AMİP-30

Arzuxan Əlizadə: “AŞPA ölkəmizə qarşı çox nankor və ədalətdən uzaq mövqe sərgilədi”

Avropa Şurası Parlament Assambleyası qış sessiyasında Azərbaycana “sürpriz” hazırlamışdı. Əsl sürprizi isə Azərbaycan AŞPA-ya yaşatdı. Nümayəndə heyətimiz bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən vaxtadək dayandırdı. 

AŞPA-nın ölkəmizə qarşı etdiyi həyasızlıq heç bir əndazəyə sığmır. Ən azından ona görə ki, Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür, amma üzv olduğu dövr ərzində nə AŞ-dən, nə də AŞPA-dan heç nə almayıb. Ancaq bu quruma çox şey verib. Məsələn, İslam ölkələri ilə Avropa ölkələrinin əməkdaşlığını özündə ehtiva edən Bakı prosesi bu baxımdan mühüm rol oynayıb. İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlığın qurulması bu baxımdan örnəklərdən biridir. Bir sözlə, Şərqlə Qərb sivilizasiyalarının yaxınlaşdırılmasında Azərbaycanın böyük rolu olub. Bütün bu görülən mühüm və vacib işlərin qarşılığında onlar ölkəmizə qarşı bax belə nankorluq etdilər.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Avropa qurumları Azərbaycana qarşı çox böyük ədalətsizlik edirlər: “Əvvəla, AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi belə ədalətsiz mövqe ümumən bizim üçün yad deyil. Ümumiyyətlə, Azərbaycan AŞPA-ya üzv olduğu 2001-ci ildən bəri bu təşkilatdan əsasən ermənipərəst münasibət görüb. Bu, özünü müxtəlif formalarda göstərib. Təşkilat bugünə qədər Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı faktına qarşı konkret mövqe sərgiləməyib. Praktiki əhəmiyyəti olmayan bir neçə formal bəyanatdan o tərəfə keçə bilməyiblər. Daha dəqiq desək, bunda maraqlı olmayıblar. Halbuki, AŞPA-ya üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Baxmayaraq ki, ilkin dövrlərdə Azərbaycanda bununla bağlı müəyyən gözləntilər var idi. Gözləntilər var idi ki, AŞPA, Avropa Parlamenti Ermənistanın təcavüzünü pisləyəcək addımlar atacaq. Ötən 23 il ərzində bunların heç biri edilmədi. Heç olmasa hansısa formada təcavüz edən tərəflə təcavüzə məruz qalan tərəfə fərq qoymaq olardı. Bunu da etmədilər. Çünki bunda maraqlı deyildilər. Ancaq Azərbaycan Qarabağda suverenliyini bərqərar edəndən Avropa təsisatları narahat olmağa başladılar. Həqiqətən də Azərbaycan Avropa ilə müsəlman dünyası arasında bir mənəvi körpü olub. Bakı bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib. Xristian və müsəlman sivlizasiyaları arasında dialoqa, qarşılıqlı anlaşmaya töhfə verib. Əfsuslar olsun ki, Avropa təsisatları bunların heç birini nəzərə almayaraq Azərbaycana qarşı çox nankor və ədalətdən uzaq mövqe sərgilədilər. Bu, həm də Avropa qurumlarında yaşanan siyasi-mənəvi böhranın göstəricisidir”.

Vidadi ORDAHALLI

baki-xeber.com