AMİP-30

“Laçın dəhlizi yoxdursa, Zəngəzur dəhlizi də ola bilməz” sayıqlaması – İranın “qarın ağrısı” kəsmir

“İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək”. Bunu İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi yerli mediaya müsahibəsində deyib.

“Biz region ölkələri arasında mövcud sərhədlərin saxlanmasını vurğulayırıq. Artıq Zəngəzur dəhlizinin açılmasının heç bir əsası yoxdur. Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur”, – Xərazi iddia edib.

Xarici Əlaqələr Strateji Şurasının sədri üstəlik, Azərbaycanı təhdid və işğal yolu ilə Ermənistandan dəhliz almağa çalışmaqda ittiham edib.

İran prezidenti İbrahim Rəisi isə daha da qabağa gedərək deyib ki, Zəngəzur dəhlizi NATO üçün regionda tramplin rolunda olacaq. O, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşündə dilə gətirib.

“Prezident hər iki görüşdə Zəngəzur dəhlizinin NATO üçün tramplinə çevriləcəyini, ölkələrin milli təhlükəsizliyinə təhdid olacağını və buna görə də İranın qətiyyətlə buna qarşı olduğunu söyləyib”, – İran Prezident Administrasiyası rəhbərinin müavini Məhəmməd Cəmşidi X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Belədirmi? Ümumiyyətlə, İran niyə narahatdır? Onun “Zəngəzur sancısı” niyə kəsmir? Axı Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistana heç bir ərazi iddiası yoxdur. Son olaraq, bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov oktyabrın 4-də ABŞ-nin Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən bildirib.

Sitat: “Ermənistan Azərbaycana onun əsas ərazisi ilə Naxçıvan arasında Zəngəzur dəhlizi ilə maneəsiz nəqliyyat hərəkətini təmin etmək üçün etibarlı təminat verməlidir. Ermənilər bu dəhlizlə bağlı düşüncələrimizi yəqin ki, səhv anlayıblar. Çünki Azərbaycan tərəfi bu ərazilərə iddia etmir və oranı Ermənistanın suveren ərazisi kimi tanıyır”.

E.Əmirbəyov onu da qeyd edib ki, onların dəhlizin təhlükəsizliyini necə təmin edəcəkləri başqa məsələdir: “Bu, ayrı məsələdir, çünki üçtərəfli atəşkəs bəyanatına uyğun olaraq, hərəkətin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin edəcəklər. İndi belə görünür ki, Ermənistan bu öhdəliyi yenidən nəzərdən keçirir, çünki ruslara tapşırılan bu rol artıq onları qane etmir”.

Öz növbəsində Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu deyib ki, Zəngəzur dəhlizi, əgər Ermənistan onun yaradılmasında iştirakdan imtina edərsə, İrandan keçə bilər. Onun sözlərinə görə, Zəngəzur marşrutu bəzi hissələri istisna olmaqla, böyük ölçüdə hazırdır.

Ən uzağı, niyə də Ermənistanla sülh müqaviləsindən sonra Naxçıvanla quru əlaqəsi bərpa olunmasın ki, əgər bu yol sovet dönəmində də mövcud olubsa və üstəlik, Ermənistanın özünün faydasınadırsa?

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli İran tərəfini xarabalıq bayquşları adlandırdı: “Bəzən İran rejiminin təmsilçilərinin açıqlamalarını eşidəndə, təsəvvürümə qəbristanlığın bir küncünə sığınıb gələnin-gedənin qabağına qaçaraq, 3-5 manat qarşılığında höccələyə-höccələyə, kiril əlifbası ilə yazdığı Quran ayələrinə bənzər mətni oxumağa çalışanları və ya kiminsə öldüyünü eşidəndə xoşbəxt olan yas mollalarını xatırlayıram. Bunlar xarabalıq bayquşlarıdır, nə özləri xoşbəxt ola bilirlər, nə də başqalarına imkan verirlər. Əvvəla, Azərbaycanın ”Ermənistan” adlanan beynəlxalq hüququn subyektinin torpaqlarında gözü yoxdur. Digər tərəfdən, Zəngəzur dəhlizi Ermənistanın özünün xilası üçün yeganə vasitədir. Zəngəzur dəhlizinin İrana hər hansı bir formada mənfi təsir göstərəcəyini düşünmək isə, başına-gözünə, dizinə döyməkdən olan-qalan ağlını da itirən birisinin sayıqlamasına bənzəyir. Məgər Zəngəzur dəhlizinin hər iki ətrafına hündürlüyü 15-20 metr olan divar hörüləcək ki, dəhlizin keçdiyi ərazi İranla Ermənistan arasında lənətə gəlmiş əlaqələr üçün maneə yaratsın? 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) təmin etməlidir. Bu halda Zəngəzur dəhlizinin NATO üçün tramplinə çevriləcəyi barədə iddialar hansı məntiqə söykənir? Rəisinin mülahizəsindən belə anlaşılır ki, Rusiya FTX-si ilə NATO Zəngəzur dəhlizində əməkdaşlıq edəcəklər… Sözün bitdiyi yerdir. Adamlar o qədər heç bir tarixi mənbəyə söykənməyən “risalə”lərdən misallar gətiriblər ki, gerçəkliklə həqiqət arasındakı məsafəni itiriblər. Əgər Ermənistan həqiqətən də dəhlizin təhlükəsizlinə Rusiya tərəfindən verilən təminatdan imtina edirsə və ənənəvi himayəçilərinin, o cümlədən Fransanın “xidmətlərindən” yararlanmaq istəyirsə, bu o deməkdir ki, dəhliz Ermənistan ərazisindən keçməyəcək. O zaman İranın bu məsələ ilə bağlı narahatlığına ümumiyyətlə ehtiyac qalmır. Ermənistan isə yolsuz, dəhlizsiz qalmalıdır və qalacaq da. Dəhliz İran ərazisindən keçəcəyi təqdirdə heç bir halda Ermənistanın bu dəhlizdən istifadəsinə imkan verilməyəcək. İran indidən bunu da nəzərə almalıdır”.

