AMİP-30

Arzuxan Əlizadə: “Cənubi Qafqaz Asiyaya açılan qapı olduğu üçün Fransa ölkəmizdə agentura şəbəkəsini qurmağa çalışıb”

“Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə bağlı Frans-Press Agentliyinin sualını cavablandırarkən bildirib.

A.Hacızadə qeyd edib ki, Fransa Respublikasının vətəndaşı Martin Rayan ötən il dekabrın 4-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub: “Daha sonra onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar. Bundan əlavə, Azərbaycan XİN-in qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvanlamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilib”.

Məlum olur ki, həbs olunan Fransa vətəndaşının casusluq fəaliyyətində iki fransız diplomatın da əli var. Bununla bağlı ciddi şübhələr var. Üstəlik, həmin o diplomatların istintaqa cəlb olunması ilə bağlı Azərbaycanın müraciətinə məhəl qoymayıblar. Həmçinin diplomatları Azərbaycanın istintaq orqanları ilə əməkdaşlıqdan yayındırıblar. Görünən odur ki, diplomatlar da casusluq içindədilər. Bu, diplomat olaraq Azərbaycanın daxili işlərinə siyasi müdaxilədən başqa bir şey deyil. 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Fransanın istintaqla əməkdaşlıqdan imtina etməsi diplomatların casusluq fəaliyyətində birbaşa iştirak etdiklərini sübut edir: “Əgər Fransa diplomatları casusluq fəaliyyətində olmasaydılar, o zaman Paris beynəlxalq müstəvidə, təsir imkanları olduğu Avropa qurumlarında böyük səs-küy yaradardı. Azərbaycanın ünvanına saysız-hesabsız ittihamlar səsləndirərdilər. Parisin istintaqla əməkdaşlıqdan nümayişkaranə şəkildə imtina etməsi onların bu işin içində olduğunu sübut edir. Yayılan bəzi məlumatlara görə, Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Bu, ölkəmizin ciddi uğurudur. Nəzərə almaq lazımdır ki, Azərbaycan olduqca önəmli və strateji mövqedə yerləşir. Son dövrlər böyük güclər arasında qlobal miqyasda enerji, ticarət dəhlizləri ilə bağlı ciddi mübarizə gedir. Şimal-Cənub dəhlizi, Şərq-Qərb dəhlizi Azərbaycan üzərindən keçir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması da qaçılmazdır. Cənubi Qafqaz Asiyaya açılan qapı olduğu üçün Fransa ökəmizdə agentura şəbəkəsini qurmağa çalışıb. Çünki Fransanın Orta Asiyada böyük maraqları var. Azərbaycansız isə həmin ölkələrlə tranzit əlaqələri qurmaq Fransa üçün sərfəli deyil. Ona görə də bütün bunlar bir-biri ilə əlaqəlidir”.

Vidadi ORDAHALLI

baki-xeber.com