AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Nikol Reykyavikdə populist çıxışları ilə stəkanda “fırtına” yaratmağa çalışdı”

Ermənistan baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitindəki çıxışı zamanı ziddiyətli fikirlər səsləndirərək, yenə Azərbaycan əleyhinə böhtan xarakterli mövqe sərgiləyib:

“Uzun illər ərzində Qarabağ münaqişəsinin mövcudluğu Ermənistanda demokratiyanın olmaması üçün bəhanə olub. 2018-ci ildə məxməri inqilabımız demokratik inkişaf üçün şərait yaratdı, lakin 2020-ci ilin sentyabrında “Azərbaycan Dağlıq Qarabağa hücum etdi” və Ermənistan müharibədə iştiraka məcbur qaldı. 2020-ci il noyabrın 9-da mən üçtərəfli bəyanat imzaladım və bu, Ermənistanda dövlət institutlarına hücumlara səbəb oldu, lakin biz demokratik nizamı qoruya bildik”.

Paşinyan əlavə edib ki, guya 2021-ci il növbədənkənar parlament seçkiləri öncəsi, mayın 12-də “Azərbaycan Ermənistan ərazisini işğal edib”. O qeyd edib ki, 2021-ci ilin növbədənkənar seçkilərində onlar dinc gündəm təqdim ediblər və uğur qazanıblar. Lakin sülh gündəminə də zərbə vurulub, Azərbaycan 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında yenidən “Ermənistan ərazisini işğal edib”.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Paşinyanın  Avropa Şurasının Reykyavikdə keçirilən iclasda Azərbaycan əleyhinə böhtan xarakterli çıxışı onun məkrli erməni xislətindən irəli gəlir: “Bir sözlə, hakimiyyətdə olduğu dövrdə Paşinyan dövlət ərkanına uyğun olmayan davranışları ilə, konyunktur maraqları ilə gündəm “yaratmaqla” keçinməkdədir. Ermənistanın siyasi lideri  bu sammitdə populist çıxışları ilə stəkanda “fırtına” yaratmağa çalışdı. Ermənistan hara, demokratiya hara?! Lap tutalım ki, Paşinyan Ermənistana “demokratiya” gətirib, bu necə demokratiyadır ki, Paşinyan hakimiyyəti beynəlxalq hüququn elementar bəndlərinə əməl etmir? O hansı “demokratiyadır” ki, separatizmə dəstək verir, dinc insanların həlak olmasını təşviq edir? Təkcə 44 günlük Vətən savaşından sonra Ermənistanın Azərbaycana qarşı mina terroru bütövlükdə bu “dövlətin” əsas mahiyyətini ortaya qoyub. Əgər Paşinyan hökumətinin bu əməlləri demokratik proses kimi təqdim olunursa, vay o demokratiyanın halına. Əgər Ermənistanda demokratik rejim hakimiyyəti təmsil edirdisə, nədən Azərbaycanın 20 faiz işğalda olan torpaqlarının sülh yolu ilə qaytarılmasını ölkəmizə təklif etmədi? Əksinə, təxribatlar yaradaraq əlavə torpaq iddiaları ilə çıxışlar etməyə başladı. Bir sözlə, Paşinyanın bu çıxışı şər-böhtan üzərində qurulub. O hansı uğurdan danışır ki, hələ Azərbaycanın  bir çox kəndləri Ermənistanın işğalı altındadır? Elə bugünədək 10 noyabrda imzalanan üçtərəfli Bəyannamənin şərtlərinə Ermənistan tərəfi əməl etmir. Bu baxımdan sülhə ən ağır zərbəni vuran məhz Ermənistanda hakimiyyətdə olan, bir çox dövlətlərin əlində oyuncağa çevrilən siyasi oyunbazlardı. Azərbaycan dövləti heç bir dövlətin ərazisini işğal etməyib. Bu tamamilə Azərbaycana qarşı aparılan böhtan kompaniyasının tərkib hissəsidir. Paşinyan bu uydurma faktı söyləməklə ənənəvi “məzlum” erməni obrazını yenidən canlandırmağa çalışıb. Artıq dünya erməni yalanlarından bezib. Bu yalanlara inanan yoxdur. Olsa-olsa, Fransa kimi dövlətlər olar”.

Vidadi ORDAHALLI

baki-xeber.com