AMİP-30

Afsəddin Nəbiyev: “Ermənistanı məhz Qərb dövlətləri yarı yolda qoyacaq”

Rusiya xarici işlər naziri Sergey Lavrov açıq mətnlə etiraf edib ki, Ermənistan Zəngəzur dəhlizinə Rusiyanın nəzarətini istəmir:

“Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir. Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Sünik vilayətindən (Zəngəzur dəhlizi nəzərdə tutulur) marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktik işin hələ də kağız üzərində qalması çox təəssüf doğurur. Paşinyan deyir ki, İran Naxçıvana gediş-gəliş üçün Azərbaycana hansı şərtlərlə yol veribsə, o da eynisini verməyə hazırdı. Açıq desəm, mən onun dediklərində məntiq görmədim. Bu marşurutları müqayisə etmək çətin ki, düzgün olsun. Əminəm ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına alternativ yoxdur”.

Maraqlıdır, Paşinyan hakimiyyətinin buna imkan verməməsinin arxasında nə dayanır?

Sözgedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev Ermənistanın belə mövqe sərgiləməsini bir sıra amillərlə əlaqələndirdi: “Rusiya xarici siyasət idarəsinin rəhbəri Lavrovun açıq mətnlə 2020-2022-ci illərdə imzalanmış bəyanatlara istinad etməsini Ermənistan siyasi rəhbərliyinə növbəti xatırlatma kimi də dəyərləndirmək mümkündür. Lavrov bu məsələdə çox məntiqi yanaşma sərgiləyərək, məğlub dövlətin  düşdüyü ağır vəziyyətdə imzaladığı hər hansı bir sənəddən imtina etməsinin mənasız olduğunu qarşı tərəfə eyhamla bildirdi. Paşinyan imzaladığı bəyanatları kənara qoyaraq başqa tələbələr irəli sürməklə vəziyyəti daha da qəlizləşdirir. Ermənistanın Zəngəzur dəhlizinə nəzarətin Rusiya tərəfindən həyata keçirilməsinə qarşı çıxması bilavasitə Qərbin maraqlarından irəli gəlir. 10 noyabr 2020-ci ildə üçtərəfli razılaşmada bu öz əksini tapsa da, rəsmi İrəvan bundan yayınır. Çünki Qərb qətiyyən bunda maraqlı deyil. Yaxşı olardı ki, Lavrov bunu da xüsusi qeyd edəydi. Paşinyana arxa duran qərb Dövlətləri bu bəyanatın arxasından qaçmaqla, guya Ermənistanı dalandan xilas etməyə çalışırlar. Bu minvalla onlar Paşinyanı buna inandırmağa çalışırlar. Ancaq biz də çox yaxşı bilirik ki, Ermənistanı məhz Qərb dövlətləri yarı yolda qoyacaq. Bu hər zaman belə olub. Onsuz da Azərbaycan Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası üçün nə lazımdır edir. Zəngəzur dəhlizi çoxşaxəli olmaqla bütün bölgənin iqtisadi inkişafına səbəb olacaq. Ermənistan bu prosesdən kənarlaşdıqca itirən özü olacaq. Ən sonda onlar bu kommunikasiyaların açılması üçün bizə yalvaracaqlar. Hesab edirəm ki, o günlər uzaqda deyil”.

Vidadi ORDAHALLI

baki-xeber.com