AMİP-30

Azərbaycan regionun əsas söz, güc sahibinə çevrilib – Arzuxan Əlizadə

“Regionda maraqlı olan güclərin nəzərləri Azərbaycanda keçirilən seçkilərə yönəlmişdi. İlk dəfə idi ki, Azərbaycanın bütün ərazilərində keçirilən seçkilər diqqətlə izlənirdi”.

Bunu hafta.az-a AMİP sədri Arzuxan Əlizadə Prezident seçkilərinin nəticələri və Cənubi Qafqazda cərəyan edən proseslərə, regionda sülhə təsirləri ilə bağlı açıqlamasında bildirib.

A.Əlizadə qeyd edib ki, 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri əvvəlcədən proqnozlaşdırlmışdı. Seçkilərin favoriti Prezident İlham Əliyev idi və xalq öz sözünü dedi.

“Azərbaycan regionun əsas söz, güc sahibinə çevrilib. Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqazda yeni siyasi düzən formalaşdırıb. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini əldə edəndən sonra ilk dəfə idi ki, bütün ərazilərində seçki keçirdi. Xalq bunu dəyərlədirdi”.

AMİP sədri qeyd edib ki, bu gün regionda Gürcüstan Abxaziya və Cənubi Osetiya bölgəsinin işğalda qalması faktı ilə üz-üzədir. Keçmiş post-sovet məkanı olan Moldovada, Ukraynada belə problem qalmadadır. Amma Azərbaycan işğal problemini birdəfəlik həll etdi və regionun əsas aparıcı dövləti olaraq hərbi, iqtisadi cəhətdən qüdrətli dövlət olaraq bir qədər də önə çıxdı.

A.Əlizadə bildirib ki, qarşıda bir çox hədəflər var ki, bunlardan biri Zəngəzur dəhlizi üzərindən proseslərin yönləndirilməsi ilə bağlıdır.

“Bir sıra qərb dövlətlərinin, ABŞ, şimal, cənub qonşularımızın hansısa formada prosesə müdaxilə etmək, prosesi həmin bölgə üzərindən nəzarətə sahiblənmək kimi çabaları var. Amma Azərbaycanla birlikdə qardaş Türkiyənin də proseslərin içərisində olması türk dünyasının güclənməsi, bütövlükdə Türkiyə-Azərbaycan tondeminin həlledici söz və güc sahibinə malik olması prosesləri Azərbaycanın, türk dünyasının xeyrinə yönləndirməyə imkan verəcək”.

A.Əlizadə hesab edir ki, bundan sonrakı dönəmdə hədəflərə çatmaq istiqamətində ciddi fəaliyyət göstərilməlidir və artıq bu yöndə addımlar görünür. O, bildirib ki, Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya, demarkasiya prosesinin şərtlərimiz daxilində həll edilməsi, regionda sülhə, sabitliyə nail olunması, Ermənistanla çərçivə sazişinin əldə olunması, kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizi üzərində nəzarətə nail olmaq və bu kimi istiqamətdə addımlar atılmaldır ki, artıq bu barədə anonslar verilib.