AMİP-30
AMİP sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə: “Azərbaycanın hərbi və siyasi üstünlükləri Rusiyaya Qarabağda istədiyini etməyə imkan vermir”

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Bu barədə məlumatı özünün Facebook səhifəsində “Qarabağın antiböhran şurasının sədri” Tiqran Petrosyan verib.

O yazır ki, “Qarabağ hakimiyyəti”nin Putinə məktubunda “ölkənin və xalqın” ağır vəziyyətindən bəhs edilir. Qeyd olunur ki, Rusiya tərəfinin bu məsələlərdə “qətiyyətli” addım atmaması Qarabağ ermənilərinin “ölümünə bərabərdir”. Məktubda deyilir ki, ermənilər Ermənistanın indiki rəhbərinə yox, Putinin “ermənilər Qarabağda təhlükəsiz və ləyaqətli yaşayacaqlar” vədinə inanır. Arayik Arutyunyanın ofisində Putinə məktubu şərh etməyiblər. Məlum olub ki, separatçıların məktubuna Putin heç bir reaksiya verməyib.

Bu və digər məsələlərlə bağlı AMİP sədri Arzuxan Əlizadəyə bir neçə sual ünvanladıq:

– Separatçıbaşının Putinə məktubunun cavabsız buraxılması nə deməkdir?

– Məsələ ondadır ki, Rusiya hazırda çox kritik durumdadır. Ukraynada Rusiya çox ciddi müqavimətlə üzləşib. Hətta bəzi istiqamətlər üzrə Ukrayna qoşunları hücuma keçərək əraziləri azad edir. Sanksiyalar səbəbindən rubl getdikcə daha da dəyərdən düşür. Rusiyaya qarşı sanksiyalar genişləndirilir. Ölkə daxilində mərkəzdənqaçma meylləri güclənir. Priqojinin qiyam cəhdi və bundan sonra yaranan vəziyyət göstərdi ki, Putin heç də əvvəlki kimi ölkəyə nəzarət edə bilmir. Belə bir kritik vəziyyətdə Putinin Qarabağ separatçılarının məktubuna cavab verməsi birbaşa Azərbaycanın maraqlarına qarşı getmək demək olardı. Özü də nəinki Azərbaycanın, həm də Türkiyənin. İndiki dövrdə bu Rusiyaya lazımdırmı? Əsla yox. Çünki hər iki ölkə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Rusiya Bosfor və Dardanel boğazlarından istifadə edərək Qara dəniz vasitəsilə gəmilərlə ticarət aparır. Həmin boğazlar Türkiyə ərazisindədir. Azərbaycan Rusiya üçün mühüm əhəmiyyət kəsb edən “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin iştirakçısıdır. Ona görə də Kreml bütün bunları nəzərə alır.

– Belə çıxır ki, Rusiya Qarabağdakı separatçılardan birdəfəlik imtina edir?

– Deməzdim ki, imtina edir. Separatçıların Putinə ünvanladıqları məktubun çavabsız qalması o demək deyil ki, Rusiya onlardan əlini tam üzüb. Əsla bu, belə deyil. Qarabağdakı sülhməramlılar Rusiyanındır. Rusiya İkinci Qarabağ müharibəsində maksimum çalışdı ki, separatçılar ciddi məğlubiyyətə uğramasınlar. Ancaq bunu bacarmadı. Azərbaycan Ordusu canı-qanı bahasına ərazilərin böyük hissəsini işğaldan azad etdi. Görəndə ki, ordumuz Xankəndiyə doğru irəliləyir, Putin müdaxilə edərək rus sülhməramlılarını Qarabağa yeritdi.

– Putin Qarabağın tamamilə azad olunmasına niyə imkan vermədi?

– Ona görə imkan vermədi ki, Qarabağ Rusiya üçün hər iki Cənubi Qafqaz ölkəsini təzyiq altında saxlamaq üçün yeganə vasitədir. Əgər Azərbaycan Qarabağı tam azad etsəydi, o zaman Ermənistan hakimiyyəti Rusiya hərbi bazalarını ölkədən çıxarardı. Həmçinin Ermənistan KTMT-ni və Avrasiya Birliyini tərk edəcəkdi. Paşinyan üçün bu, göydəndüşmə əsas olardı. Azərbaycanda isə zatən Rusiyanın hərbi mövcudluğu yox idi. Məhz buna görə Rusiya erməni separatizminə birdəfəlik son qoyulmasına imkan vermir.

– Belə olan halda nədən Qarabağ separatçılarının Rusiyadan narazılığı artır, gözləntiləri isə özünü doğrultmur?

– Məsələ ondadır ki, Azərbaycanın hərbi və siyasi üstünlükləri Rusiyaya Qarabağda istədiyini etməyə imkan vermir. Azərbaycan Ordusu 2022-ci ildə Qarabağda Fərrux, Sarıbaba, Buzdux kimi olduqca strateji yüksəklikləri nəzarətə götürdü. Nəticədə separatçılar ətrafında halqa daha da daraldı. Bu ilin aprelin 23-də Laçın yolunda qurulan nəzarət-buraxılış məntəqəsi separatçıların nəfəsini kəsdi. O mənada ki, əvvəlki kimi Laçın yolu ilə Qarabağa silah daşımaq imkanından məhrum olublar. ABŞ və Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə siyasi dəstək verir. Bu günlərdə Birləşmiş Ştatların Ermənistandakı səfirinin Qarabağla bağlı açıqlaması bunu bir daha sübut edir. Ona görə də Rusiya Qarabağla bağlı bir sıra planlarını həyata keçirə bilmir. Üstəlik, 2 ildən sonra Rusiya sülhməramlılarının vaxtı başa çatır.

Vidadi ORDAHALLI

baki-xeber.com