AMİP-30

Arzuxan Əlizadə: “Ermənipərəst konqresmenlərin cəhdləri vəziyyəti separatçıların xeyrinə dəyişə bilməyəcək”

Ermənipərəst konqresmenlərin Azərbaycana qarşı çağırışları səngimək bilmir. Bu dəfə Baydenə ünvanlanan məktubda ABŞ prezidentini “Artsax” xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etməyə, eləcə də Laçın dəhlizinin bloklanmasına görə Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırıblar.

Konqresmenlər ABŞ prezidentini bütün tərəflərə, o cümlədən Azərbaycan rəsmilərinə başa salmağa çağırıb ki, “Artsax”ın statusu ilə bağlı heç bir yekun qərar bərabər əsaslarla danışıqlarda “Artsax” nümayəndələrinin iştirakı olmadan qəbul edilə bilməz: “Artsax” xalqı siyasi, mədəni və iqtisadi zülmdən azad yaşamaq hüququna malikdir və demokratiyanın müdafiəçisi kimi Birləşmiş Ştatlar bütün xalqlar arasında layiq olduğu tanınmağa nail olmaq üçün “Artsax” xalqını dəstəkləməyə və onun yanında olmağa davam etməlidir”.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə erməni lobbisinin təsiri altında olan konqresmenlərin son günlər ciddi narahat olmasını bir sıra amillərlə əlaqələndirdi: “Mayın 28-də Laçında Prezident İlham Əliyev Qarabağ separatçılarını istefaya getməyə və Azərbaycanın qanunlarını tanımağa çağırıb. Ölkə başçısı qeyd edib ki, belə olduğu halda onlar amnistiyaya ümid edə bilər. Onun bu açıqlamasından sonra ABŞ Dövlət Departamenti yaydığı bəyanatında Azərbaycan tərəfinin bu yanaşmasını müsbət dəyərləndirdi. Bəyanatda qeyd edilirdi ki, biz amnistiya məsələsinə baxılması ilə bağlı Prezident Əliyevin son fikirlərini alqışlayırıq. Məhz bu cümlə ermənilərin, necə deyərlər, atasına od vurdu. ABŞ-ın rəsmi səviyyədə məsələyə bu cür yanaşması ermənilərin ümidlərini qırdı. Əvvəlcə Qarabağdakı separatçılar, sonra Ermənistandakı revanşistlər və diaspora haray saldı ki, Birləşmiş Ştatların məlum mövqeyi separatçıların sonu deməkdir. Məhz ondan sonra ermənipərəst konqresmenlər əl-ayağa düşdülər. Ard-arda Baydenə müraciətlər ünvanladılar. Gah olmayan blokadanı, gah da separatçıların “öz müqəddəratını təyinetmə” məsələsini gündəmə gətirdilər. Ancaq hesab edirəm ki, bunların heç biri vəziyyəti separatçıların xeyrinə dəyişə bilməyəcək. Xüsusən də aprelin 23-də Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsini qurması separatçılara vurulan çox güclü zərbə idi. Bunu nə Ermənistan, nə də erməni diasporu gözləyirdi. Onlar hesab edirdilər ki, Rusiya buna imkan verməyəcək. Azərbaycan sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmaqla, nəinki ora silah daşınmasının, həm də arzuolunmaz şəxslərin Qarabağa daxil olmasının qarşısını aldı. Halbuki, o vaxta qədər fransızlar və ermənilərin təəssübünü çəkən digər xarici vətəndaşlar Qarabağa qanunsuz olaraq gedə bilirdi. Bu, həm separatçıları ruhlandırırdı, həm də onların təbliğ olunmasına şərait yaradırdı. Hesab edirəm ki, bütün bunların önlənməsi və digər görülən tədbirlər separatçıların sonunun çatmasında mühüm rol oynayacaq”.

Vidadi ORDAHALLI

baki-xeber.com