanması, Xankəndi başda olmaqla ətraf ərazilərin separatçıladan təmizlənməsi, Zəngəzur dəhlizinin açılması və soydaşlarımızın tarixi torpaqlarına qayıdışının təmin edilməsindən ibarətdir.
AMİP olaraq hesab edirik ki, bu hədəflərə çatmaq üçün indi milli birliyə həmişəkindən daha artıq ehtiyac var və bir partiya olaraq bu mücadilədə hər zaman olduğu kimi bundan sonra da dövlətimizin, Ordumuzun yanındayıq və istənilən dəstəyi verməyə hazırıq. Zəfər günümüz mübarək Azərbaycan!