AMİP-30

İşğalda olan 8 kənd bu cür qaytarılacaq

“Ermənistan qeyd-şərtsiz və dərhal səkkiz kəndi Azərbaycana qaytarmalıdır”. 

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya şəhrində bildirib.

Onun sözlərinə görə, zərurət yaranarsa, Azərbaycan Qazaxın yeddi kəndi və Naxçıvanın bir kəndini hərbi güc yolu ilə qaytarmalıdır. 

“Mütləq mənada bu işğala son qoyulmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara son müsahibəsində bildirib ki, Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclasında bu məsələ müzakirə olunacaq.

Hesab edirəm ki, ilk növbədə Azərbaycanın Qazax rayonuna bitişik olan dörd kənd boşadılmalıdır. Bundan sonrakı mərhələdə isə Qazaxın dörd anklav kəndi və Naxçıvanın Kərki kəndi geri qaytarılmalıdır.

Əlbəttə, bu kəndlər Ermənistan üçün strateji cəhətdən əhəmiyyətli hesab olunur. Ona görə ki, Qazaxın üç anklav kəndi Ermənistan-Gürcüstan magistral yolun üzərindən, Ermənistan-İran magistral yolu isə Kərki kəndinin üzərindən keçir. Həmin kəndlərin qaytarılması faktiki olaraq Azərbaycanın hər iki magistral yola nəzarəti anlamına gəlir. 

Buna görə də Ermənistan bu məsələdə israr edir və həmin kəndləri qaytarmaq istəmir. Eyni zamanda Paşinyan üç gün öncə bəyan edib ki, guya Ermənistanın 32 kəndi Azərbaycanın işğalı altındadır. Ermənistanın bu cür qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edəcəksə, Azərbaycan hərbi güc yolu ilə həmin kəndləri işğaldan azad edəcək”.

Partiya sədri vurğulayıb ki, Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiyası və demarkasiyası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan və Ermənistan Demokratik Respublikasının xəritələri əsasında aparılmalıdır:

“1991-ci ildə həm Azərbaycan, həm də Ermənistan öz müstəqilliyini elan edərkən müstəqillik haqqında Konstitusiya aktı qəbul ediblər. Həmin aktlara əsasən Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin, Ermənistan isə Ermənistan Demokratik Respublikasının varisi elan olundular.

1918-1920-ci illərdə Azərbaycanın ərazisi 114 min kvadrat kilometr olubdur. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın 20 min kvadrat kilometr ərazisi qeyri-qanuni şəkildə Ermənistana verilib. Məhz bu səbəbdən Azərbaycanın Ermənistanla sərhəd ərazilərin delimitasiyası həmin dövrün xəritələri əsasında aparılmalıdır”. 

Yunis Abdullayev 
“Cebhe.info”