AMİP-30

Afsəddin Nəbiyev: “Nikol məqsədli şəkildə Zəngəzur dəhlizi ilə bağlı məsələləri dramatikləşdirir”

Belə görünür ki, Azərbaycanın İranla Araz çayı üzərindən nəqliyyat xətlərinin açılması ilə bağlı razılaşması Ermənistanı hərəkətə gətirib. Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan bunları deyib: 

“Bu yaxınlarda “Sülhün kəsişməsi” layihəmizi təqdim etdik. Onun təqdimatı çərçivəsində mən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların, yəni avtomobil yollarının, dəmir yollarının, qaz kəmərlərinin təhlükəsizliyini təmin etmək funksiyası daşıyacaq bölmə yaratmağı planlaşdırdırdığımızı bildirdim. Sizə bildirmək istəyirəm ki, bu bölmə artıq formalaşdırılıb. Əvvəllər planlarımızda olduğu kimi, müəyyən hazırlıq işləri aparırdıq. Bölmə dünəndən fəaliyyətə başlayıb”.

Ancaq burada diqqətçəkən məqam odur ki, Paşinyan hər vasitə ilə Zəngəzur dəhlizinin reallaşmasından yayınmağa çalışır. Məsələ ondadır ki, 10 noyabr razılaşmasının 9-cu bəndində yolun Rusiya FTX-si tərəfindən mühafizəsi öz əksini tapıb. Paşinyan bu açıqlaması ilə faktiki olaraq 10 noyabr razılaşmasını iqnor edir və özbaşına qərar qəbul edir. O üzdən, Paşinyanın özbaşına atmaq istədiyi bu addımın reallaşma ehtimalı nə qədərdir? Rusiya bunu qəbul edəcəkmi? 

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Nikol məqsədli şəkildə Zəngəzur dəhlizi ilə bağlı məsələləri dramatikləşdirir: “Görünən odur ki, Nikol Paşinyan bu məsələdə anti-Rusiya mövqeyindən bir az da irəli gedərək qarşıdurmanı dərinləşdirmək niyyətindədir. O yaxşı başa düşür ki, bu prosesdə geriyə addım atması çox ciddi fəsadlara gətirib çıxara bilər. Kremlin 10 noyabır razılaşması ilə bağlı geri addım atacağı real görünmür. Ancaq Nikol da güzəştə getmək istəmir. Necə deyərlər, “Artıq ox yaydan çıxıb” . Rusiya ilə Ermənistanın münasibətləri elə bir mərhələyə çatıb ki, bunun nə ilə nəticələnəcəyini əvvəlcədən söyləmək çətindir. Paşinyan  kommunikasiya xətlərinin Rusiya FTX-nin nəzarətindən kənar həyata keçiriləcəyini açıq mətnlə söyləyir. Əgər biz 10 noyabr bəyannaməsinə təkrarən nəzər salsaq görərik ki, bu bəyannamədə nəzərdə tutulan bir çox bəndləri Ermənistan yerinə yetirməkdən imtina etdi. Bəyannamədə əksini tapan əsas bəndləri Azərbaycan dövləti, ordumuz öz gücü, qətiyyəti, əzmi ilə həyata keçirdi. Ona görə də hesab edirəm ki, bu bəyannamə  öz qüvvəsini itirmiş  sayıla bilər. Əgər tezliklə Ermənistan sülh müqaviləsi imzalamaq niyyətində olsa, bu bəyannamənin sülh müqaviləsi ilə əvəz olunacağını düşünürəm . Daha dəqiq ifadə etsəm, müqavilə bəyannamədən daha üstün sənəd olduğu üçün, buradakı bəndlər daha aydın, dəqiq təsvir olunacaq. Son vaxtlar hər iki tərəf, həm Bakı, həm də  İrəvan müqavilənin əsas şərtlərinin artıq razılaşdırılmasından danışırlar. Yeni müqavilə sülh müqaviləsi olcaqsa, bu böyük dəyişikliklərə səbəb ola bilər. Bu müqavilə  həm öz qüvvəsi, həm də əhatə dairəsinə görə 9 noyabr və ondan sonra Moskva və Soçidə verilən bəyanatlardan daha böyük qüvvəyə malik ola bilər. Burada nəzərdə tutulan məsələlər öz həllini əsasən sülh müqaviləsində tapa bilər. Bir tərəfdən də kommunikasiya xətlərinin İranla Araz çayı üzərindən açılması Ermənistanı sözün həqiqi mənasında hərəkətə gətirib. Ermənistan tərəfi bu şansı dəyərləndirməklə dalandan çıxmağa səy göstərir. Bizim üçün önəmli olan odur ki, komunikasiya xətləri açılsın. Münaqişə başlayan ildən, yəni 1987-ci ildən haqlı tərəf Azərbaycandır. Azərbaycan dövləti və xalqımız bu münaqişədə haqq və ədalətin tərəfində olduğu üçün böyük Zəfərə imza atdıq. Hazırda Cənubi Qafqazın təhlükəsizlik arxitekturası bölgənin lideri olan Azərbaycan dövləti tərəfindən inşa olunur. Bizim missiyamız bu bölgədə  sülh və sabitliyə nail olmaq, dinc qonşuluq şəraitində  yaşayışı təmin etməkdir. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması üçün tələsməlidir ki, növbəti dəfə infrastruktur layihələrdən kənarda qalmasın. 1990-cı illərdə apardıqları yanlış siyasətdən nə qədər tez nəticə çıxarsalar, bir o qədər onların xeyrinə olar”.

Vidadi ORDAHALLI

baki-xeber.com