Fransadan qəti tələb: Dünyanın eşitmək istədiyi söz Bakı toplantısında
“Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısındakı çıxışı zamanı deyib.
Prezident çıxışı zamanı Fransanın riyakar mövqeyini pisləyib:
“Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.
Dövlət başçısı Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Beləliklə, Prezident İlham Əliyev reallıqları Emmanuel Makrona bir daha xatırladıb. Dövlət başçısı Fransanın ikiüzlü və riyakar siyasəti ilə bağlı reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Azərbaycanın Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya bildirib ki, Makronun fikirləri özünü demokratik hesab edən bir dövlətin prezidentinin açıqlamaları deyil:
“Bu, işğalçıya dəstək vermək və köməyini əsirgəməməklə, faktiki olaraq, öz mövqeyini bildirmək heç bir halda Fransa kimi bir dövlətin prezidentinə başucalığı gətirmir.
Makron bu cür açıqlamalar verməklə vasitəçilik missiyasında iştirakı da hədəfləyir. Düzdür, o, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüşdə də iştirak edib, amma ondan sonra da tərəf olduğunu gündəmə gətirib.
Biz onsuz da, özünü demokratiyanın beşiyi adlandıran bir ölkənin mahiyyət etibarilə müstəmləkəçiliyə, işğalçığıa və soyqırıma yol verdiyinin illər boyu şahidi olmuşuq. İşğalçıya dəstək vermək həmin dövlətinin özünün mahiyyətindən irəli gələn məsələdir. Təbii ki, Azərbaycan rəsmilərinin buna hər zaman çox ciddi reaksiyası olub. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələlərlə bununla bağlı öz mövqeyini ifadə edib.
Fransa öz daxili işləri ilə məşğul olsa, daha yaxşı olar. Fransanın özündə Makrona qarşı etiraz edən xalq kütlələrinə hansı formada amansızlıqla güc tətbiq edildiyinin şahidi olmuşuq.
Əslində Fransanın özünün demokratiyaya ehtiyacı olduğu halda Emmanuel Makron bu istiqamətdə açıqlamaları ilə gündəmə gəlir. Bu isə heç bir halda qəbuledilən deyil və birmənalı olaraq qınanmalıdır. Azərbaycan Prezidenti də ən yüksək platformalarda deyir”.
Partiya sədri vurğulayıb ki, Makron və onun fikrində olan Fransa rəsmiləri mütləq mənada Azərbaycanın mövqeyini nəzərə almalıdırlar:
“Həmçinin, qərəzli açıqlamalardan çəkinməlidirlər. Əlbəttə ki, Azərbaycan əleyinə verdikləri açıqlamalarına görə də üzr istəməlidirlər. Çünki Fransa heç bir halda Azərbaycandan və ya heç bir ölkədən üstün deyil.
Hesab edirəm ki, rəsmi Parisin açıqlamaları digər ölkələr tərəfindən də qınanılmalıdır. Çünki bu, təkcə Azərbaycana deyil, digər dövlətlərə də meydan oxumaq deməkdir.
Fransa Şimali Afrika respublikalarında bu gün də davam edən işğalçı siyasət fonunda Ermənistana dəstəklə gündəmə gəlirsə, ona adekvat cavab verilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev də bunu ən yüksək səviyyədə edir”.
Elmir Mustafa
Cebhe.info