AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Kopırkin yalan və böhtana əl atmaqla tamamilə əsassız fikirlər səsləndirib”

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində diplomatik normalardan kənara çıxaraq Qarabağla bağlı əsası olmayan fikirlər səsləndirib:

“Getdikcə çətinləşən şərtlərə baxmayaraq, aydın başa düşmək lazımdır: əgər Rusiya olmasaydı və onun sülhməramlıları bölgəyə daxil olmasaydı, bu gün Dağlıq Qarabağın həmin hissəsindəki Stepanakert olduğu formada qalmayacaqdı. Mən başa düşürəm ki, əhalidə müəyyən məyusluq hissi var, nəzərə alsaq ki, hansısa zorakı hərəkətlər baş verir, indi Laçın dəhlizi bağlanıb… Rusiya əvvəlcədən bu məsələdə tam aydın mövqe bildirib – bu, üçtərəfli bəyanatla ziddiyyət təşkil edir”.

Kopırkin utanmadan deyir ki, Laçın yolunun bağlanması üçtərəfli razılaşmaya ziddir və Azərbaycanı az qala üçtərəfli bəyanatı pozmaqda ittiham edir. Faktiki olaraq Rusiyanın siyasətindən fərqli bir şey ortaya qoyur. Məgər Laçın yolu bağlıdır? Məgər səfir görmür ki, ermənilər Laçın yolu ilə gedib-gəlir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Rusiya səfiri həyasızcasına bütün diplomatik normaları pozur: “Görünən odur ki, Rusiyanın əksər siyasi dairələri beynəlxalq hüququn əsl mahiyyətini anlamaq gücündə deyillər. Birincisi, Rusiya olsa da, olmasa da Azərbaycan dövləti öz ərazisində yaşayan bütün xalqların bərabərhüquqlu, dinc təhlükəsiz yaşayışını təmin edən öz nümunəvi addımları ilə seçilən dövlətlərdən biridir. Bunun sübuta ehtiyacı yoxdur. Azərbaycan dövləti 44 günlük Vətən savaşından sonra bir daha göstərdi ki, bizim bütün addımlarımız sülhün təmin olunmasına xidmət göstərir. Azərbaycan tərəfi 10 noyabr Bəyannaməsində göstərilən bütün bəndlərə əməl edərək, sülhə sadiqliyini bütün dünyaya nümayiş etdirdi. Ancaq “sülhməramlı” adı altında bölgəyə yerləşdirilən rus hərbçiləri öz üzərinə düşən missiya ilə deyil, pozucu fəaliyyətlə məşğul olmağa başladılar. Bununla bağlı yetərincə faktlara rast gəlmək mümkündür. Bütün bunlar ona gətirib çıxardı ki, Azərbaycan dövləti öz sərhəd təhlükəsizliyini  təmin etmək üçün Laçın yolunda sərhəd-keçid məntəqəsi qurdu. Çünkü bu yoldan ermənilər dinc məqsədlər üçün istifadə etmirdi. Onlar bu yoldan Qarabağa silah-sursat daşıyırdılar. Beləliklə dinc Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə təhdid yaranırdı. Bu addım Azərbaycan dövlətinin legitim hüququdur və hər bir dövlətin sərhəd təhlükəsizliyi baxımından qiymətləndirilməlidir”.

Sədr müavini qeyd etdi ki, Rusiya səfirinin fikirləri böhtan xarakterlidir: “Bu baxımdan, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yalan və böhtana əl atmaqla tamamilə əsassız fikirlər səsləndirib. Kopırkin özü də yaxşı bilir ki, Laçın yolu bağlı deyil. Bu yol açıqdır və hər gün yüzlərlə erməni sərbəst şəkildə keçid məntəqəsindən istifadə etməklə hər iki tərəfə maneəsiz gedib-gəlir. Bu yolun bağlı olduğunu dilə gətirmək yolun bağlı olduğu anlamına gəlmir. Baş verənlər Kopırkin kimilərinin gözünün “bağlı” olduğunu bir daha ortaya çıxardı. Rusiya quru əraziləri vasitəsilə 14 dövlətlə həmsərhəddir. Rusiya bu dövlətlərin hər hansı birilə nəzarət keçid məntəqəsini yığışdırsın, kim necə istəsə bu ölkəyə daxil olsun, özləri ilə silah-sursat, narkotik vasitələr daşısınlar. O halda buna razı olacaqlarmı? Bax bu sualı onlara vermək lazımdır. Necə ola bilər özünə rəva bilmədiyin hər hansı bir məsələni başqasına rahatlıqla söyləyəsən? Hələ də Rusiya siyasi dairələri bir çox dövlətlərin sərhəd toxunulmazlığı məsələsini qırmızı xətt kimi qəbul etmir. Elə ona görə bugünkü dünyanın yeni düzənində Rusiya təklənmiş vəziyyətə düşüb. Bu dövlət nəhayət anlamalıdır ki, hər dövlətin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı həmin dövlətin qırmızı xəttidir”.

Vidadi ORDAHALLI

baki-xeber.com