AMİP-30

Partiya sədri: “İran buna məcburdur”

“Birmənalı şəkildə Azərbaycan bütün qonşu dövlətlərlə münasibətlərini müsbət mənada tənzimləyir. İran xarici işlər nazirinin Azərbaycan dövlət başçısı ilə görüşünü müsbət dəyərləndirmək olar. Həmçinin onun səsləndirdiyi fikirlər də müsbət mənada qəbul edilə bilər”.

Bunu TNS-ə açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

Partiya sədri bildirib ki, İran rəsmisinin sözləri gərək əməldə də özünü doğrultsun. 

“Biz son illər ərzində  şahid olmuşuq ki, İran rəsmilərinin ölkəmizə qarşı sərgilədiyi mövqe normal olmayıb. Və ya onların sözləri bəzən məkandan asılı olaraq üst-üstə düşməyib. İran rəsmilərinin səmimiliyinə inanmaq da mümkün deyil. Yalnız biz o zaman İranın səmimiliyinə inana bilərik ki, səfirliyimizə edilən terror ciddi araşdırılsın,  terrorçu cəzalandırılsın. Əgər bu məsələ obyektiv şəkildə araşdırılacaqsa, o zaman Tehrandakı səfirliyimizlə bağlı məsələyə növbəti dəfə qayıtmaq olar”, – Arzuxan Əlizadə qeyd edib.

Partiya sədri deyib ki, İran işğalçı Ermənistana 30 il ərzində dəstək olub. 

“Qarabağ savaşından sonra Azərbaycanın nüfuzu daha da artıb. İran da bunu yaxşı dərk edir. İndiki reallıqlara görə, rəsmi Tehran Azərbaycana qarşı ədalətli davranmaq məcburiyyətindədir. Buna görə də İran dövləti və İran rəsmiləri sözlərində məsuliyyət daşımalıdır. Əks halda sözdə hər hansısa bir səmimiyyət ifadə etməklə İran heç nəyə nail olmayacaqdır”, – Arzuxan Əlizadə əlavə edib.

tns.az