AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Görünən odur ki, hələ də bəzi erməni siyasətçiləri yeni reallıqları dərk edə bilmir”

İndi də Ermənistan sülh üçün təminatçı məsələsini ortaya atıb. Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır.

Onun sözlərinə görə, Rusiya, Avropa İttifaqı və ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdır: “Lakin bunun üçün ən güclü mexanizmi seçmək lazımdır. Tərəflərdən birinin təminatçı olması yaxşıdır, amma bunun kim olacağı barədə düşünməliyik”.

A.Simonyan onu da əlavə edib ki, üçüncü tərəf sülh müqaviləsinin qarantı olmalıdır: “Sülh prosesi başlayıb və biz yaxşı işləməyə davam etsək, müəyyən nəticə əldə edə bilərik. Bəli, siz bizim mövqeyimizi bölüşə bilməzsiniz, ancaq elə bir vəziyyət yarana bilərdi ki, Qarabağda uşaqlar (erməni) dünyaya gələ bilməzdi. Bu gün əlimizdə olanların qədrini bilməliyik”.

Görünən odur ki, Ermənistan tərəfi danışıqlarda hər dəfə yeni tələblə çıxış edir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev Simonyanın fikirlərinə birmənalı yanaşmadı: “Ermənistanın siyasi rəhbərliyi Azərbaycan dövlətinin Vətən müharibəsi qələbəsindən sonra yaratdığı reallıqları yaxşıca düşünüb, dəyərləndirmək məcburiyyətindədir. Ancaq görünən odur ki, hələ də bəzi erməni siyasətçiləri yeni reallıqları dərk edə bilmirlər. Onlar başa düşmürlər ki, bölgənin təhlükəsizlik arxitekturası məhz güclü Azərbaycan dövlətinin səyi nəticəsində qurulmaqdadır. Azərbaycan nəinki Cənubi Qafqazın, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı olmaqla, dünyanın aparıcı dövlətləri tərəfindən uğurlu addımlarına görə çox yüksək qiymətləndirilir. Hələ bu ayrı mövzudur ki, Azərbaycan Ermənistanın işğala məruz qoyduğu ərazilərini öz hərbi gücü, qüdrəti sayəsində azad etməklə, bu bölgənin sülhə qovuşmasına təkbaşına nail olmaqla beynəlxalq təşkilatların etimadını qazanıb. Ermənistan parlamentinin sədri Alen Simonyanın sülh müqaviləsi üçün təminatçı dövlət axtarışı siyasi riyakarlqdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ ərazisində yaşayan ermənilərin təhlükəsizliyi ən yüksək səviyyədə dövlətimiz tərəfindən təmin olunacaq. Ancaq onlardan tələb olunan yeganə şərtimiz ondan ibarətdir ki, Qarabağda separatçı qüvvələr qanunsuz əldə etdikləri silahları təhvil versinlər. Eyni zamanda Azərbaycanın Konstitusiyasında əks olunan qanunlara əməl etsinlər. Bundan sonra onlar Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətimiz tərəfindən diqqət və qayğı ilə təmin olunacaqlar. Əks halda, onlar bu bölgədə sülh yolunu seçməsələr, sərbəst şəkildə bu bölgəni tərk edib istənilən ölkəni özlərinə yaşayış yeri seçə bilərlər. O ki qaldı təminatçı ölkəyə, Qarabağda yaşayan ermənilərə ən yüksək təhlükəsiz yaşamaq hüququnu Azərbaycan verəcək. Ermənistan tərəfə də elə məhz Azərbaycan dövləti təminat verir. Erməni tərəfinin beynəlxalq arenada “arxa-dayaq” axtarışı boş hay-küy qoparmaqdan başqa bir şey deyil”.

Vidadi ORDAHALLI

baki-xeber.com