Sülh danışıqları dayandırılır? – ŞƏRH
“Azərbaycan qalib ölkə olaraq qlobal dünyada sülh təşəbbüskeşliyi ilə çıxış edən bir ölkədir. Bu baxımdan ölkəmiz hər zaman qlobal və regional sülhə sadiq olub”.
Bu sözləri politoloq Rəşad Bayramov Cebhe.info-ya şərhində Fransanın təxribatı və beynəlxalq təzyiqlərin gücləndiyi bir zamanda Azərbaycanın sülh danışıqlarından imtina edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanın sülh danışıqlarından imtina etməsi qeyri-mümkündür:
\
“İstər Birinci Qarabağ müharibəsində, istərsə otuz illik atəşkəs zamanı, istərsə də İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan daim öz sülh təşəbbüslərini nümayiş etdirib. Son üç il ərzində Azərbaycanın dövlət rəhbərliyi Vaşinqton, Brüssel və ya Moskva formatları çərçivəsində keçirilən sülh danışıqlarına müsbət yanaşır və sadiqdir. Sözsüz ki, bu danışıqlar Azərbaycanın irəli sürdüyü beynəlxalq hüquqa əsaslanan beş baza prinsipi əsasında aparılır. Başqa sözlə desək, biz qalib ölkə olaraq beynəlxalq ictimaiyyətin diqqətinə sülhün bərpa olunması istəyimizi, ən əsası da Ermənistanla münasibətlərin sülh sazişi çərçivəsində nizamlanmasını dəstəkləyən ölkəyik.
Bu baxımdan Rusiya və Fransanın, o cümlədən regionda marağı olan ayrı-ayrı ölkələrin Azərbaycan-Ermənistan gərginliyi fonunda öz geosiyasi maraqlarını təmin etmək istəyindən asılı olmayaraq, ölkəmizin sülh danışıqlarına sadiqliyi daim öndə olmalıdır. Sülh danışıqlarına sadiqliyimizi bir nömrəli prioritet kimi hər bir ölkənin nəzərinə çatdırmalıyıq”.
Politoloq vurğulayıb ki, sülh danışıqlarından imtina regionda daim gərginlik yaratmaq istəyən qüvvələrin maraqlarına uyğundur:
“Fransanın təxribatlarına, Rusiyanın Qarabağdakı riyakar siyasi oyunlarına, habelə müxtəlif beynəlxalq təşkilatların ikili standartlı bəyanatlarına gəlincə, bütün bunların hamısı düzgün təqdimatla, yaxud regiondakı real həqiqətləri dünya birliyinin diqqətinə çatdırmaqla dəf edə bilərik. Bu gün Azərbaycanın sülh danışıqlarından imtina etməsi regionda daim gərginliyin olmasını istəyən güc mərkəzləri – Rusiya, Fransa və İranın maraqlarına xidmət edər. Çox yaxşı bilirik ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəmir.
Çünki Moskvada hesab edirlər ki, Bakı ilə İrəvan arasında sülh sazişin imzalanması Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyinə ciddi təhdid olacaq. Fransa da Qarabağda ermənilərin təhlükəsizliyinin təmini fonunda və ya hər hansı bir formada regionda öz geosiyasi maraqlarını təmin etmək istəyir. İrana gəlincə, rəsmi Tehran Rusiya və Fransa ilə maraqları bölüşür”.
R.Bayramov sülh danışıqları ilə bərabər lazımi vaxtlarda hərbi gücdən istifadənin zəruriliyini vurğulayıb:
“Onu da qeyd etməliyəm ki, Azərbaycan olaraq vaxtımızı daha otuz il boş-boş danışıqlara sərf etmək niyyətində deylik. Yəni bölgədə hərbi əməliyyatlar istənilən zaman baş verə bilər. Qarabağdakı problemlər yalnız Azərbaycanın aidiyyəti orqanları tərəfindən həll olunmalıdır. Əgər ölkəmizin ərazisində separatçı rejim mövcudluğunu davam etdirirsə, orada xarici ölkənin 10 min silahlısı varsa, istənilən zaman bizim onları məhv etmək hüququmuz var. Bunun Azərbaycan-Ermənistan sülh prosesinə aidiyyəti yoxdur”.
Yunis Abdullayev
Cebhe.info