Moskvanın hədyanına tutarlı cavab: “Rusiya işğal etdiyi əraziləri…”
Rusiya tərəfi növbəti dəfə Azərbaycanla bağlı təxribatçı açıqlama verib.
Belə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəmizlə bağlı absurd fikirlər səsləndirib.
O, keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirdiyi “seçkilər”i tanımamasına təpki göstərib:
“Nəyə görə bu şərh verilib? Belə qiymətləndirmələr bizim tərəfimizdən qəbul oluna bilməz. Bu, qəbuledilməz qiymətləndirmədir və ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin səviyyəsinə uyğun gəlmir. Ona görə də diplomatik xətlə Azərbaycan tərəfinə demarş edilib. Belə diplomatik ifadə var.
Hesab edirik ki, Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə, tərəfdaşımızın bizdən onun ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı gözlədiyi kimi yanaşmalıdır. Hansı ki, burada söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyündən gedir. Düşünürəm ki, Rusiyanın yeni regionlarının tarixini bizim azərbaycanlı dostlarımız yaxşı bilir.
Onlar bunu KİV-dən deyil, birgə keçmişimizdən bilirlər. Ona görə ki, onların bu prosesi tarixi kontekstdə müşahidə etmək imkanı olub. Biz ondan çıxış edirik ki, məhz bu anlayışla şərh üçün müvafiq siyasi baza yaranmalıdır”.
Xatırladaq ki, Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair Azərbaycan Xarici İşlər Nazirliyinin sentyabrın 9-da yaydığı bəyanatda bildirilib ki, Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir:
“Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur”.
Qeyd edək ki, Mariya Zaxarovanın bu bəyanatı heç bir halda başadüşülən deyil. Görünür, Rusiya işğal etdiyi ərazilərdə keçirdiyi “seçkilər”i tanımağımızı gözləyirmiş.
Əslində bunun özü belə absurddur. Nəzərə almaq lazımdır ki, Ukraynanın 4 vilayətində keçirilən həmin “seçkilər”i heç bir ölkə tanımır. Çünki bu, açıq-aşkar işğalçılıq və separtçılıqdır. İllərlə işğala və separatçılığa məruz qalan Azərbaycandan əks istiqamətdə bir mövqe gözləməyin özü də gülüncdür. Hansı ki, Ukrayna hər zaman ölkəmizin ərazi bütövlüyünə dəstəyini nümayiş etdirib.
Ümumiyyətlə, rəsmi Bakının mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Mariya Zaxarova yenə boyunu aşan fikirlər səsləndirib:
“Sözçüyə xatırlatmaq lazımdır ki, beynəlxalq hüquq, onun norma və prisipləri var. Həmçinin, beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan dövlətlərin sərhədləri var.
Üstəlik, Rusiyanın işğal etdiyi ərazilər heç bir halda onlara məxsus deyil. Həmin yerlər beynəlxalq ictamiyyət tərəfindən Ukraynanın əraziləri olaraq tanınır. Hələ 2014-cu ildə Avropa Şurasının Parlament Assambleyasında Krımla bağlı məsələ olanda da Azərbaycan öz mövqeyini bildirmişdi. Rəsmi Bakı bu gün də öz mövqeyindən geri çəkilməyib.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın özü separatizmə uğrayıb və ərazilərinin bir hissəsi 30 ilə yaxın işğal altında qalıb. Buna görə də heç vaxt fərqli mövqe sərgiləyə bilməz. Azərbaycan beynəlxalq hüquqa hər zaman hörmətə yanaşıb. Budəfəki yanaşmamız da beynəlxalq hüquqa və ictimaiyyətə hörmətdən irəli gəlir”.
Partiya sədri vurğulayıb ki, Rusiya işğal etdiyi əraziləri heç bir halda özününküləşdirə bilməz:
“Necə ki, Ermənistan Qarabağı 30 ilə yaxın işğal altında saxladı, amma iradəmizi ortaya qoyaraq torpaqlarımızı işğaldan azad etdik. Eləcə də Rusiyanın işğal etdiyi və qondarma “seçkilər” keçirdiyi Ukrayna ərazilərini heç bir halda sona qədər özünüküləşdirmə bilməyəcək.
Həmçinin, Gürcüstanın Abxaziya və Cənubi Ossetiya, habelə Molovanın tanınmamış Dnestryanı rayonları Rusiyanın və yaxud da başqa bir qondarma qurumun əraziləri hesab oluna bilməz. Bu məsələ Azərbaycanın ən ağrılı məsələsidir. Rəsmi Bakı bu məsələdə hər zaman beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edib. Bu cür çıxış etməyə də davam edəcəyik”.
Arzuxan Əlizadə qeyd edib ki, bu, Zaxarovanın iddia etdiyi kimi Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməməlidir:
“Azərbaycanla Rusiya arasında ötən il strateji mütəffiqlik haqqında müqavilə imzalanıb. Həmin müqavilədə də göstərilib ki, tərəflər öz ərazilərində separatizmə və terrorçulara qarşı birgə mübarizə aparmalıdırlar.
Əslində qınaq obyektinə çevrilən Rusiyanın, ittiham edən tərəf isə Azərbaycan olmalıdır. Çünki Rusiya Azərbaycan ərazisində hələ də separatçılara və terrorçulara dəstək verməyə davam edir.
Ümumilikdə, Qarabağ probleminin yaranması və torpaqlarımızın işğal altında qalmasında da elə Rusiya amili vardı. Bununla bağlı mövqeyimizi mütəmadi olaraq bildiririk. Mariya Zaxarovanın dediyi fikirlər isə imperiya siyasətini təbliğ etməkdən başqa bir şey deyil”.
Elmir Mustafa
Cebhe.info