AMİP-30
a

Azərbaycan Milli İstiqlal Partiyası

Afsəddin Nəbiyev: “Neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına iqtisadiyyatımız inkişaf edib”

Prezident İlham Əliyev “Euronews” televiziyasının “Ölkənizin iqtisadi inkişafı ilə bağlı risqlərə dair narahatlığınız nədən ibarətdir” sualını cavablandırarkən qeyd etdi ki, nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial risq görünür.

Ölkə başçısı bunu belə əsaslandırdı: “Çünki bugünədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq. Beləliklə, səmimi desəm nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial riskləri görmürəm”.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, həqiqətən də ölkə üçün elə bir risq yoxdur: “Son illər uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına iqtisadiyyatımız inkişaf edib. Dövlətin hesabında olan aktivlər artıb. Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard dollara yaxınlaşır. Bununla yanaşı, ticarət həcminin getdikcə artması Avrasiyanın mərkəzində, Şimal-Cənub və Şərq-Qərb dəhlizinin kəsişməsində yerləşən Azərbaycan kimi ölkələrin bu artımdan faydalanmasına şərait yaradıb. Bunlar aydın məsələlərdir. Biz bilirik ki, Azərbaycan dövləti işğalda olan torpaqlarımızı öz gücünə, heç bir dövlətin yardımı olmadan azad etdi. Bu müqayisəni Ermənistana aid etmək olmaz. Çünki Ermənistanın iqtisadi müstəqilliyi olmadığı üçün elə indi də bir çox dövrlərdən asılı vəziyyətdədir. Məhz buna görə sülh müqaviləsi Ermənistanın asılılığı üzündən gecikir. Bizim qazandığımız böyük Zəfər birbaşa bizim öz gücümüzlə, inkişaf etdirdiyimiz iqtisadiyyatımız sayəsində baş verdi. Müharibə çox böyük maliyyə itkilərinə səbəb olur. Ancaq bu böyük itkilərə baxmayaraq, Azərbaycan dövləti heç bir dövlətin maliyyə asılılığına məruz qalmadı. Əksinə, çətin, köməksiz vəziyyətdə qalan ölkələrə humanitar yardımlar göndərməklə nümunəvi davranışlar sərgilədi. Ermənistan bizimlə tezliklə sülh müqaviləsi imzalasa, dövlətimiz bölgənin inkişafına daha çox sərmayələr yatırmaqla  insanlarımızın daha yaxşı sosial rifah içərisində yaşamasına nail ola bilər. Dolayı yollarla Ermənistan da  bu inkişafdan yararlana bilər. Əgər sülh prosesini uzatmağa cəhd etsələr, uduzan tərəf yenə də Ermənistanın özü olacaq”.

Vidadi ORDAHALLI

baki-xeber.com

Add Comment