AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Paşinyanın Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırması siyasi həyasızlığın son həddidir”

Ali Avrasiya İqtisadi Şurasının iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan söz istəyib və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirib.

Paşinyan çıxışında Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırıb. Prezident İlham Əliyev isə bildirib ki, Zəngəzur dəhlizi ərazi iddiaları deyil, nəqliyyat kommunikasiyası mənasını daşıyır.

Paşinyanın Laçın yolunun qanunsuz bağlanması iddiasına cavab olaraq İlham Əliyev bildirib ki, bu yolda dövlət sərhədində keçid məntəqəsi yaradılıb və erməni millətindən olan istənilən ölkə vətəndaşı oradan təhlükəsiz keçə bilər. Yeri gəlmişkən, Prezident İlham Əliyev tutarlı arqumentlərlə Paşinyanı susduranda prosesi izləyən Rusiya prezidenti Vladimir Putin bic-bic gülümsəyirdi.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin çıxışına münasibət bildirərkən Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırması siyasi həyasızlığın son həddidir. Nikol Paşinyan elə bir siyasətçi imici “qazanıb” ki, 5 dəqiqə əvvəl danışdığı sözü elə anındaca inkar edə bilir. Artıq beynəlxalq ictimaiyyət, elə erməni cəmiyyəti də Paşinyanın anormal davraşlarına, demək olar ki, öyrəşiblər. Zəngəzur dəhlizi necə ərazi iddiası sayıla bilər ki, Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan çıxış edərkən hər zaman vurğulayır: “Zəngəzur dəhlizi  açıldığı andan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun fəaliyyət göstərəcək”. Burada hansı ərazi iddialarından söhbət gedə bilər? Azərbaycan dövləti Laçın yolunda sərhəd keçid məntəqəsi qurub. Bu bizim legitim hüququmuzdur. Eyni zamanda ermənilər tərəfindən ərazimizə silah-sursatın daxil olmasının qarşısını almaq üçün nəzarəti həyata keçirmək məqsədilə bu addım atılıb. Bu addımları necə blokada adlandırmaq olar?! Azərbaycan dövləti Laçın yolunda gömrük nəzarəti tətbiq etməyib. Bu, hələlik hüquqi normativlərə əsaslanan təhlükəsizlik məqsədilə həyata keçirilən mühüm bir addımdır. Zəngəzur dəhlizinin hüquqi rejimi necə olacaqsa, bu prosedur Laçın dəhlizində də eyni olacaq. Hesab edirəm ki, Paşinyan bu sərsəm iddiaları ilə nüfuzdan düşdüyü erməni cəmiyyətindən xal qazanmağa cəhd etdi. O hesab etdi ki, bu sözləri deməklə erməni cəmiyyətinin “rəğbət”ini qazana bilər. Yəni bu sözləri Moskvada dilə gətirməklə dolayı yollarla ermənilərə çatdırmaq istəyir ki, baxın, mən hətta  Avropada olduğu kimi, Moskvada da öz sözlərimi “sərbəst” ifadə  edə bilirəm. Əslində Paşinyan Rusiyada  özünü biabır etdi. Avropada keçirilən görüşlərdə Azərbaycanla münasibətlərin normal məcrada davam etdiyini danışan Paşinyan ardınca Azərbaycanın, guya Qarabağı “blokada” şəraitində saxlaması iddiası ilə çıxış edir. Özünü və Ermənistanı Rusiyaya incimiş göstərməyə çalışır. Təbii ki, Rusiya prezidenti Putin Paşinyanın bu oyunlarını yaxşı bildiyindən, Paşinyanın Rusiyadan incik “mesajlarına” gülümsəməklə cavab verdi”.

Vidadi ORDAHALLI

baki-xeber.com