AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Hazırda Fransanın Azərbaycana olan münasibəti açıq düşmənçilik siyasətidir”

Ermənistanın Azərbaycana qarşı başlatdığı “humanitar yardım” şousunun arxasındakı gücün Fransa olmasının getdikcə daha dolğun şəkildə üzə çıxır.

Məsələ ondadır ki, bir neçə gündür “humanitar yük” adı ilə Laçın keçid məntəqəsinin qarşısındakı ərazidə gözləyən yük maşınlarına biri də qoşulub. Erməni mənbələri bu yük maşınının Fransadan gəlmiş humanitar yardım olduğunu bildirirlər. Bölgədəki erməni rəsmisinin bildirdiyinə görə bu yardım “Fransanın bir sıra şəhər və rayonlarının Qarabağ xalqına (?!) həmrəylik və dəstək məqsədilə təşəbbüsüdür. Yardım 20 tondan çox ərzaq və makarondan ibarətdir”.

Göründüyü kimi, rəsmi Fransa bölgədə gərginliyi artıran addımlar atmaqla, təxribatlarının dairəsini genişləndirir.

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Fransanın son 30 ildə Azərbaycana qarşı apardığı təzyiq siyasətənin arxasında bu dövlətin ermənilər vasitəsilə Cənubi Qafqaza   soxulmaq cəhdi dayanır: “Məlum olduğu kimi, sentyabrın 27-dən Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründən Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq şəkildə nümayiş etdirir. Belə ki, Fransa prezidenti Emmanuel Makron ermənilərdən çox ermənilik etməklə hərbi əməliyyatlar dövründə  müharibənin  dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədi ilə ciddi səylər göstərdi. Fransa Xarici İşlər Nazirliyi ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəkləyib. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Fransanın Azərbaycana olan münasibəti açıq düşmənçilik siyasətidir. Özü də bunu hansı dövlət edir, o dövlət ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən biri, özünü də demokratiyanın “beşiyi” adlandıran Fransa. Son vaxtlarda da Fransanın ermənilər üçün haray-həşiri daha çox eşidilməkdədir. Bəs deməzsənmi, Azərbaycan guya Qarabağda yaşayan erməniləri blokada  şəraitində saxlayır. Fransa rəsmilərinin bu çığlr-bağırı, qarayaxma kompaniyası böhtanla yanaşı həm də ucuz bir şoudur. Heç bir dövlətə yaraşmayan bir hərəkətdir. Bu necə bir blokadadlr ki, hər gün onlarla avtomobil, Azərbaycanın ayrılmaz tərkib hissəsi Qarabağda yaşayan yüzlərlə erməni hər iki tərəfə maneəsiz  hərəkət edir? Fransanı bu hərəkətləri  beynəlxalq arenalarda da qıcıq yaradır. İşğala məruz qalan dövlət Azərbaycan, yüz minlərlə evi, təsərrüfatı dağıdılan Azərbaycan vətəndaşı,  “humanitar yükü” də qəbul etməyə hazırlaşan Qarabağ ermənisi. Belə bir həyasızlığa dünya tarixində rast gəlmək mümkün deyil. Azərbaycan dövləti Fransanın və digər Ermənistana dəstək olan dövlətlərə öz yerlərini göstərib. Əgər hansısa bir dövlətin ermənilərə yazığı gəlirsə onda həmin dövlətlər öz ərazilərində ermənilərə yüksək statuslu muxtariyyət verə bilərlər. Bizim dövlət unitar dövlətdir. O ki, qaldı Qarabağda yaşayan ermənilərə, onlara ən ideal seçim imkanı təqdim olunub. Azərbaycan ərazisində ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, əks halda istənilən ölkəni özləri üçün yaşayış məskəni seçə bilərlər. Yol açıqdır. Fransa kimi bir ovuc ermənilərin əlində oyuncaq olan dövlətlər bu həqiqəti nə qədər tez dərk etsələr, onların özü üçün də yaxşı olar”.

Vidadi ORDAHALLI

baki-xeber.com