“Razılşamalar Azərbaycanın maraqlarına tam cavab verir” – POLİTOLOQ
Mayın 14-də Brüsseldə keçirilən görüşün məqsədi bir tərəfdən Vaşinqton görüşlərindən sonra Brüssellin yenidən fəallığını artırmağa çalışması ilə bağlı idisə, digər bir məqsədi də ABŞ-da keçirilən görüşlərdə əldə olunan razılaşmaların daha da irəliyə aparılmasından ibarət idi. Azərbaycan olaraq biz istənilən platformada görüşlərə hazır olduğumuzu dəfələrlə bildirmişik. Çünki ortada üçtərəfli bəyanat və bizim təqdim etdiyimiz 5 baza prinsipdən ibarət sülh sənədi var və bütün danışıqlar da məhz bu sənədlər əsasında aparılır. Məlumdur ki, Azərbaycan tərəfi olaraq biz tezliklə delimitasiya və demarkasiya məsələlərinin həll olunmasında, erməni əsilli vətəndaşların inteqrasiya prosesinin sürətləndirilməsində maraqlıyıq”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, bizim indiyə qədər olan danışıqlarda da əsas tələblərimiz Azərbaycanın ərazi bütövlüyünün tanınmasından, ərazilərimizdən erməni hərbi birləşmələrinin çıxarılmasından, o cümlədən də işğal altında olan 8 kəndimizin geri qaytarılmasından ibarət olub: “Bu baxımdan son Brüssel görüşündə əldə edilən razılaşmalar bizim tələblərimizin böyük ölçüdə qəbul olunduğunu göstərir.
Belə ki, açıqlanan rəsmi məlumatlara görə Ermənistan 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisinin toxunulmazlığına birmənalı olaraq qəbul edib. Bu o deməkdir ki, birincisi, Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkib hissəsi olduğunu, ikincisi, həmin sərhədlər çərçivəsində delimitasiya, demorkasiya işlərinin aparılmasını qəbul edir. Ərazi bütövlüyümüzün 86.6 min kvadrat kilometr çərçivəsində tanınması avtomatik olaraq hələ də işğal altında olan 8 kəndimizin də qaytarılmasını şərtləndirir.
Görüşdə yadda qalan məqamlardan biri də regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə irəliləyişə nail olunması ilə bağlıdır. Avropa İttifaqının prezidenti Şarl Mişelin verdiyi açıqlamadan məlum olur ki, bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib.
Digər vacib məqam hər iki tərəfdə əsirlikdə olan şəxslərin azad edilməsi ilə bağlı işlərin sürətləndirilməsi ilə bağlıdır. Xüsusilə də yolunu azaraq, bilməyərəkdən qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı razılaşmanın olması uğurlu nəticədir. Düşünürəm ki, bu razılaşma erməni əsirliyində olan iki əsgərimizin geri qaytarılması ilə bağlı təzyiq imkanlarımızı artıracaq.
Göründüyü kimi 14 may görüşündə əldə olunan razılşamalar Azərbaycanın maraqlarına tam cavab verir. İndi əsas məsələ Ermənistan tərəfinin əldə olunan razılşamaları nə dərəcə icra edəcəyi ilə bağlıdır”.