AMİP-30

Afsəddin Nəbiyev: “Fransanın beynəlxalq hüquqdan danışmağa heç bir haqqı yoxdur”

“Fransa prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər”. Bunu Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib.

Ölkə başçısının sözlərinə görə, çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb: “Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır”.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bildirdi ki, son zamanlar Fransa prezidentinin Azərbaycan əleyhinə yönəlmiş böhtan xarakterli çıxışları cəmiyyətimiz  tərəfindən qəzəblə qarşılanır: “Ona görə də Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə Fransa dövlətinin əsl mahiyyətini mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Son aylarda apardığımız müşahidələr onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti son aylarda reallıqları nəzərə alaraq sülh çağırışlarına müsbət reaksiyalar göstərdiyi halda, Fransa kimi dövlətlərin siyasi rəhbərliyi bu müsbət dəyişiklikləri həzm edə bilmir. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması bu kimi dövlətlərdə qısqanclıqla qarşılanır. Fransa ATƏT-in Minsk qrupunda illərlə nəticəsi olmayan fəaliyyət göstərməsi ilə əslində öz mahiyyətini birdəfəlik Azərbaycan cəmiyyətinə sübut edib. Ona görə də Prezident İlham Əliyev haqlı olaraq indiki məqamda 3-cü bir dövlətin Azərbaycanın həll olunmuş münaqişəyə yenidən müdaxilə etməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib. Azərbaycan öz dövlət süverenliyini, konstitusiya quruluşunu bərpa edib. Azərbaycan ərazisində etnik separatçılığa son qoyulub. Fransa kimi beşüzlü siyasət aparan dövlətlər Azərbaycana minnətdar olmaq əvəzinə, bizə qarşı qarayaxma kampaniyaları aparmaqla özlərini beynəlxalq aləmdə nüfuzundan salırlar. Qısaca, bu dövlətlər yeni dünya nizamında nə yolla olursa-olsun özlərini Cənubi Qafqaza soxmağa çalışdılar.Təbii ki, Azərbaycan dövlətinin apardığı incə siyasət nəticəsində onların istəkləri gözlərində qaldı. Mən də belə düşünürəm ki, Fransanın BMT-nin aparıcı dövləti olaraq beynəlxalq hüquqdan danışmağa heç bir haqqı yoxdur. Müstəmləkə illərində Fransa silahlı qüvvələri tərəfindən etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakin kütləvi surətdə qətlə yetirilib. Əlcəzairin Reggan və İn-Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib ki, onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bugünə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etmir.  Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərini araşdırmaq və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır. Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yer tutur. Burada hər iki dövlətin əsl mahiyyəti ortaya çıxır. Fransa dövləti yuxarıda sadaladığım faktlara görə Beynəlxalq Cinayət Məhkəməsində cavab verməli olduğu halda, hiyləgərcəsinə beynəlxalq hüquqdan danışır. Sübut olunmuş həqiqətləri, Fransanın cinayətkar əməllərini təkcə dövlət başçımız, siyasətçilərimiz deyil, Azərbaycanın xarici dövlətlərdə yaşayan diaspor təşkilatları, fəal vətəndaşlarımız vaxtaşırı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Belə bir dövlətin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olmağa nə mənəvi, nə də hüquqi haqqı var”.

Vidadi ORDAHALLI

baki-xeber.com