AMİP-30

Arzuxan Əlizadə: “Mövzu Ermənistan olduqda Qərbin gözü kör, qulağı kar olur”

Ermənistanın Qərb tərəfindən qadağan olunan  məhsulların Rusiyaya çatdırılmasında aktiv roluna dair məlumatların ardı-arası kəsilmir. Bloomberg Agentliyi 2022-ci ildə Ermənistanın yarımkeçiricilər ixracının həcminə görə dünyada 4-cü yeri tutduğuna dair məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu göstərici üzrə Ermənistan Yaponiya, Almaniya və Hindistanı arxada qoyub. Onun satdığı məhsulun əsas alıcısı isə Rusiyadır. Bloombergin əldə etdiyi məlumata görə, ötən il Ermənistandan Rusiyaya yarımkeçiricilər ixracı 187 faiz artmaqla 1,2 milyard dollar təşkil edib. Agentlik bunu Ermənistanda yarımkeçirici istehsalının artması ilə izah edib. Lakin Ermənistan statistikasında bu istehsalın artmasına dair hər hansı məlumata rast gəlmək mümkün deyil.

Bundan əvvəl respublikanın maliyyə naziri Vahe Hovhannisyan bildirib ki, tədarüklərin əksəriyyəti təkrar ixrac üçündür. Ermənistanın özündə yarımkeçiricilərin və mürəkkəb avadanlıqların istehsalı qurulmayıb. O da məlum olub ki, Ermənistan Rusiyaya irimiqyaslı yardıma görə hələ də ciddi sanksiyalara məruz qalmayıb. Halbuki, bu məhsullara hərbi sahədə çox böyük ehtiyac var. Rusiya bu yarımkeçiriciləri haradan alır? Məlum olur ki, bütün bunlar sanksiyalar altında olan Rusiyaya Ermənistan vasitəsilə gizlincə ötürülür.

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Ermənistanın sanksiyalardan yayınması ilə bağlı çoxsaylı faktlar olsa da, Qərbun buna ciddi reaksiya verməməsi təəssüf doğurur: “Bəli, Ermənistan sanksiyalardan yayınaraq Rusiyaya müdafiə sənayesində istifadə olunan çiplərin və yarımkeçirilərin ötürülməsində fəal rol oynayır. Halbuki, baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan Ukrayna müharibəsində Rusiya ilə müttəfiq deyil. Ancaq real vəziyyət bunun tam əksini göstərir. Ermənistan sanksiyalardan yayınaraq qadağan olunan məhsulların Rusiyaya ötürülməsində fəal iştirak edir və bunun müqabilində milyonlar qazanır. Ancaq əfsuslar olsun ki, bütün bunlara görə Qərbdən Ermənistana yönəlik hansısa xəbərdarlıq, bəzi sərt tədbirlərin görülməsi müşahidə olunmur. Məsələn, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiya almazı idxal edən Hindistan zərgərlik şirkətlərinin hesablarında 26 milyon dollar vəsaitini dondurub. Ancaq Ermənistana münasibətdə biz hansısa sanksiyalar görmürük. Halbuki, Rusiya almazlarının BƏƏ-yə çatdırılmasında əsas vasitəçi Ermənistandır. 2022-ci il ərzində Ermənistanın brilyant ixracı 4 dəfə artaraq 418 milyon dollara yüksəlib. Rusiyadan brilyantı alan ermənilər onu digər ölkələrə, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə satıblar. Təsadüfi deyil ki, bu ilin 5 ayında Ermənistanla BƏƏ arasında ticarət 5,2 dəfə artmaqla 465 milyon 106 min dollara çatıb. Bunun da böyük əksəriyyətini qiymətli daşlar və metallar təşkil edir. Yarımkeçiricilər və çiplər hərbi sənayedə istifadə olunduğu üçün, prinsipcə, Qərb buna daha həssas və ciddi yanaşmalıdır. Ən azından ona görə ki, bütün bunlar Rusiyanın hərbi gücünün artmasına xidmət edir. Ancaq mövzu Ermənistan olduqda Qərbin gözü kör, qulağı kar olur. Qərbin Ermənistanın sanksiyalardan yayınmasını görməzdən gəlməsi bir sıra məsələlərdən qaynaqlanır. Bunun başlıca səbəbi Ermənistana münasibətdə ikili standartların ortaya girməsidir. Zatən illərdir biz bunu görürük. İkincisi, sanksiyalar tətbiq ediləcəyi halda Ermənistanın tamamilə Rusiyanın tərəfinə keçəcəyindən ehtiyat edirlər. Çünki onsuz da Ermənistanın Rusiyadan iqtisadi-hərbi baxımdan asılılığı böyükdür. Bu zaman hansısa təzyiqlərin işə salınması fərqli situasiya yarada bilər. Ancaq istənilən halda, Ermənistanın sanksiyalardan yayınmasını görməzdən gəlmək qəbuledilməzdir. Ən azından, Ermənistana xəbərdarlıq edilməlidir”.

Vidadi ORDAHALLI

baki-xeber.com