AMİP-30
AMİP sədri Arzuxan Əlizadə

Azərbaycandan qəti mövqe: Dünya bununla hesablaşmalıdır

“Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz”.

Bu fikri Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər:

“Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik”.

Qeyd edək ki, artıq dünya Azərbaycanın gücü və yaratdığı reallıqlarla hesablaşır. Heç şübhəsiz ki, bunun əsas səbəbi də Prezident İlham Əliyevin apardığı daxili və xarici uğurlu siyasətin nəticəsidir. 

Prezident İlham Əliyevin dünya miqyasında hər keçən gün yüksələn nüfuzu və dünyada söz sahibi olması bütün proseslərdə müsbət mənada öz təsirini yüksək səviyyədə göstərir.

Reallıq budur ki, artıq dünya Azərbaycanın gücündən çəkinir və bizə nəyisə diqtə edə bilmir. Həmçinin, Azərbaycanla hədə-qorxu dilində danışmağın mümkün olmadığı və bunun heç bir nəticə verməyəcəyi qlobal güclər tərəfindən də etiraf edilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücü və qüdrəti durmadan artır və bu, ölkəmizi dünyada əsas söz sahibi olan ölkələrdən birinə çevirir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdür:

“Bunun nəticəsidir ki, uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq birlik tərəfindən həyata keçirilmədi. Sonda həmin qətnamələrin icrasını öz gücümüzə həyata keçirdik.

Faktiki olaraq, bölgədə yeni bir güc və söz sahibi olduğumuzu bir daha sübut etdik. Eyni zamanda Azərbaycan enerji daşıyıcılarının sayəsində Avropanın enerji təhlükəsizliyinin bir hissəsinə çevrilib. Artıq bu sahədə də çox önəmli addımlar atılmaqdadır.

Xüsusilə Avropanın qaz təchizatı ilə bağlı daha böyük miqdarda öhdəlikləri üzərimizə götürmüşük. Bu da reallaşmaqdadır. Həmçinin, Azərbaycan 4-cü ildir ki, Qoşulmama Hərəkatına sədrlik etməklə də çox böyük bir quruma rəhbərlik edir. Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi də reallaşdırılır. Bütövlükdə, Azərbaycan artıq qlobal əhəmiyyətə malik dövlətə çevrilir. Çünki Azərbaycan müstəqil siyasət yürüdür”.

Partiya sədri vurğulayıb ki, Qarabağ məsələsi ilə bağlı Azərbaycana istər Şimaldan, istər Cənubdan, istərsə də Qərbdən müəyyən təzyiqlərin göstərilməsinə cəhdlər oldu:

“Amma bunlar da önlənildi. Azərbaycan mütəmadi olaraq öz mövqeyini qarşıya qoyaraq sübut edir ki, müstəqil siyasət yürütməklə bölgədə yeni bir mühit formalaşdırmaqdadır. Təbii ki, heç bir kənar təsirlərə baxmayaraq, Azərbaycan öz öz mövqeyini ortaya qoyur və Prezident İlham Əliyev də bunu dəfələrlə deyib.

Prezident 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı da xüsusi olaraq vurğuladı ki, Azərbaycana heç kim təsir göstərə bilməz və biz müstəqil siyasətimizi yürütməklə öz mövqeyimizi ortaya qoyuruq”.

Elmir Mustafa
Cebhe.info