Sülh üçün yeni format: Təkbətək görüş
“Təcrübə onu göstərdi ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında vasitəçilik edən tərəflər ABŞ, Rusiya və Fransa bir çox hallarda öz siyasi və iqtisadi maraqlarını önə çəkməyə çalışırlar. Əslində, onlar vasitəçilik etməklə nə isə əldə etməyi hədəfləyirlər”.
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib.
O vurğulayıb ki, Azərbaycan qalib olaraq şərtləri diqtə edən tərəfdir:
“Bu gün sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Həmçinin, sərhədlərin delimitasiyası və demarkasiyası da daha çox rəsmi İrəvana sərf edir. Çünki biz torpaqlarımızı işğaldan azad etmişik və əsas strateji nöqtələrə nəzarət edirik. Sərhəddəki strateji nöqtələr də tam olaraq Azərbaycanın nəzarətindədir. Ümumiyyətlə, gələcək proseslərdə danışıqlar masasına oturmaqda Ermənistan maraqlı olmalıdır”.
Partiya sədri qeyd edib ki, rəsmi Bakının təklif etdiyi vasitəçisiz danışıqların aparılması ilə nəticəyə nail olmaq olar:
“Üstəlik, bu, daha dayanıqlı razılaşma ola bilər. Eyni zamanda, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün başqa platforma da təklif edib. Yəni gələcəkdə sülh müqaviləsi Tiflisdə müzakirə oluna və imzalana bilər. İstənilən halda, vasitəçi olmadan danışıqların aparılması müsbət tendensiyadır. Bu, tərəflərə hansısa vastiçəsini proseslərə cəlb etməkdən daha çox dvident gətirə bilər”.
O qeyd edib ki, biz 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin də vasitəçilik missiyasını necə həyata keçirdiklərini gördük:
“44 günlük Vətən müharibəsindən sonra istər Vaşinqtonda, istər Moskvada və Soçidə, istərsə də Brüsseldə aparılan danışıqlar faktiki olaraq nəticəsiz yekunlaşdı.
Azərbaycan yekunda problemlərini öz gücünə həll etdi. İndi də Azərbaycanın “Dəmir yumruğ”u yerindədir. Ermənistan anlamalıdırlar ki, razılaşma olmayacağı təqdirdə, bundan sonrakı mərhələdə daha çox zərər çəkəcək.
Çünki Ermənistan özünü blokadaya salıb, sərhədlərindəki vəziyyət hələ aydın deyil və kommunikasiya xətlərinin açılmaması iqtisadiyyatlarını da getdikcə çökdürür.
Bütün bunlara görə İrəvan hakimiyyəti sülh müqaviləsində daha çox maraqlı olmalıdırlar. Ermənistan “ağa”larını kənara çəkərək özü masaya otursa, nəticə əldə etmək olar”.
Elmir Mustafa