AMİP-30

Arzuxan Əlizadə: “Onlar elə bilirdilər ki, Azərbaycan sonsuza qədər bir ovuc separatçının nazı ilə oynayacaq”

Bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər onların qabağında baş əysinlər. Bu fikirləri Prezident İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

Ölkə başçısının sözlərinə görə, bəziləri bildirirdi ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq: “Yəni biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bu çox zərərli məntiqdir. Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur”.

Maraqlıdır, aldatma deyəndə o dövlətlər nəyi nəzərdə tutublar? Məgər biz bundan ötrü onlardan icazə almalıydıq?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri Arzuxan Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, burada bir sıra məsələlərdən söhbət gedir: “Əvvəla, əlbəttə ki, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Bu ölkələrin necə ermənipərəst, qərəzli, qeyri-obyektiv mövqedən çıxış etdiklərini biz yaxşı bilirik. O cümlədən, bəzi dövlətlərin zaman-zaman Ermənistandan bir maşa kimi istifadə etmələri də məlum həqiqətdir. Məsələ ondadır ki, bir sıra Qərb ölkələri Qarabağda antiterror tədbirlərinin haçansa baş verəcəyini təsəvvür etmək belə istəmirdilər. Söhbət Fransa, Almaniya, ABŞ, Belçika və Niderlanddan gedir. Biz nəzərə almalıyıq ki, Avropa İttifaqı qurumlarında sözügedən ölkələr Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunmasında müstəsna fəallıq göstəriblər. Bu ölkələr belə hesab edirdilər ki, Qarabağda Rusiya sülhməramlıları olduğu üçün hansısa antiterror tədbirləri mümkünsüzdür. Bu ölkələrdən soruşmaq lazımdır ki, onların ərazisində hansısa “boz zona” olsa onlar bununla barışacaqlarmı? Özlərinə rəva görmədiklərini niyə Azərbaycana rəva görürlər? Onlar elə bilirdilər ki, Azərbaycan sonsuza qədər bir ovuc separatçının nazı ilə oynayacaq. Yəni sonu görünməmiş danışıqlara üstünlük verəcək. Halbuki, bu, indiki şəraitdə və Azərbaycanın 3 ildir qalib statusunda olduğu bir dövrdə mümkünsüz idi. Görəndə ki, antiterror tədbirləri artıq qaçılmazdır, əzəli düşmənləri olan Rusiya ilə 17 sentyabrda məxfi danışıqlara getdilər. Nədi-nədi, Rusiya sahədə olduğu üçün buna imkan verməsin. Şükürlər olsun ki, onların bu planı fiaskoya uğradı. Ukraynada Qərb-Rusiya geosiyası qarşıdurması buna imkan vermədi. Halbuki, 25 il ərzində ATƏT-in Minsk Qrupunda Qarabağ məsələsində Rusiya ilə Qərbin mövqeləri uzlaşırdı. Bunun nəticəsi idi ki, 30 ilə yaxın ərazilərimiz işğal altında qaldı. Bu dəfə geosiyasi vəziyyətin kökündən dəyişməsi erməniləri himayə edən dövlətlərin planlarını pozdu. Məhz buna görə həmin dairələr çox məyusdular”.

Vidadi ORDAHALLI

baki-xeber.com