AMİP-30

Bakı-İrəvan anlaşmasına qarşı fransız – rus gizli birliyi

Bakının 5 məlum baza prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalanmasına əsas əngəl əslində İrəvandan çox Moskva və Parisdir. Rusiyanın maneə yaratmasının səbəbləri haqda dəfələrlə təhlillər yazmışıq. Şimal qonşumuz öz maraqları çərçivəsində elə bir “sülh” sənədinin imzalanmasına çalışır ki, Kreml istədiyi vaxt konflikti təzədən qızışdıra bilsin, bölgədə hərbi varlığını saxlasın. Ermənistanın böyük “bacısı” Fransa da Rusiyadan geri qalmır. Rəsmi Paris bir yandan özünü qərəzsiz göstərib guya sülh prosesinə töhfə vermək istəyir, o biri yandan isə altdan-altdan İrəvanın danışıqlarda destruktiv mövqe tutması üçün əlindən gələni edir.

Fransanın kapitulyant ölkəni silahlandırmağa başlamasının, – həm də Hindistan və İran vasitəsilə, – ayrı adı yoxdur. Çünki hərbi cəhətcə dirçələn İrəvan aydındır ki, masa arxasında özünü daha barışmaz və daha həyasız aparacaq, şərt diktə edəcək. Beləcə, rəsmi Parisin Ermənistanı aşkar himayə etməsi, onu silahlandırması sülh danışıqlarına zərbə vurmaqla yanaşı, faktiki Vaşinqtonun moderatorluğu ilə aparılan sülhyaratma prosesinə qarşı açıq təxribatdır. Demək, həm də ədalətli sülhə qarşı olan Rusiyanın əlinə işləyir, dolayısı ilə Moskvaya “pas” verir…

Yeri gəlmişkən, Fransa Ukraynaya təcavüz məsələsində Rusiyaya münasibətdə hələ də qeyri-stabil davranır. Kollektiv Qərb kimi birmənalı Ukraynanın yanında qərar tutmur, nala-mıxa vurur. Bir tərəfdən Ukraynaya dəstək ifadə edir, digər tərəfdən isə Parisin Moskva ilə gizli danışıqlar apardığına dair məlumatlar yayılır. Yəni yenə oxşar taktika. Ümumiyyətlə, bu gün Fransa Prezidenti Emmanuel Makron Avropa siyasətində ən çox korrupsiyaya uğramış bir hakimiyyəti təmsil edir. Məhz onun siyasətinin nəticəsidir ki, Fransada etirazlar səngimir və artıq vətəndaş itaətsizliyi həddinə çatıb. Bu da diqqətçəkicidir ki, BMT-nin rəsmi qurumu olan və mənzil-qərargahı Parisdə yerləşən UNESKO-nun hazırkı rəhbəri fransız Odri Ozile də qatı ermənipərəstin biri olmaqla yanaşı, adı tez-tez korrupsiya qalmaqallarında hallanır.

Bizi isə maraqlandıran bölgədəki proseslərə yarıaşkar, yarıgizli şəkildə çomaq soxan Moskva-Paris birliyidir. Tərəflər sanki qoş addımlayırlar, regiona sülh gəlməməsi üçün öz resursları vasitəsilə mane olmağa çalışırlar. Hətta bu prosesdə Paris-Tehran arasında da nəqliyyat kommunikasiyaları, sərhədlərə nəzarətlə bağlı müttəfiqlik görmək olur. Bəs Vaşinqton nəyi seyr edir? Rusiya ilə Fransanın regionda gizlənpaça oxşayan oyunlarından xəbərdar deyilmi? Yoxsa ABŞ da dayanıqlı sülhdə maraqlı deyil?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a hər iki gücün addımlarını şərh edərkən burada sirr olmadığını vurğuladı. Partiya sədrinin sözlərinə görə, müxtəlif platformalarda, ayrı-ayrı regionlarda gedən münaqişələrdə bu qüvvələr qarşı-qarşıya olsalar da, bizim bölgədə Rusiya, Fransa, Amerikanın mövqeləri az qala üst-üstə düşür: “Buna erməni sevgisi demək olmaz, sadəcə, Cənubi Qafqazda təsirini qoruyub saxlamaq niyyətidir. Ona görə Rusiya və Fransa Qarabağ, ermənilər mövzularında fərqli yanaşmalar ortaya qoysalar da, eyni maraqdadırlar. Əgər sülh müqaviləsi imzalansa, o zaman Rusiya və Fransanın bölgədə varlığına ehtiyac qalmayacaq. Özəlliklə Türkiyənin bizim regionda güclənməsi fonunda Paris və Moskva köhnə mövqelərinə qayıtmağı arzulayırlar. Ona görə hər ikisi Ermənistana silah yardımı edir, hərbi və siyasi dəstək verir, maliyyə ayırır”.

ABŞ-ın bu iki dövlətin davranışlarına müşahidəçi qalmasına gəlincə, AMİP sədri hesab edir ki, bölgədə Vaşinqtonun da iqtisadi və siyasi maraqları mövcuddur: “O da sirr deyil ki, Qərb dövlətləri ilə Amerika arasında ciddi rəqabət var. Lakin Vaşinqton regionda İran olduğunu bildiyi üçün müttəfiqləri ilə əməkdaşlıqda maraqlıdır. Ona görə həm Azərbaycanla münasibətləri genişləndirir, həm Ermənistanda ən böyük diplomatik korpusu saxlayır. Yəni ABŞ-ın maraqları Rusiya və Fransadan böyük ölçüdə fərqlənmir, o da bölgədə mövcudluğu üçün öz siyasətini davam etdirir. Yəni vasitəçilik missiyasında hər üç tərəf səmimi görünmür. Çünki vasitəçilikdə məqsəd kimin sülhü imzaladacağı halda bölgədə dominant olacağıdır. Hədəf budur – region uğrunda mübarizə…” 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”