AMİP Mərkəzi Aparatının rəhbəri, politoloq Rəşad Bayramov İranın yanlış siyasəti ilə əslində Qərbin əlinə oynadığını düşünür: “İstər İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazinin, istərsə də, İran prezidenti İbrahim Rəisinin açıqlamaları sadəcə bir bəhanədir və həqiqətdən tamamilə uzaqdır. Belə ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla, yəni, Azərbaycan ərazilərini bir-biri ilə bağlayacaq yoldur və bu yolun Laçın yolu ilə müqayisəsi mümkünsüzdür. İkincisi, Zəngəzur yolunun açılması heç bir halda mövcud sərhədləri pozmur. Bu yol uzun illər ərzində mövcud olub və mövcudluğu dövründə də hər hansı bir ölkənin suverenliyinə və ya ərazi bütövlüyünə təhdid yaratmayıb.

Zəngəzur dəhlizinin guya ki, NATO üçün tramplinə çevriləcəyi və ölkələrin milli təhlükəsizliyinə təhdid olacağı ilə bağlı fikirlərin də heç bir əsası yoxdur. Əvvəla, ona görə ki, Zəngəzur dəhlizi ticari əlaqələr və gediş-gəliş üçün nəzərdə tutulub və onun hərbi daşımalara heç bir aidiyyatı yoxdur. İkincisi, əgər NATO-ya hərbi daşımalar lazım olarsa, bunu NATO üzvü olan Türkiyə üzərindən də rahatlıqla reallaşdıra bilər.

Digər bir tərəfdən isə, İran bu cür mövqeyi ilə bilərəkdən və ya bilməyərəkdən elə NATO-nun əlinə oynayır. Belə ki, Zəngəzur yolunun açılması ilk növbədə Ermənistanın özü üçün lazımdır. Çünki beynəlxalq layihələrdən faktiki olaraq təcrid olunmuş Ermənistan üçün bu olduqca mühüm fürsətdir. Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dövrdə beynəlxaq layihələrdən də təcrid olunmuş vəziyyətdə qalmaq isə Ermənistanı istər-istəməz yeni ağalarının, Fransa, ABŞ və digər NATO üzvü olan Avropa ölkələrinin qucağına atmış olacaq. Rəsmi İrəvan onsuz da rus qoşunlarını öz ərazilərindən çıxararaq onları BMT mandatı adı altında NATO qüvvələri ilə əvəzləmək niyyətindədir. Yəni, başqa sözlə belə olacağı halda bundan sonra Rusiyanın qoruduğu Ermənistan-İran sərhədini artıq NATO əsgərləri qorumuş olacaq. Odur ki, Zəngəzur yolunun NATO üçün plasdarm rolu oynayacağına etiraz edən İran ilk növbədə onu anlamalıdır ki, öz yanlış mövqeyi ilə əslində elə Ermənistanı NATO-ya doğru itələyir və bununla da onların maraqlarına xidmət etmiş olur.

Əslində isə İranı narahat edən ən vacib məqam Zəngəzurun bütün Türk dünyasını bir-biriylə bağlaması ilə bağlıdır. İran Türkiyənin Azərbaycanla və digər türk dövlətləri ilə quru əlaqəsinin yaranmasından narahatdır və bunu özü üçün bir təhdid olaraq görür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”